• cümə, 29 Mart, 03:55
  • Baku Bakı 7°C

Dorian Veynin seçimi

24.12.18 12:00 1696
Dorian Veynin seçimi
Xəstəxanadan evə gələndən sonra isti suyun altında günün yorğunluğunu "əynindən çıxarmaq” istəyirdi. Bədəninin təzə dəsmalla təması onu gecənin dərin yuxusuna hazırlayacaqdı. Amma yatağa uzanan kimi yuxusu ərşə çəkildi. Əlini uzadıb gecə lampasının yanında qalaqlanmış kitablardan birini seçdi. Bu, Oskar Uayldın "Dorian Qreyin portreti” idi. "Adaşıq ki” – öz-özünə mızıldandı. Səhər o, əməliyyatxanaya yaxınlaşmamış hələ uzaqdan Şostakoviçin "İkinci valsı”nın sədaları artıq bütün dəhlizi başına götürmüşdü. O yan-bu yana şütüyən ağ xalatlı həkimlər, tibb bacıları, sanitarlar kafel üzərində rəqs edən kavaler və xanımları xatırladırdı. Amma əməliyyatxanadan qalxan isti qanın buxarı və ürəkbulandıran ətri bu xülyanı elə yerindəcə dağıdırdı.
Brrrrr. Əməliyyatxanaya daxil olanda əti ürpəşdi. Necə də soyuqdu. Zəhrimar qanaxmanın qarşısını almaq üçün soyudulan əməliyyat otaqları buz dolablarını xatırladırdı. Xəstəxananın məşhur melomanı, dəlisov və ekssentrik cərrah Boyld həmişəki kimi alətləri əlində valsı zümzümə edə-edə işini görürdü. Dorian isə həmin bu Boyldun yeni assitenti idi. Hələ ki, bir yerdə rahat işləyə bilmirdilər, bir-birilərinə alışmamışdılar. Amma Dorian rezidenturanı bitirənə qədər Boyldun təsiri və demək ki, həm də valsın əsarəti altında olmalı idi. Günlər, xəstələr, əməliyyatlar və əməliyyatsonrası duş proseduraları bir-birini əvəz edirdi. O, az qala adaşı barədə kitabı da yarılamışdı. Amma yuxusunun keyfiyyəti heç dəyişmirdi – gec yuxuya gedir, çox ayıq yatırdı. Bir gün yuxusu o yana, bütünlükdə həyatı dəyişdi.
Boyld gecə növbəsinə qalırdı və əlbəttə ki, Dorianı da özüylə saxlayırdı. Gecə növbəsi sakitcə öz axarı ilə gedirdi. Birdən səsgüclənidirci qurğu vasitəsilə Boyldu təcili əməliyyat otağına çağırdılar. Təzə xəstə gətirmişdilər. Bardan çıxan zaman içkili vəziyyətdə motosiklet qəzası törədən cavan, qarayanız oğlan idi. Boyld öz assisentinə işarə edərək, alətləri hazırlamağı və onu geyindirməyə kömək etməyi tapşırdı. Vaxt itirmək olmazdı. Oğlan başından ağır yaralanmışdı. Görünür, qoruyucu kaskası yox idi. Bu kaska taxmamaq vərdişi ona və xəstəxana heyətinə baha başa gələcəkdi.
Sanitarlar oğlanın qanlı paltarını soyundurana qədər həkimlər geyindilər, alətləri dezinfeksiya məhlulundan çıxarıb, masaya yaxınlaşdılar. Dorian oğlanın üzünü pambıqla silib saçlarını əli ilə arxaya itələdi. Boyld özünəməxsus soyuqqanlılıqla sanitarlara təşəkkür edib onları əməliyyatxanadan çıxardı. Skalperi əlinə aldı, onu oğlanın başına tərəf aparanda bir anlıq dayandı və əlüstü Doriana baxıb, gözlərini qaçırdı, sonra oğlanın böyrək tərəfini kəsməyə başladı.
– Dok, neyləyirsiniz? Onun başı zədələnib. Başının qanını dayandırmalıyıq.
– Dorian, qulaq as. Onu xilas edə bilməyəcik. Başından ağır zədə alıb. Onsuz da, öləcək. Ölməsə, ömürlük əlil olacaq, ya da aparatlara qoşulub, bitki kimi həyatına davam edəcək. Amma biz onun böyrəklərini xilas edə bilərik. Dünən mənə sifariş gəlmişdi. Çox varlı bir adam qızı üçün böyrək axtarır. Bəxtimiz gətirsə, bu oğlanın böyrəyi o qıza uyğun gələr. Biz də varlanarıq. Bilirsən, nə qədər pul təklif edib? Heç ağlına da gəlməz. Dorian, yatma. Nə donub qalmısan? Kömək elə.
Qonşu otaqdan buz konteynerləri gətir. Onları indi çıxardacam.
– Dok, yox, yox. Axı... Biz... Biz onu xilas edə bilərik axı.... Biz onu xilas etməyə heç cəhd də eləmirik. Dok, xahiş edirəm, o cavandır. Uzdən lap uşağa oxşayır.
– Dorian, gic-gic danışma. Tələs. Narkoz təsirini göstərməyə başlayır. Oğlanın hələ yiyəsi də tapılmayıb. Bəlkə də, avaranın biridir. Amma böyrəyi almaq istəyənlər heç də avara adamlar deyillər. Mən onlara söz vermişəm. Və bu böyrək onlara çatmasa, bilirsən bizə neyləyərlər? Mən onlara nə deyim, deyim ki, köməkçimin ilbiz boyda vicdanı sızladı, qoymadı böyrəyi çıxaram? Nəyi gözləyirsən? Konteynerləri gətir, teeeez oooool...
Dorian həkimin əlində buğlanan böyrəyə baxdı, köksündə döyünən ürəyinin səsini dinləyərək konteynerin dalınca qaçdı. Həmin gecə Boyldun qarayanız oğlanın böyrəyini ələ keçirdiyi, Dorianın isə ürəyini iblisə bağışladığı gecə kimi tarixə düşdü...
Dorian kitabı bitirmişdi, güzgüyə baxmağa qorxurdu. Üzünün eybəcər formaya düşdüyündən əmin idi. Şostakoviçin valsı ona indi iblislərin simfoniyasını xatırladırdı. Boyldun niyə bu valsın sədaları altında əməliyyat etdiyini anlamağa başlamışdı. O, günahkar əməllərini bu musiqinin sədaları altında ört-basdır edirdi. Bütün maskarad bundan ötrü idi. Boyld isə bilmirdi, bilmirdi ki, böyrəksiz qoyduğu bu yiyəsiz gənc onun əziz-xələf qızının – Ceynin sevgilisi və onun cəmi səkkiz ay sonra dünyaya gələcək körpəsinin atasıdır. Boyld öz gələcək nəvəsinin atasını öldürmüşdü. Bunu, hələ ki, yalnız göydə bilirdilər. Yerə xəbər gəlib çatmamışdı...
– Dorian, Dorian. Hardasan? Tez ol. Təcili xəstəxanaya gəl.
– Nə baş verib?
– Heç nə, axmaq. Təzə xəstə gətiriblər. Yiyəsiz adama oxşayır. Məndə ürək sifarişi var. Özünü bura çatdır.
– Dorian gecə lampasının yanındakı kitaba nəzər saldı. Gülümsədi.
– Gəlirəm...
Hardasa Şostakoviçin ikinci valsı çalınırdı. İblislər rəqs edirdilər...

Günel Eminli




banner

Oxşar Xəbərlər