• cümə axşamı, 28 mart, 23:22
  • Baku Bakı 13°C

Dollarla götürülən kreditlərə güzəşt tətbiq edilə bilərmi?

10.03.18 11:30 847
Dollarla götürülən kreditlərə güzəşt tətbiq edilə bilərmi?
Milli Məclisin sonuncu iclasında prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib. Müzakirələr zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu qanun layihəsində üç əsas məsələ öz əksini tapıb və bütün bu tədbirlər sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Məsələ ilə bağlı fikir bildirən deputat Əli Məsimli isə qeyd edib ki, bu qanun sahibkarların işini xeyli yüngülləşdirəcək. O, təklif edib ki, dollarla olan kreditlərlə bağlı da bu tip qanun hazırlansın: "Arzu edirəm ki, prezidentin həm sığortaçı, həm də sahibkarlarla bağlı qanunu dollarla olan kreditlər haqqında sənədlə tamamlansın”.
Devalvasiyadan sonra yaranan kredit borclarını ödəyə bilməyən xeyli sayda vətəndaş var. Məhkəmələrdə uzun müddətdir çəkişmələr davam edir. Bu baxımdan, indiki şəraitdə belə bir güzəştin edilməsi insanların bir neçə ildir əziyyət çəkdiyi bu problemi öz həllinə qovuşdura bilər. Bəs görəsən belə bir qanun layihəsinin tətbiqi nə dərəcədə real görünür? Bunun üçün maliyyə əsası varmı?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, bu addım bank sistemini sağlamlaşdıracaq: "Dövlət başçısı bu amnistiya ilə böyük addım atdı. Bu baxımdan Milli Məclisin son iclasında dollarla olan kreditlərlə bağlı da belə bir qərarın verilməsinə dair təkliflər səsləndirildi. Hesab edirəm ki, bu qərara həqiqətən ehtiyac var. Çünki qərarın qəbul edilməsi həm də kredit bazarını müəyyən qədər canlandıra bilər. Bundan başqa, bu qərar insanları bir neçə ildir davam edən əziyyətdən qurtaracaq. Həmçinin bu addım bank sisteminin sağlamlaşdırılması üçün də bir növ təkan rolunu oynaya bilər. Hələlik Milli Məclisdə təkliflər səsləndirilir. İndidən qərarın qəbul edilib-edilməyəcəyini demək tezdir. Bundan başqa, mənim Əli Məsimli ilə birgə hazırladığımız digər güzəşt təkliflərimiz var. Devalvasiya zamanı yaranan kreditlərin ödənilməsi üçün təkliflər paketi hazırlamışıq. Bu kimi məsələlər gündəmdədir.
Dövlət başçısı humanist insandır. Yəqin ki, bu məsələyə yaxın zamanda baxılacaq. Problemin həlli üçün prezident özü də sərəncam verə bilər. Həmçinin banklara göstərişlər də verilə bilər. Amma hesab edirəm ki, bütün hallarda əsas yükü təkcə bankların üzərinə atmaq olmaz. Yaranmış bu problemi bölüşdürmək lazımdır. Ödənişlər Mərkəzi Bank, əhali, banklar və dövlət tərəfindən dördtərəfli şəkildə bölünməlidir. Bu bölgü elə aparılmalıdır ki, kreditlər ödənilə bilsin. Ödənilməmiş kreditlər həm də kredit bazarına mənfi təsir göstərir. Bir neçə ildir davam edən bu problem insanların əhval-ruhiyyəsini aşağı salır. Hazırda bu məsələ ilə
bağlı məhkəmələrdə xeyli müddətdir davam edən çoxlu sayda iş var. Bütün bunların qarşısını almaq üçün dövlət başçısından xahiş edirik ki, belə bir humanist addım atsın”.

İqtisadçı-alim Vüqar Bayramov belə bir güzəştin tərəfdarı olduğunu bildirdi: "Dollarla götürülən kredit ödənişlərinə güzəştlərin verilməsi ilə bağlı təkliflər paketini hələ 2015-ci ildə hazırlayaraq hökumətə təqdim etmişik. Bizim hökumətə təklif etdiyimiz təkliflər paketində dollarla olan kreditlərə güzəştlərin tətbiq edilməsi geniş şəkildə öz əksini tapıb. Biz mexanizmin üçtərəfli olaraq tətbiq edilməsinin tərəfdarıyıq. Düşünürəm ki, indiki vəziyyətdə belə bir güzəşt mexanizminin tətbiqinə ciddi ehtiyac var. Amma bunun nə dərəcədə real olmasına dair proqnoz vermək bir qədər çətindir. Çünki bu birbaşa dövlətin qəbul edəcəyi qərardan asılıdır. Biz beyin mərkəzi olaraq təkliflər hazırlayırıq. Güman edirik ki, üçtərəfli güzəşt mexanizminin tətbiqi mümkün olacaq. Çünki bu mexanizmin özəlliyi ondan ibarətdir ki, dövlət üçün ciddi maneə riski yaratmır və problemin həll edilməsi üçün müsbət təsir göstərir. Düşünürəm ki, belə bir güzəşt üçün kifayət qədər maliyyə imkanı var.
Xüsusilə tərəfimizdən hazırlanan güzəşt mexanizminin tətbiq imkanları daha genişdir və dövlət üçün ciddi maliyyə ağırlığı yaratmır. Bundan əlavə, nəticə etibarilə problemin həlli mümkün olur. Bu addımın atılması, eyni zamanda bankların sağlamlaşdırılması baxımından da xeyli vacibdir. Güzəşt təklifləri isə öz növbəsində bankların sağlamlaşdırılması üçün geniş imkanlar yaradır. Düşünürəm ki, güzəştin tətbiq edilməsi məsələsi gündəmdə olmalıdır. Azərbaycanın hazırkı maliyyə imkanları belə bir güzəşt mexanizminin tətbiqinə şərait yaradır. Amma qərar Mərkəzi Bankla Maliyə Nazirliyinin mövqeyindən asılıdır. Mən özüm də belə bir güzəştin verilməsinin tərəfdarıyam. Çünki sözügedən mexanizmdə borcların ödənilməsinin üç tərəf arasında bölüşdürülməsi nəzərdə tutulur. Burada əsas məqsəd heç bir tərəfə ağırlığın düşməməsidir. Belə olan təqdirdə, banklara da maliyyə yükü düşmür və problem həll olunur. Vətəndaş fərqin üçdə bir hissəsini ödəyir, qalan üçdə iki hissəsini isə dövlət və banklar ödəyir. Bu isə nəticə etibarilə ödənişlərin və vətəndaşların borclarının kəskin şəkildə azalmasına gətirib çıxarır”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər