Doqquz ildən sonrakı tələbəlik və ya tunelin sonundakı işıq...
Orta
məktəbi bitirəndə mənim də arzum vardı - ali məktəbdə oxumaq istəyirdim. Bir çox gənclər kimi. Alaqapının
aşağısındakı boşluqdan hər gün poçtalyonun gətirəcəyi qəzetləri gözləyə-gözləyə
nə vaxtsa jurnalist olacağımla bağlı xəyallarımı qururdum. Evdə arzuma qarşı
çıxan da yox idi.
Atam
köhnə "Pobeda”sını 300 km
Bakıya sürüb məni qəbul imtahanlarına gətirdi. Gecəni yol gəldik. Yolboyu ürəyimdə "instituta daxil olmasam, atamın üzünə necə
baxacam?” düşüncələri mənə rahatlıq vermirdi. Kitab əlimdən düşmədiyindən,
qohum-qonşu da instituta daxil olacağımı səbirsizliklə gözləyirdi.
Mənim
kimi abituriyentlər minlərlə idi. Növbəti ilə qədər arzularının yolu dəyişənlər,
peşə təhsilinə yönələnlər, baş götürüb Rusiyaya gedənlər, ailə quranlar...
vardı. Ancaq bir arzuya çatmamaqla bütün həyatın üzərindən gözüyumulu xətt çəkmək
heç kimin ağlına gəlmirdi. Həyat yenə öz axarı ilə gedirdi...
Qəbul
imtahanlarından kəsilməsəm də, instituta daxil ola bilmədim. Onda "balım
çatmadı” deyirdilər. Nə gizlədim, bir az qohum-qonşudan, bir az evdəkilərdən
utanan kimi idim. Suda boğulan saman çöpündən yapışan kimi, hərdən bəxtimdən,
ya şansımdan gileyləndiyim də olurdu. Düzü, "bu il olmasın, gələn il olsun...”
təsəlliləri mənim üçün əsil ümidə çevrilmişdi. Atam da hey eyni sözləri
deyirdi. Yadımdadır, işdən gələndən sonra mənim əhvalımı nəzərə alıb bizi ailəlikcə
dəniz kənarına gəzməyə apardı. Yol boyu da "şükür Allaha, atan sağ, anan sağ,
bacı-qardaşın sağ, niyə darıxasan ki? Bu il olmasın, gələn il olsun...”
deyirdi. Bundan böyük təsəlli ola bilməzdi.
Atamın
özünün ali təhsili yox idi, amma oxumağın insan həyatında yerini yaxşı bilirdi.
Zarafat deyildi, təsadüfi qəza üzündən həbs olunan qardaşının məhbəsdə mühəndis
kimi təhsil almasına kömək etmişdi. "Qabusnamə”ni, Pənahi Makulinin "Gizli
zindan”ını, M.S.Ordubadinin romanlarını, Məhsətinin qəzəllərini, Səməd Vurğunun
lirikasını ilk dəfə evimizdə görmüşdüm. Kimsə atamdan aldığı kitabı
qaytarmamışdı deyə, arada söylənirdi də. Bəlkə oxumağa ilk həvəsim elə o
kitablardan gəlmişdi.
Ancaq
instituta daxil olmaq üçün mənə nə az-nə çox - düz 9 il gözləmək lazım gəldi.
Arada xəyal qırıqlığına uğrasam da, ümidimi itirmədim. İnsanların öz
arzularının və istəklərinin arxasınca getməsinin onları uğura apara bilən ən
gözəl yol olduğuna özümü inandırmışdım. Qalmışdı başqalarını inandırmaq.
Hansısa kitabdan oxuduğum fikirlər də yaddaşımda iz salmışdı: "Tunelin
sonundakı işıq...”. Bu işığa tapınıb hər
il instituta hazırlaşdım, bəzən heç qəbul imtahanlarında iştirak etmədim, amma
yenə inamıma güvəndim: "Bir gün instituta qəbul olunacam” ümidini itirmədim. Mənə
heç tənə edənlər də olmadı, əksinə, iradəmə, qətiyyətimə qibtə ilə baxdılar.
Yaşıdlarım arzularını bəzən ailə, bəzən iş qayğıları ilə dəyişəndə mən istəklərimə
əvəz axtarmadım. Qəlbimdə qurduğum xəyallara doğru getdim, onların bir gün gerçək
olacağına inandım. İşdən imkan tapdıqca oxudum, imtahanlara hazırlaşdım...
Nəhayət,
ilk test imtahanlarında mənim də taleyimə tələbəlik yazıldı. Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinə - xəyallarımın ali məktəbinə qovuşdum.
Səbir, iradə, dözüm, zəhmət sonda qalib gəldi. Mən tələbə idim...
İnstituta
daxil olanda qohum-qonşunun sevincdən yüyürərək həyətimizə məni təbrik etməyə gəlmələri
yadımdadır. Hələ mənimlə birgə illərlə səbir və dözüm göstərən, daim könlümü
alan atamla anamın sevinci... İşləyə-işləyə institutu bitirdim. Həyatda arzuya
çatmağın yolunun qətiyyətdən, insanın iradəsindən asılı olduğuna təkcə özüm
inanmadım, həm də çoxlarını inandırdım.
Bu
xüsusiyyət məni sonralar da tərk etmədi: arzular qurmaq, onların ardınca getmək
və nə olursa-olsun onların reallaşması üçün çaba göstərmək.
İndi
imtahandan yüksək bal toplaya bilməyən gənclərin ümidsizliyə qapılmalarını eşidəndə,
intihara əl atmaları xəbərini oxuyanda, öz həyatım göz önümə gəlir. Ali məktəbə
qəbul olunmağı az qala bütün həyatla eyniləşdirən gənclərin ümidsizliyinə çöx
üzülürəm. İnstituta qəbul olunmamaq həyatın sonu deyil, əksinə, bəlkə hər şeyin
başlanğıcıdır. Yeni planlar qurmaq, dolğun ideyalarla yaşamaq, çalışmaq, zəhmətə
alışmaq, arzular uğrunda mübarizədir... İnkişafda olan dünyanın yeni trendləri
ilə tanış olmaq üçün imkanlardır. Fikirləşmək, düşünmək, yenidən götür-qoy etmək
üçün vaxtdır, zamandır, fürsətdir.
Sadəcə,
valideynlər də bu dönəmdə övladlarının yanında olsalar yaxşıdır. Hələ bərkiməyən
çiyinlərinə əllərini qoymaq, onlara mənəvi dəstək olmaq, arzuya doğru açmaq istədikləri
cığırlarda yol göstərmək üçün. Bu dünyada ən kiçik deyil, ən böyük arzuya belə
çatmamağın həyatın sonu olmadığını anlatmaq, onları həyata, onun təbii zərbələrinə
hazırlamaq üçün. Tunelin sonundakı işığın onları daha böyük yollara
qovuşduracağına inandırmaq üçün...
Təranə
Məhərrəmova
Əməkdar
jurnalist