• şənbə, 20 Aprel, 16:59
  • Baku Bakı 23°C

Doğru reklam, doğru seçim

07.05.16 11:19 1341
Doğru reklam, doğru seçim
Azərbaycanda reklamda yalan məlumatlardan bilərəkdən istifadə etməyə görə cəzalarla bağlı müəyyən dəyişikliklər edilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni dəyişikliklərin edilməsi təklif olunur. Məcəllənin hazırkı variantına görə, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda şəxs min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni layihədə isə təklif edilir ki, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda şəxs cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda ziyan vurduqda şəxs vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təbii ki, reklam bazarında müxtəlif problemlərin olması hamıya məlumdur. Bunlardan ən mühüm olanı isə reklamlarda verilən yalan məlumatlardır. Belə ki, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti) barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq, istehlakçını qəsdən yanlış istiqamətləndirən reklam isə bilərəkdən yalan reklam hesab olunur. Qeyri-dəqiq və bilərəkdən yalan reklamların yayımlanması qadağandır. Lakin mağazalarda olan saxta endirim kampaniyaları, müxtəlif kosmetik vasitələr haqqında yalan məlumatların olduğu reklamların sayı kifayət qədərdir. Saxta reklamlara inanaraq işbazların qurbanı olan yüzlərlə insan var. Bəs bu məsələlər necə tənzimlənməlidir? Qanunun sərtləşdirilməsi hansı müsbət nəticələr verəcək? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə verdiyi açıqlamada qeyd etdi ki, bu sahədə olan bəzi problemlər hələ də öz həllini tapmayıb: "Reklam haqqında” qanunun icrası ilə bağlı hazırda müəyyən problemlər var. Hökumət bu sənədi tam olaraq işləyib hazırlamayıb. Bu qanunda reklam haqqında vacib olan bir çox məqamların əks olunmasına baxmayaraq, bəzi problemlər hələ də qalır”.
Millət vəkili bildirdi ki, bütün bu amillər reklam bazarında böyük bir xaos və özbaşınalığın yaranmasına gətirib çıxarıb: "İstehlakçıları aldatmaq məqsədilə xüsusi reklamlar yayımlanır. Bu reklamlara isə faktiki olaraq ciddi nəzarət edilmir. Azərbaycanda reklam bazarının izahat mexanizmi tam təmin olunmur. Bu mexanizm bizim təqdim etdiyimiz qanun layihəsində göstərilsə də, qanunun icrası həyata keçirilmir. Ona görə də hesab edirəm ki, bununla bağlı edilən dəyişikliklər öz müsbət təsirini göstərəcək”.
Hüquqşünas Asif Abdullayev deyir ki, mənfi halların yaşanmaması üçün qanunlar daha da sərtləşdirilməlidir: "İstehlakçıların seçim hüququna təsir edən, əsassız informasiyalarla bağlı olan reklamların sayı çoxdur. Ümumiyyətlə, hesab edirəm ki, cəzaların sərtləşdirilməsi çox düzgün qərardır. Hətta mən deyərdim ki, qaydalar nəzərdə tutulduğundan da ağırlaşsa, daha yaxşı nəticələr əldə etmək olar. Çünki buna ehtiyac var. Reklamların məzmununa ciddi şəkildə nəzarət olunmalıdır ki, belə mənfi hallar tez-tez yaşanmasın. Bura təkcə KİV-də yayımlanan reklamlar aid deyil. Ümumiyyətlə, küçə reklamlarının, nəqliyyatda yerləşdirilən reklamların, bir sözlə, bütün reklamların mətninə və məzmununa ciddi şəkildə nəzarət mexanizmi olmalıdır. Qanunların sərtləşdirilməsi müsbət haldır. Amma sırf qanunları sərtləşdirməklə nə isə əldə etmək çox çətindir. Əgər düzgün şəkildə nəzarət olmayacaqsa, sanksiyaları artırmağın heç bir mənası yoxdur. Hər halda yeni qanunun müsbət nəticə verəcəyini söyləmək olar. Reklamlarda verilən yalan məlumatlarla mübarizədə bu qanun öz töhfəsini verəcək”.
Hüquqşünas deyir ki, qaydalara əməl olunması təmin olunmalıdır: "Daha ciddi maliyyə təsirləri və yaxud azadlıqdan məhrumetmə ilini artırmaq lazımdır. Bu, formal şəkildə deyil, real olaraq həyata keçirilməlidir. Belə olduğu təqdirdə bu kimi hallar gələcəkdə təkrarlanmayacaq. Reklamlarda qəsdən yalan məlumat vermək istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu zaman qeyri-sağlam rəqabətə zəmin yaranır. Həqiqətə uyğun olmayan reklam yaymaqla kimsə öz adına əsassız şəkildə dəyər qazanır. Bu isə mülki hüquq pozuntusu hesab olunur”.
Məsələ ilə bağlı reklam şirkətlərindən biri ilə də əlaqə saxladıq. Şirkətdən aldığımız məlumata əsasən, onlar yalnız küçə reklamları ilə məşğul olurlar. Şirkət reklamları müxtəlif qurumlardan əldə edir: "Əslində burada verilən məlumatların tamamilə doğru olub-olmadığını müəyyən etmək heç də asan məsələ deyil. Məsələn, diş məcunu reklamında tam dəqiq statistika verilir ki, dünyada bu qədər insan bu məhsuldan istifadə edir. Bu, nə qədər doğru ola bilər ki? Bizə verilən reklamlarda olan bütün məlumatların doğruluğuna varsaq, digər işlərə, ümumiyyətlə, vaxtımız qalmaz. Ona görə də hesab edirəm ki, belə bir ümumiləşdirmə aparmaq düzgün deyil. Bu kimi məlumatların dəqiqliyinə əslində aidiyyatı qurumlar nəzarət etməlidir. Adətən bizə verilən reklamlar hazır dizayn edilmiş şəkildə gətirilir. Çox nadir hallarda reklamın dizaynına və məlumatlara bəzi düzəlişlər edirik”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər