• cümə, 29 Mart, 10:47
  • Baku Bakı 5°C

Dollar, səni bazardan kim sıxışdırar?

14.05.19 10:30 569
Dollar, səni bazardan kim sıxışdırar?
Yaxın illərdə bir sıra ölkələr ABŞ dollarının istifadəsindən tam imtina edə bilər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Siyasi, İqtisadi və İctimai Araşdırmalar Mərkəzinin təhlilində deyilir. Qeyd olunur ki, Türkiyə, Çin və bir çox digər ölkələr artıq alternativ valyutanın axtarışındadır. Bu ölkələr gələcəkdə birgə ticarət üçün öz valyutalarından istifadə edəcək: "Bir sıra ölkələrin ABŞ dollarından imtinası ona gətirib çıxaracaq ki, ABŞ-ın iqtisadi təzyiqindən qurtulmaq üçün digər ölkələr də eyni addımı atacaq”.
Dollardan istifadədən imtinanın nə qədər real olduğunu, bunun iqtisadiyyata necə təsir edəcəyini və yerini hansı valyutanın tuta biləcəyi ilə bağlı suallarla mütəxəssislərə müraciət etdik.
İqtisadçı Pərviz Heydərov hesab edir ki, hələ belə bir addımın atılması real deyil: "ABŞ dollarından imtina məsələsi Çin və Rusiya tərəfindən ara-sıra, gündəmə gətirilirdi. Bu ölkələrin iqtisadi potensialı, ticarət və iqtisadi əlaqələri, əməliyyatları kifayət qədər yüksək həcmlərdə ölçülsə də, hələ də ortaya konkret bir mexanizm qoymaq mümkün olmayıb. Çünki belə bir mexanizm hazırlansa belə, ciddi şəkildə iqtisadi baxımdan əsaslandırılmağa məhkumdur. ABŞ dolları dünya valyutası rolunu oynayır. Və bunu da, hər hansı inzibati qərarla müəyyənləşdirməyiblər. Dolların dünyadakı hökmran mövqeyini ABŞ-ın iqtisadi gücü şərtləndirir. Dünya üzrə Ümumi Daxili Məhsulun 30%-i ABŞ-da istehsal olunur. Yəni dolların arxasında belə bir qüdrətli iqtisadiyyat dayandığı üçün o, dünya valyutası rolunda çıxış edir. Adlarını çəkdiyim ölkələrin heç birinin iqtisadiyyatı ABŞ iqtisadiyyatı ilə müqayisə oluna bilməz. Həmin ölkələr dollardan imtina edib öz valyutalarından istifadə etsələr belə, yenə də hansısa bir məqamda dollara müraciət etmək məcburiyyətində olacaqlar. Burada digər bir məsələ isə siyasi faktordur. Belə ki, adı çəkilən dövlətlər ABŞ-ı sıxışdırmaq və dünya iqtisadiyyatındakı rolunu azaltmaqla zəiflətmək istəyirlər. Lakin belə bir addımın atılması hələ ki, ən azından yaxın 5 il ərzində mümkün deyil”.
İqtisadçı Rəşad Həsənov deyir ki, hazırkı vəziyyətdə dollardan imtina edilməsi elə də asan deyil: "2011-ci ildə İran buna bənzər formada mövqe ortaya qoymağa çalışdı. Daha sonra Çin dəfələrlə bu istiqamətdə müəyyən fikirlər səsləndirib. Bu sıraya Rusiya da daxil oldu. 2016-cı ildən sonra, xüsusilə də 2018-ci ildə Türkiyə də bu kimi çağırışlar etməyə başladı. Amma məsələnin mahiyyətinə varanda, indiki şərtlər daxilində bunun edilməsi elə də asan məsələ deyil. Çünki bu ölkələrin hər birinin yerli valyutalarında ciddi çətinliklər var. Məsələn, Rusiyanın valyutası 2015-ci ildə qısa müddət ərzində dəyərini 2 dəfədən artıq itirdi. Həmçinin İran valyutasının 2018-2019-cu illərin əvvəllərində yaşadığı dəyişim göz önündədir. Türkiyə lirəsində də bir şəxsin açıqlamaları ilə pulun məzənnəsində müəyyən dəyişmələr baş verdi. Təkcə 2018-ci ilin sonu ilə müqayisə etsək, görərik ki, bu valyuta növü öz dəyərini 20%-dən artıq itirib. Yəni bu şərtlər daxilində, "qeyd edilən ölkələrin ABŞ dollarından imtina çağırışları nə dərəcədə realdır” sualı yaranır. Bəzi hallarda müxtəlif vahid valyuta axtarışları kimi mövqelər də ortaya qoyulur. Məsələn, bəzi ölkələr birləşib vahid valyuta yaratmaq kimi fikr irəli sürürlər. Bəs, bu valyutanın arxasında nə dayanacaq? Təsəvvür edin ki, arxasında Rusiya, Türkiyə, İran kimi iqtisadiyyatların dayandığı bir valyuta bitkoindən belə etibarsızdır. Yəni hər bir ölkənin fərqli idarəetməsi, öz avtoritet rejimi var, digər tərəfdən, dövlət institutları yerində deyil. Belə bir şərait daxilindən bu ölkələrin təsis etdiyi, arxasında dayandığı valyutanın məzənnəsi etibarsız olacaq”.
İqtisadçı qeyd etdi ki, ABŞ dollarının üstünlüyü odur ki, arxasında bir sistem, iqtisadiyyat dayanır: "Bu məqamda bir məsələni nəzərə almaq lazımdır ki, hər hansı bir investor heç də ABŞ valyutasına olan sevgisindən bu pulla olan ticarət əlaqələrinə üstünlük vermir, sadəcə olaraq, bu valyutaya inanır. Çünki arxasında dünya iqtisadiyyatının 1/4 –nə malik olan nəhəng iqtisadiyyat, müstəqil institutlar dayanır. Bütün bunlar ABŞ dollarının dünya bazarında etibarlı valyutaya çevrilməsinə gətirib çıxardıb. Düzdür, son dövrlər ABŞ valyutasının xüsusi çəkisində müəyyən azalmalar baş verib. Amma bu, çəkidə olan azalmadır, həcmdə dəyişiklik yoxdur. Belə ki, xüsusi çəkini digər valyuta növləri, özəlliklə də avro sıxışdırır. Nəzərə alsaq ki, avro 2000-ci illərdən rəsmi olaraq tədavülə daxil oldu və hazırda dünya ticarətinin təxminən 20%-dən artıq bir hissəsi məhz bu valyuta növü ilə həyata keçirilir. Bu valyuta növünün, baxmayaraq ki, arxasında demokratik institutlar dayanır, amma genişlənməsinin qarşısını alan məqamlar da var. Nəzərə alın ki, avrozonada müxtəlif dövlətlər təmsil olunurlar və onların hər birinin öz sistemi, fiskal, iqtisadiyyatının mövcud vəziyyəti vardır ki, bunlar birbirbaşa olaraq avronun məzənnəsinə təsir göstərir. Yəni kifayət qədər çox ölkələrin təmsil olunduğu birliyin valyutası olduğu üçün bu da müəyyən riskləri özündə daşıyır. ABŞ dollarında üstünlük odur ki, bir sistem, iqtisadiyyat arxasında dayanır. Amma avroda situasiya nisbətən fərqlidir. Buna görə də, hələ ki, avronun ABŞ dolarını bazardan sıxışdırıb çıxarması və ya ondan çox bazar payına malik olması real deyil”.
Ekspert düşünmür ki, yaxın 10 ildə ABŞ dollarının sıxışdırılıb çıxarılması mümkün olsun: "Əgər olacaqsa, bunun arxasında güclü iqtisadiyyat, demokratik təsisatlar dayanmalıdır. Adı qeyd edilən ölkələr arasında Çin də var. Bu ölkə 21-ci əsrdə təkpartiyalı sistemlə idarə olunan avtoritar, siyasi baxımdan çox riskli ölkədir. Buna görə də, o ölkənin pulu heç bir halda dayanıqlı valyuta sayıla bilməz. Yəni indiki halda görə bilmirəm ki, hansısa ölkələr birləşib elə bir valyuta növü yaratsınlar ki, orada ciddi risklər olmasın. O halda uğur əldə oluna bilər ki, hansısa inamlı valyuta olsun və bu valyutada tədavül prosesindən hamı razı qalsın”.
Günel Azadə
banner

Oxşar Xəbərlər