“Don Kixot”lar ölmür...
Çox zaman cəmiyyətdə elə insanlar olur ki, yaşanan
haqsızlıqlara baş əymək istəmir, özlüyündə bir dünya qurur ki, bu dünyada o, qəhrəmandır.
İstəyir ki, onun sayəsindən pisliklər dəf edilsin, onun sayəsində insanlar
mutlu-məsud yaşasın, xoşbəxt həyat bərpa olunsun. Lakin bu nə qədər mümkündür? Çox
zaman belə uydurmaları nağıllarda, əfsanələrdə duyduq, dinlədik. Zəmanəmizin
belə qəhrəmanları da oldu, olacaq da, sonu necə olur-olsun. Belə "qəhrəmanlardan”
biri də orta məktəb illərindən yaxşı tanıdığımız lamançlı Don Kixotdur. Yəqin
ki, onu tanımayan, amalının və məqsədinin nə olduğunu bilməyən az insan
tapılar. Kitablardan oxuduq, televizorlarda izlədik, son zamanlarda isə
tamaşalarına rast gəlirik. Əslində, nə qədər gözəldir, canlı-canlı Don
Kixotlarla qarşılaşmaq, başlarına gələn
gülməli, məzəli, kədərli əhvalatların şahidi olub, kənardan seyr etmək. Yox,
yox, elə düşünməyin ki, indi mən hamımızın bildiyi o məşhur Don Kixotdan
danışacağam. Haqqında fikirlərimi bölüşmək istədiyim obraz Əhmədağa – Don
Kixotdur.
Bu dəfə Dövlət Kukla Teatrında maraqla məşqini izlədiyimiz
tamaşa mərhum dramaturq Rəhman Əlizadənin
"Don Kixot Abşeronski” əsəri əsasında hazırlanan səhnə əsəridir. Tamaşaya
teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Bir hissəli müzikl kimi təqdim
olunan səhnə əsərinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı (mahnıların
sözləri Rəhman Əlizadənindir) Əməkdar artist Vüqar Camalzadədir. Düşünürəm ki,
tamaşanın fərqli olmasının bir səbəbi də var: Kukla Teatrının Don Kixotu 70
yaşlı olsa da, "min cavana dəyən”qeyri-adi
danışığı, yumoru, ədaları, zarafatları ilə seçilən Xalq artisti İlham Namiq
Kamaldır.
Bu dəfəki qəhrəmanımız
İspaniyadan deyil, elə yaşadığımız Bakıdan, daha dəqiq desək, Abşerondandır.
Ömrü boyu bəxti gətirməyən Əhmədağa həyatından, bir növ, bezib,
yeniliklər istəyir, baş verənlərə aydınlıq gətirmək, həyatında dəyişiklik etmək,
faydalı bir insan olmaq arzusundadır. Ətrafında olan hər kəsə lazımsız görünsə
də, o belə düşünmür. Səbəb? Əhmədağanın uşaqlıqdan dönə-dönə oxuduğu, özünə qəhrəman
seçdiyi və indi də hər kəsin köməyinə çatacaq Don Kixotu var. Bu günə qədər Əhmədağa
adının elə bir xeyir gətirmədiyini görən qəhrəmanımız özünü Don Kixot kimi qələmə
verir ki, bəlkə onun dedikləri insanları bəladan, çətinlikdən qurtarar. Axı,
hamının xəyalında bir qəhrəmanı olur. İnsan tənha qaldıqda özü olur. Artıq evdən
çıxırsansa, libasını dəyişib cəmiyyətə addım atırsan. Belə olduqda mütləq və
mütləq sən maskalaşırsan. Hər kəslə dialoqda bir maskada olmalısan. Don Kixot
da belə bir maskadır, amma hamıya qarşı bir maska. Ona görə də, Əhmədağa fikirləşir
ki, bəlkə uydurduğu qəhrəmanını dinləyərlər və o, milləti bataqlıqdan dartıb
çıxara bilən saman çöpü olar. Lakin tanıdığımız və bildiyimiz Don Kixot necə
uğursuzluğa düçar oldusa, Əhmədağa da eynilə bir işə yaraya bilmədi. Onun da
uydurduğu bu qəhrəman nə yaxşılıq etməyə çalışdısa, əksinə olaraq, düz
anlaşılmadı və ancaq problem yaratdı. İnsanları daha da qəzəbləndirdi və "artıq
adam”lardan biri oldu. Onun saf niyyətini, arzularını, istəyini anlayan
tapılmadı ki, tapılmadı.
Rəhman Əlizadənin əsərindən
fərqli olaraq, təbii ki, rejissor Qurban Məsimov tamaşaya öz yozumunu verib.
Sovet dövrünün sonlarında yazılan əsər rejissor yozumunda müasir dövrümüzlə səsləşir.
Məzəli hadisələrlə dolu tamaşada milli Abşeronski Don Kixotumuz, inanıram ki,
seyrçiləri darıxmağa qoymayacaq. Tamaşa dramatik sonluqla – Əhmədağanın
intiharı ilə bitsə də, rejissor final səhnəsini yumoristik formada həll edib.
Belə ki, Don Kixot, daha doğrusu, Əhmədağa sonda toz basmış zirzəminin içinə
düşəcək. Burada o, Stalinin, Leninin heykəlləri ilə, dünyasını dəyişmiş
aktyorların geyimləriylə və s. qarşılaşacaq və məhz bundan sonra öz faciəsini dərk
etməyə başlayacaq. Bu da rejissorun tamaşadakı maraqlı tapıntılarından biridir.
Axı, nə də olmasa, "Qəhrəmanlar ölmür”. Bununla yanaşı, rejissor Mirzə Ələkbər Sabirdən, Mirzə Cəlildən, Məhəmməd
Füzulidən, İmadəddin Nəsimidən, Əliağa Vahiddən nümunələr gətirərəktamaşaya
milli kolorit qata bilib.
Məşq prosesindən sonra tamaşanın rejisoru Qurban Məsimovun
da fikirlərini öyrəndik: "Özünütəsdiq problemi
yaşayan, gerçəkliyin burulğanında faciəsini dərk etməyə qorxan Əhmədağanın Don
Kixotlaşması özlüyündə maraqlıdır. Səhnə materialı alt qatdakı ideyaya impuls
üçün əvəzsizdir. Bununla Əhmədağa həqiqəti demək, cəmiyyətdəki əyriliklərə öz
münasibətini bildirmək istəyir. Amma ətrafındakı xoşagəlməzliklərə etirazını
özü kimi yox, Don Kixot olaraq bildirir. Düşünür ki, Əhmədağa olduğu halda onu
kimsə qəbul etməz, dinləməz. Ona görə də maska taxmaq, obraza girmək istəyir və
Don Kixota çevrilir. Axı o da yalana, ədalətsizliyə, haqsızlığa qarşı
vuruşurdu. Bu mənada tamaşa, Əhmədağanın mübarizəsidir. Təbii ki, Don Kixot
maskası ilə. Əsər sovetlərin dağıldığı dönəmdə yarandığından o dövr insanının
problemlərini önə çəkir, hədəf kimi kommunizm ideologiyasını göstərir. Ədəbi
materialdakı problemlərə bəşəri kontekstdən yanaşmağa çalışmışıq. Yəni bu
narazılıqlar, anlaşılmazlıqlar Yer kürəsinin hər yerində baş verə bilər. Əsas
faktor insandır və o, firavan bir cəmiyyət arzulayır”.
Bir zamanlar "İlham” miniatür teatrında Don Juan Abşeronskinioynayan, öz ədaları,
mizanları, zarafatları, özünəməxsus ifaçılıq üslubu ilə yaratdığı bütün
tamaşalarda yaddaşlarda qalan, istər milli, istərsə də xarici dramaturgiya
nümunələri əsasında hazırlanmış səhnə əsərlərində rəngarəng obrazlar canlandıran
sevimli aktyorumuz İlham Namiq Kamal ifa edəcəyi milli Don Kixotı haqqında bunları
danışdı: "Əhmədağa nə qədər Don Kixotlaşsa da, öz milliliyini, elmini, dünyadərkini,
təhkiyeyi-kəlamlarını unutmur. Sabirdən, Mirzə Cəlildən, Füzulidən, Nəsimidən
nümunələr gətirir, keçmişindən, milli və nəşəri ümumbəşəri dəyərlərindən qopmur və öz
yanğısını ifadə formasındakı müxtəlifliklərdən asılı olmayaraq, bir məqsədə yönəlir:
insanlığa. Bütün maddi dünyadan qopur və öz həqiqətinə çağırır. Tamaşaçıların
reaksiyası mənim üçün çox maraqlıdır. Hansı teatr olursa olsun, vacib olan
maraqlı tamaşa və ona maraqla baxan tamaşaçısıdır. Bu mənada önəmli olan yaxşı,
baxımlı tamaşa hazırlamaqdır. Belə olduqda tamaşaçı gələcək. Böyüklər üçün
hazırlanan bu tamaşada dünyanı dərketmə prinsipindən söz açılır. İnsanın
çirkablara müqavimət göstərib daxili təmizliyini saxlamaq əzmindən danışılır. Mənə
elə gəlir ki, Don Kixot da, Əhmədağa da saf insanlardır. Həyatda isə saf
insanları qorumaq lazımdır. Mən də onu o cür yaratmağa çalışacağam. Əgər
tamaşaçı da onu o cür qəbul etsə, bu həm də sənətin uğurudur”.
Nigar Pirimova
Tetarşünas