• cümə, 19 Aprel, 07:19
  • Baku Bakı 13°C

Dollarla verilən kreditlərin faizi aşağı düşəcək

26.06.15 13:25 2251
Dollarla verilən kreditlərin faizi aşağı düşəcək
Ekspertlər bu prosesin mərhələli şəkildə olacağını proqnozlaşdırırlar

Devalvasiyadan sonra əhali manatın ucuzlaşmasından ehtiyat etdiyi üçün əmanətlərini banklarda yerli valyuta ilə deyil, dollarla saxlamağa üstünlük verdi. Buna görə də əhali əlindəki pulu dollara çevirib, banklarda əmanət olaraq yerləşdirməyə başladı. Buna görə də banklarda dollar ehtiyatı çoxaldı və manata olan tələbat azaldı.
Vəziyyətdən çıxış yolu olaraq kommersiya bankları dollarda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini kəskin aşağı salıblar. “Marja”nın məlumatında, əhalinin dollar əmanətinə axınının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollarda yerləşdirilən əmanətlər illik 2-8% dərəcəsi ilə qəbul edilir. Halbuki bir müddət əvvəl, banklar manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini 14%-dək qaldırmışdılar. Məsələn, hazırda müddətindən asılı olaraq dollar hesablı əmanətləri Kapital Bank 2-6,5%-lə, AccessBank 3-5%-lə, Yapıkredi Bank Azərbaycan 2-5%-lər ilə qəbul edir. Digər banklar da, xarici valyutada qəbul edilən əmanətlər üzrə faiz dərəcələrini aşağı salıblar. Hazırda banklar manat ilə yerləşdirilən əmanətlərə daha yüksək faiz təklif edirlər. Manat ilə yerləşdirilən əmanətlər bankdan və müddətindən asılı olaraq 12-16%-lər ilə qəbul olunur.
İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, dollarla yerləşdirilən əmanətlərin faiz dərəcəsinin aşağı salınması gözlənilən idi. Çünki əmanətlərdə dollarlaşma prosesi gedirdi. Bu isə nəinki Azərbaycan bank sektoru üçün, eyni zamanda manatın stabilliyi baxımından olduqca riskli idi: “Çünki əmanətlərin dollarlaşması bu valyutaya tələbatın yüksəlməsinə və manat təklifinin artmasına səbəb oldu. Bu da Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla yanaşı, manatın məzənnəsini qoruyub saxlamağı xeyli çətinləşdirirdi. Belə olan halda manatla olan əmanətlərə maraq azalmışdı. Vətəndaşlar əmanətini manatla deyil, dollarla saxlamağa maraq göstərirdi”.
İqtisadçının sözlərinə görə, əməliyyatın valyuta növünü seçməkdə vətəndaşlar sərbəstdirlər. Sadəcə olaraq, dollarla qoyulan əmanətlərdə faizin aşağı salınmasında məqsəd manatla əmanət yerləşdirməyə marağı artırmaqdır: “Bir tərəfdən manat mərhələli möhkəmlənir. Bu, vətəndaşlarda hansı valyuta ilə yığımın edilməsi ilə bağlı müəyyən suallar formalaşdırır. Digər tərəfdən, dollarla əmanətlərdə faiz dərəcəsi aşağı salınıb, manatda isə yüksəkdir. Əgər vətəndaş öz pulunu banka manatla qoyacaqsa, manat ifadəsi ilə daha çox pul qazanacaq. Dollarla yerləşdirdikdə isə manat ifadəsi ilə daha az qazanacaq. Dollarla olan əmanətlərin faiz dərəcəsinin aşağı salınması vətəndaşlara manatla olan pullarını elə yerli valyuta ilə banklara yerləşdirməsinə şərait yaradacaq. Eyni zamanda manatla olan pullarını dollara çevirib əmanət qoymasının qarşısını alacaq. Burada məqsəd dollarlaşma prosesinin qarşısını almaq, manata olan tələbatı artırmaq, xarici valyutalara tələbi azaltmaq və bununla maliyyə stabilliyinə nail olmaqdır. O baxımdan dollar üzrə yerləşdirilən əmanətlərə manata nisbətən daha az faizin hesablanmasının tərəfdarıyıq”.
V.Bayramovun sözlərinə görə, müqayisə aparsaq, hazırda manat xüsusilə son iki ayda möhkəmlənib: “Apardığımız monitorinqlər göstərir ki, bu gün valyutadəyişmə məntəqələrində dollar qıtlığı yoxdur. Vətəndaşlar istənilən həcmdə dollar almaq imkanına malikdirlər. Bu onunla bağlıdır ki, devalvasiyadan sonra vətəndaşlar təcili şəkildə qısa zamanda pullarını dollara dəyişməyə üstünlük verdilər. Amma manatın stabilləşməsi vətəndaşlarda yerli valyuta ilə pullarını saxlamaqla bağlı riskləri xeyli azaltdı. Ona görə düşünürəm ki, dollarla olan əmanətlərdə faiz dərəcələrinin aşağı salınması manatla əmanət qoyuluşunun artmasına səbəb olacaq. Şübhəsiz, bu, qısa müddətdə baş tutmayacaq. Bunun üçün müəyyən vaxt tələb olunacaq”.
V.Bayramov deyir ki, dollarla əmanətlərin faiz dərəcəsi aşağı salınması kreditlərdə də öz təsirini göstərməlidir: “Əgər dollarla əmanətlər aşağı faizlə verilirsə, praktiki olaraq dollarla təklif edilən kreditlərdə də faizlər aşağı salınmalıdır. Bank pulu vətəndaşlardan aşağı faizlə alırsa, daha aşağı faizlə də kredit təklif etməlidir. Amma hələlik bu, yenilik kreditlərə təsir etməyib. Güman olunur ki, gələcəkdə dollarla təklif edilən kreditlərin faizi aşağı düşəcək”.
İqtisadçı ekspert Samir Əliyev isə deyir ki, banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər. Əllərində olan dollarları istifadə edə bilmirlər. Bir tərəfdən xaricdən cəlb edilən resurslar, digər tərəfdən əmanətlərin son vaxtlar sürətli dollarlaşması banklarda dollar resurslarını kəskin artırıb: “Xüsusən də banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması az qala bankların “baş ağrısı”na çevirib. Əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər. Həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur”.
İqtisadçı deyir ki, devalvasiyadan sonra dollar əmanətlərinin sürətli artımı baş verirdisə, bundan sonra belə əmanətlərin artım tempi azalacaq və hətta dollar əmanətlərinin azalması baş verə bilər. Əmanət qoyuluşunun azalması davam edəcək və dollar əmanətlərin faiz dərəcəsinin azalması bu prosesi daha da stumullaşdıracaq. Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər. Əks halda, əhali vəsaitlərini geri çəkməyə üstünlük verəcək və böyük həcmdə pul bank sektorundan kənarda – yastıq altında ölü kapital kimi saxlanılacaq.
S.Əliyev deyir ki, bankların çoxunda əmanətlər böyük çəkiyə malikdir. Təxminən bankların büdcəsinin yarısı əmanətlərin hesabına formalaşır. Bəzi banklarda bu rəqəm daha da çoxdur. Ona görə də, əmanətlərin qiymətinin ucuz olması kreditlərə təsir göstərməlidir: “Devalvasiyadan sonra manatla olan kreditlər bahalaşdı. Dollarla olan kreditlər isə əvvəlki səviyyədə qalıb. Banklar krediti dollarla təklif edir, vətəndaşlar isə götürmək istəmir. Düşünürəm ki, belə vəziyyətdə banklar məcbur olub dollar kreditinin faizini aşağı salmalı olacaqlar. Bu, sürətli baş verməyəcək. İnsanlar gedib bahalı manat krediti götürməsinlər. İkinci tərəfdən dollarla əmanətlərin faizini aşağı salırlar. Bu imkan verir ki, kreditlərin də faiz dərəcələri aşağı salınsın. İndi əmanətlərin ucuzlaşması prosesi gedir. Ola bilər ki, növbəti mərhələdə, yaxın bir-iki aydan başlayaraq dollarla olan kreditlərin də faizlərinin aşağı düşməsini müşahidə edəcəyik. 3-4 faiz düşmə ola bilər. Bu faiz düşümü bundan sonra götürülən kreditlərə aid olacaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər