• çərşənbə axşamı, 23 aprel, 15:38
  • Baku Bakı 24°C

Domen bazarında “oxunan” qiymətlər

07.06.18 09:00 1431
Domen bazarında “oxunan” qiymətlər
Texnologiya sahəsi inkişaf etdikcə, qlobal biznes imkanları da genişlənir. Təsadüfi deyil ki, hal-hazırda dünyada ən çox gəlirli sahələrdən biri də məhz domen satışıdır. Ticarətin birinci qanunu olan "ucuz alıb baha satmalısan” prinsipi burada da əsas götürülür. Amma məsələ burasındadır ki, bəzi işbazlar domen satışı zamanı onu maya dəyərindən dəfələrlə baha qiymətə satır. Yəni ümumi formada desək 40, manata alınan domenlərə 40 min manat qiymət "oxuyurlar”. Bəs görəsən bu məsələ necə tənzimlənməlidir?
İT üzrə mütəxəssis Şaiq Muradovbizimlə söhbətində bildirdi ki, domenin satış qiyməti alıcı ilə satıcı arasında olan məsələdir: "Bu, bir növ ev, torpaq, maşın alğı-satqısına bənzəyir. Necə ki, insanlar ev, torpaq alıb dəyəri qalxandan sonra satırlarsa, eyni qaydada da domen satışını həyata keçirirlər. İnsanlar boş olan domenləri ucuz qiymətə alır, uzun müddət onun pulunu ödəyir. Bəzən hətta bunun üçün 10 ildən çox bir müddət ərzində ödəniş etməli olurlar. Amma bu işlə hər adam məşğul ola bilməz. Domen biznesi ilə məşğul olan xüsusi şəxslər və şirkətlər var. Domenlərin satışını şirkətlər və mütəxəssislər bu qaydada həyata keçirir. Əslində, məsələ təkcə Azərbaycan üçün xarakterik deyil. Bütün dünyada bu proses eyni qaydada davam edir. Qlobal biznesdə milyonlarla dollara satılan domenlər olur. Domenin satış qiyməti isə alıcı ilə satıcı arasında olan məsələdir. Digər məsələlərdə olduğu kimi, burada da tərəflər razılığa gəlir. Əgər hansısa domenə sahib olmaq istəyirsənsə, gərək keçmiş sahibi ondan imtina edə və yeni sahibini qeydiyyatdan keçirsin. Qlobal biznes mühitində isə satılan domenlərin ödəmələri onlayn formada həyata keçirilir. Hüquqi tənzimlənmə iki tərəf arasında olan münasibətdən asılıdır. Əgər kimsə xaricdən domen alırsa, əlavə dəyər vergisi tutulur. Yerli alış-verişlərdə isə digər biznesdə olduğu kimi tənzimlənir. Tərəflər arasında müqavilələr imzalanır və satış rəsmiləşdirilir. Vergidən yayınma məsələləri isə aidiyyəti orqanların işidir”.
Mütəxəssis Rəşid Əliyev bildirdi ki, məsələ dünyada ticarət markası haqqında qanunla tənzimlənir: "Əgər kimsə hər hansı bir domeni almaq istəyirsə və bu domen brend addırsa, ilk növbədə brendin sahibinə müraciət etməlidir. O, almaqdan imtina edirsə, satışa çıxarılır. Bu, tamamilə normal bir prosesdir. Belə olanda kimsə satışa çıxan domeni avtomatik ala bilir. Əgər domen biznesdə istifadə edilmirsə, yaxud brend sahibinin adından istifadə edilirsə, məhkəmənin qərarı ilə həmin şəxsdən alınaraq sahibinə verilə bilər. Amma ümumilikdə alınan domen istənilən qiymətə satıla bilər. Müəyyən edilən vergi ödənildikdən sonra domeni istənilən qiymətə satmaq olar. Sadəcə, 3 simvollu domenlərin satışına xüsusi nəzarət qoymaq olar. Azərbaycanda belə domenlərin satışına icazə verilmir. Qadağanın qoyulması texniki məsələlərlə bağlıdır. Çünki bizdə üç simvollu domenlər regionların adlarına uyğun hərif simvolları ola bilər. Şəhər, ölkə adlarının qısaldılmış domenlərinin satılmasının qarşısını almaq üçün onların satışı ləğv edilib. Amma dörd və yuxarı simvollu domenlərin satışı sərbəst qaydada həyata keçirilir. Kimsə domeni alırsa, ona investisiya yatırır. Sonrakı dövrdə domeni satmaq istəyirsə, onu istədiyi qiymətə sata bilər. Burada əsas məqam alınan domenin brend adının olub-olmamağıdır. Əgər sahibi varsa və bunu almaq istəyirsə, tərəflər razılığa gələ bilərlər. Əgər razılıq əldə olunmursa və qiyməti həddən artıq baha qoyulursa, məhkəmə yolu ilə domeni almaq olar. Domenin satışı nağd pulla həyata keçirilirsə, ona görə heç bir vergi tutulmur. Domeni alan şəxs alış-satış prosesi zamanı ƏDV-ni də ödəyir. Onun hansı qiymətə satmaq həmin şəxsin özündən asılıdır. Heç kim heç kimə göstəriş verə bilməz”.
İT üzrə ekspert Namət Məmmədzadəbildirdi ki, ticari qanunlar burada da əsas götürülür: "Bunu nəinki Azərbaycanda, heç dünya ölkələrində tənzimləyən bir qanun yoxdur. Məsələni tənzimləmək üçün iana.com ilk növbədə nəzarəti öz əlinə almalıdır. Amma tənzimləmələr digər sahələrdə olduğu kimi domen sektorunda da "qara bazar"ın yaranmasına səbəb ola bilər. Ona görə də belə bir tənzimlənməyə ehtiyac yoxdur. Çünki dünyada bütün ticari qanunlar ucuz alıb baha satmaq prinsipi ilə işləyir. Əgər kimsə domeni birinci alıbsa, bu, artıq ona məxsusdur. O, domeni istədiyi qiymətə sata, yaxud ümumiyyətlə, satmaya bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər