• cümə, 29 Mart, 19:58
  • Baku Bakı 14°C

Dolların çapının azaldılması nəyə gətirəcək?

09.01.14 11:36 1654
Dolların çapının azaldılması nəyə gətirəcək?
ABŞ Mərkəzi Bankı Federal Ehtiyat Sistemi ötən ilin son toplantısında aylıq çap etdiyi 85 milyard dolları 10 milyard azaldacağına qərar verdi. Belə ki, yanvardan etibarən ABŞ valyutası aylıq 75 milyard dollar çap olunacaq. ABŞ Mərkəzi Bankı tərəfindən verilən bu açlıqlama birjalara indidən təsir etməyə başlayıb. Artıq 1 ABŞ dolları 0.7845 AZN-dir. Qeyd edək ki, ötən ay dolların məzənnəsi 0.78 olub. ABŞ Mərkəzi Bankının qərarının Azərbaycan iqtisadiyyatına təsirinin necə olacaq? Dolların bahalaşması Azərbaycan neftinin dünya bazarındakı qiymətinə təsir edəcəkmi?
İqtisadçı Elşən Bağırzadə deyir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin satın alınan xəzinə öhdəliklərinin həcminin azaldılması qərarı şübhəsiz ki, dünya iqtisadiyyatına təsir edəcək: “Federal Ehtiyatlar sisteminin pul siyasətində genişlədici və ya daraldıcı istiqamətdə qərarlar alması dünyada iqtisadi aktivliyə də müvafiq qaydada təsir göstərir. Hazırkı qərar açıq bazar əməliyyatları vasitəsilə alınan və daraldıcı xarakter daşıyan bir qərardır. Bu baxımdan dünya iqtisadi aktivliyini məhdudlaşdırıcı və dolların dəyərini artırıcı effektə malikdir. Azərbaycan manatının da dollar qarşısında bir qədər ucuzlaşması istisna deyil. Amma hesab edirəm ki, Federal Ehtiyatlar Sisteminin verdiyi bu qərar elə də böyük miqyaslı təsirə malik deyil və həm dünya, həm də Azərbaycan iqtisadiyyatı üzərindəki təsiri də cüzi olacaq”.
İqtisadçı Samir Əliyev isə düşünür ki, dolların aylıq çapının azaldılması dünya ölkələrinin, həmçinin Azərbaycan iqtisadiyyatına da təsir göstərəcək: “Çünki dünya üzrə valyuta ehtiyatlarının 60 faizindən çoxu dollarda saxlanılır. Artıq müşahidə edirik ki, dollar bahalaşır, qızıl, o cümlədən neftin qiyməti aşağı düşür. 2014-cü ildə dolların kursu möhkəmlənmə istiqamətində gedə bilər, yəni manata nisbətdə məzənnəsi qalxa bilər. Amma proses indiki kimi getsə, manatın dollara nisbətində elə bir dəyişiklik olmayacaq. Ancaq Federal Ehtiyatlar Sisteminin qərarı neftin dünya bazarında qiymətinin aşağı düşməsinə səbəb olacaq ki, bu da Azərbaycan neftinin qiymətinin düşməsinə gətirib çıxaracaq. Bu da təbii ki, Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək”.
İqtisadçı Pərviz Heydərov deyir ki, ABŞ Mərkəzi Bankı Federal Ehtiyat Sisteminin bu cür addımlarına vaxtaşırı olaraq rast gəlinir: “Burada da bəzən, ikibaşlı məqsəd güdülür: birincisi, ölkə daxilində inflyasiya tempinə təsir etmək, ikincisi isə neftin və s. dünya satış qiymətlərinə müdaxilə etmək. Pul buraxılışının 10 milyard dollar azaldılması ABŞ iqtisadiyyatının öz vəziyyəti üçün hesablanmış tədbirdir. Dünya bazarlarında isə bu, neftin qiymətinin bahalaşması ilə özünü göstərə bilər. O ki qaldı Azərbaycan iqtisadiyyatına, bizim iqtisadiyyat dollarlaşmış iqtisadiyyatdır. Manatın dəyəri isə ölkəyə neft dollarlarının axınına bağlıdır. Neftin qiyməti artarsa, bu, iqtisadiyyatımız üçün xeyirlidir”.
P.Heydərov onu da qeyd etdi ki, hər bir ölkənin milli pul vahidinin dövriyyədəki həcmi onun ümumi daxili məhsul istehsalı həcminə bərabər olmalıdır: “ABŞ yeganə ölkədir ki, onun dollar həcmi real tələbatdan dəfələrlə üstündür. Bu gün təkcə Şərqi Avropa və postsovet məkanı ölkələrində “fırlanan” dollar kütləsinin üçdə bir hissəsini ABŞ-ın daxili bazarına yönəltmək mümkün olsa, federal hökumət hiperinflyasiya qarşısında aciz qalar”.
Lalə
banner

Oxşar Xəbərlər