• cümə, 29 Mart, 12:49
  • Baku Bakı 14°C

Donald Trampın mesajları dünyaya və Azərbaycana nə vəd edir?

24.01.17 12:00 1083
Donald Trampın mesajları dünyaya və Azərbaycana nə vəd edir?
Asim Mollazadə: "Yeni administrasiya Amerikanın milli maraqlarından irəli gələrək, Azərbaycanla da münasibətləri inkişaf etdirəcək”

Hikmət Məmmədov: "Yaxın 4 ildə də ənənəvi Amerika siyasətinin şahidi olacağıq”
Yanvarın 20-də Amerikanın yeni prezidenti Donald Trampın Vaşinqtonda andiçmə mərasimi keçirilib. ABŞ-ın 45-ci prezidenti mərasimində nitq söyləyərək mənsub olduğu cəmiyyətə və dünyaya yeni mesajlarını çatdırıb. Amerikanın daxilinə xitab edən D.Tramp "hər şey Amerika və amerikalılar üçün” mesajını verib. O, ölkəsini təkrar təsis etmək istəyini diqqətə çatdıraraq, hər kəs tərəfindən buna çox yaxşı cəhdlərin edildiyini, Amerika və dünyanın bu əziyyətin nəticələrini görəcəyini vurğulayıb. ABŞ-ın yeni prezidenti qarşıya əziyyətlərin, çətinliklərin çıxacağını, amma əsas məqsədə nail olunacağını söyləyib. O, təhsil sisteminin pul içində boğulduğunu, ancaq gənclərin və uşaqların təhsildən məhrum edəcək şəkildə təsis edildiyini bildirib. Qeyd edib ki, cinayətkar qruplar, kriminal təşkilatlar bir çox insanın həyatını məhv edib. D.Tramp bütün bu kimi hekayələrin artıq sona çatdığını bəyan edib. Yeni prezident bu günə qədər Amerika sənayesinin çətinliyə salınaraq, beynəlxalq ticarətə yönləndirildiyini, hərbi gücü, ordunu zəiflədəcək hərəkətlərə yol verildiyini, trilyonlarla dolların xaricdə xərcləndiyini xatırladıb. Bildirib ki, bütün bunlar olduğu zamanda Amerikanın potensialı, alt quruluşu təmir edilməsi mümkünsüz bir pozuqluğa doğru irəliləməyə başlayıb, ABŞ digər ölkələri varlandırarkən özündə rifahı tədricən itirib, investorlar ölkə ərazisindən uzaqlaşıb. Beləliklə, milyonlarla amerikalı işçinin yarı yolda qoyulduğunu, orta sinfin rifahının dünyadakı fərqli yerlərə səpələndiyini diqqətə çatdıran D.Tramp bundan sonra ancaq gələcəyə baxılacağını vurğulayıb.

D.Tramp ölkə vətəndaşlarına müraciət edərək deyib ki, insanları yarı yolda qoymayacaq, körpülər, hava limanları, tunellər cəmiyyətin xidmətinə təqdim ediləcək. ABŞ-ın 45-ci prezidenti bəyan edib ki, insanları işsizlik maaşından çıxarıb, təkrar işlə təmin edəcək. O, bu istiqamətdə 2 bəsit qaydanı tətbiq edəcəyini söyləyib: hər şey amerikanlar tərəfindən ediləcək və amerikanlar işə götürüləcək. D.Tramp bütün dünyadakı cəmiyyətlərlə dostanyana münasibətlər quracağını da vəd edib. Hər cəmiyyət və ölkənin öz öncəlikləri, prioritetləri daxilində irəliləməyi tərcih etdiyini xatırladan yeni prezident bildirib ki, ABŞ da öz öncəlikləri ilə parlayacaq. D.Tramp çıxışının sonunda radikal islamçı terroristlərə qarşı mübarizə aparacağını, onları Yer üzündən tamamilə siləcəyini vurğulayıb.

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə D.Trampın andiçmə mərasimində verdiyi mesajların dünyaya və Azərbaycana nə vəd etdiyini "Kaspi”yə şərh edib. Millət vəkili bildirib ki, ABŞ-ın yeni prezidentinin əsas marağı ölkəsini daha da güclü etmək, o cümlədən iqtisadiyyatı inkişaf etdirmək, Amerikada infrastruktur layihələr həyata keçirmək, yeni sərmayələr cəlb etməkdən ibarətdir. Deputatın fikrincə, yeni prezident ABŞ-ın dünyadakı nüfuzunu bərpa etməyə çalışacaq: "Barak Obama administrasiyasının siyasəti nəticəsində ABŞ-ın dünyadakı nüfuzu kifayət qədər aşağı enmişdi. Amerikanın həm müttəfiqləri ilə münasibətlərdə, həm də digər ölkələrlə münasibətlərində gərginlik müşahidə edilirdi. Bununla əlaqədar bir sıra məsələlərin həllindən yayınmaq, dünyanın bir çox yerlərində müəyyən problemlərə gətirib çıxardıb. Ona görə də Donald Tramp milli təhlükəsizlik və ölkə daxilində amerikalıların yeni iş yerləri ilə təmin olunmasını vəd edib. Bu vədlərin nə dərəcədə yerinə yetiriləcəyini, atılan addımların nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hazırda məğlubiyyətlə razılaşmayan solçu qüvvələr də öz etirazlarını bildirməyə çalışırlar. Bu məğlubiyyət təkcə prezident seçkilərində deyil, Konqresdə və digər seçkilərdə də müşayiət olunur. Həmin məğlub olan qüvvələr öz etirazlarını ifadə edir, emosiyalarını gizlədə bilmirlər. Beləliklə də Amerika cəmiyyətində müəyyən gərginlik hiss olunmaqdadır. Ümid edək ki, yeni administrasiya öz siyasəti ilə ABŞ-da sabitliyi, iqtisadiyyatın daha da inkişafını, ümumilikdə dünyada sabitliyi bərpa etmək istiqamətində zəruri addımlar ata biləcəklər”.

ABŞ-ın yeni administrasiyanın Azərbaycanla münasibətlərinə, bizim ölkəmizə yönəlik siyasətinə gəlincə, A.Mollazadə prezident seçkilərdə qalib gələn qüvvələrin erməni lobbi dairələri, diasporu qarşısında hansısa öhdəliklərinin olmamasına diqqət çəkib. Bildirib ki, Azərbaycanın maraqları baxımından bu, yaxşı haldır: "Bundan öncəki ABŞ administrasiyasının ən yüksək vəzifəli şəxsləri 907-ci düzəlişin müəllifləri idi. Onların erməni diasporu ilə sıx bağlantıları var idi. Məhz həmin şəxslərin "fəaliyyəti” sayəsində ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirilmişdi. Ümidvaram ki, ABŞ-dakı yeni administrasiya, məsul vəzifələrə təzəlikcə seçilmiş şəxslər Amerikanın milli maraqlarından irəli gələrək, Azərbaycanla da münasibətləri daha müsbət istiqamətdə formalaşdıracaqlar. Onlar Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycanla münasibətlərin ABŞ-ın maraqlarına uyğun olduğunu anlayaraq, bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacaqlar”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Məmmədov da D.Trampın inauqurasiya mərasimində maraqlı mesajlar verdiyini dilə gətirib. Millət vəkili bu barədə qəzetimizə verdiyi açıqlamada bildirib ki, andiçmə mərasimində ABŞ-ın yeni prezidenti yalnız amerikalılara deyil, bütün dünyaya səslənib. O, D.Trampın çıxışında dünya xalqları ifadəsinin işlədildiyini xatırladaraq, bu ifadədə Amerikanın 45-ci prezidentinin iddialarının yer aldığını bildirib: "Donald Trampın çıxışı onun gələcək fəaliyyətinin çox mühüm hissəsini müəyyənləşdirir. Bu, onu deməyə əsas verir ki, Tramp dönəmində də biz, Amerika imperializminin şahidi olacağıq. ABŞ-ın öz hegemon mövqeyini qoruyub saxlaması üçün cəhdlər göstəriləcək, tədbirlər görüləcək. Tramp çıxışında qeyd etdi ki, bizim fəaliyyətimiz ABŞ-ın və dünyanın taleyində mühüm rol oynayacaq. Bu da çox ciddi mesaj sayılmalıdır. Əgər bu günə qədər Trampın fəaliyyətinin əsasən ABŞ mərkəzi ilə bağlı olacağı, daxili məsələlərlə maraqlanacağı, neft və sənaye məsələləri ilə məşğul olacağı planlaşdırılırdısa, o, andiçmə mərasimində işlətdiyi iki cümlə ilə bu gözləntiləri alt-üst etdi. Bu konsepsiyanı Azərbaycanla münasibətlər kontekstindən şərh etməyə çalışsaq, görərik ki, Trampın səsləndirdiyi dünya xalqları ifadəsinin içərisində bizim ölkəmiz də var. Azərbaycanla münasibətlərdə ABŞ-ın ayrıca siyasəti yoxdur. Bu münasibətlər daha çox Cənubi Qafqaz və postsovet məkanı münasibətləri içərisində öz əksini tapır. Tramp Azərbaycanla bağlı konkret fikir söyləmədiyindən, bu istiqamətdə daha dərin təhlil aparmaq qeyri-mümkündür. Əgər müqayisələndirməyə çalışsaq, belə qənaətə gəlmək mümkündür ki, yaxın 4 ildə də ənənəvi Amerika siyasətinin şahidi olacağıq. Bu münasibətlərdə isə nəyinsə ciddi şəkildə dəyişəcəyi barədə hər hansı işarələr yoxdur”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər