Dollar, səni bazardan kim sıxışdırar?
Yaxın illərdə bir sıra
ölkələr ABŞ dollarının istifadəsindən tam imtina edə bilər. Trend-in məlumatına
görə, bu barədə Türkiyənin Siyasi, İqtisadi və İctimai Araşdırmalar Mərkəzinin
təhlilində deyilir. Qeyd olunur ki, Türkiyə, Çin və bir çox digər ölkələr artıq
alternativ valyutanın axtarışındadır. Bu ölkələr gələcəkdə birgə ticarət üçün
öz valyutalarından istifadə edəcək: "Bir sıra ölkələrin ABŞ dollarından
imtinası ona gətirib çıxaracaq ki, ABŞ-ın iqtisadi təzyiqindən qurtulmaq üçün
digər ölkələr də eyni addımı atacaq”.
Dollardan istifadədən
imtinanın nə qədər real olduğunu, bunun iqtisadiyyata necə təsir edəcəyini və
yerini hansı valyutanın tuta biləcəyi ilə bağlı suallarla mütəxəssislərə
müraciət etdik.
İqtisadçı Pərviz Heydərov hesab
edir ki, hələ belə bir addımın
atılması real deyil: "ABŞ dollarından imtina məsələsi Çin və Rusiya tərəfindən
ara-sıra, gündəmə gətirilirdi. Bu ölkələrin iqtisadi potensialı, ticarət və
iqtisadi əlaqələri, əməliyyatları kifayət qədər yüksək həcmlərdə ölçülsə də,
hələ də ortaya konkret bir mexanizm qoymaq mümkün olmayıb. Çünki belə bir
mexanizm hazırlansa belə, ciddi şəkildə iqtisadi baxımdan əsaslandırılmağa
məhkumdur. ABŞ dolları dünya valyutası rolunu oynayır. Və bunu da, hər hansı
inzibati qərarla müəyyənləşdirməyiblər. Dolların dünyadakı hökmran mövqeyini
ABŞ-ın iqtisadi gücü şərtləndirir. Dünya üzrə Ümumi Daxili Məhsulun 30%-i
ABŞ-da istehsal olunur. Yəni dolların arxasında belə bir qüdrətli iqtisadiyyat
dayandığı üçün o, dünya valyutası rolunda çıxış edir. Adlarını çəkdiyim
ölkələrin heç birinin iqtisadiyyatı ABŞ iqtisadiyyatı ilə müqayisə oluna
bilməz. Həmin ölkələr dollardan imtina edib öz valyutalarından istifadə etsələr
belə, yenə də hansısa bir məqamda dollara müraciət etmək məcburiyyətində
olacaqlar. Burada digər bir məsələ isə siyasi faktordur. Belə ki, adı çəkilən
dövlətlər ABŞ-ı sıxışdırmaq və dünya iqtisadiyyatındakı rolunu azaltmaqla
zəiflətmək istəyirlər. Lakin belə bir addımın atılması hələ ki, ən azından
yaxın 5 il ərzində mümkün deyil”.
İqtisadçı Rəşad Həsənov deyir ki,
hazırkı vəziyyətdə dollardan imtina edilməsi elə də asan deyil: "2011-ci ildə
İran buna bənzər formada mövqe ortaya qoymağa çalışdı. Daha sonra Çin dəfələrlə
bu istiqamətdə müəyyən fikirlər səsləndirib. Bu sıraya Rusiya da daxil oldu.
2016-cı ildən sonra, xüsusilə də 2018-ci ildə Türkiyə də bu kimi çağırışlar
etməyə başladı. Amma məsələnin mahiyyətinə varanda, indiki şərtlər daxilində
bunun edilməsi elə də asan məsələ deyil. Çünki bu ölkələrin hər birinin yerli
valyutalarında ciddi çətinliklər var. Məsələn, Rusiyanın valyutası 2015-ci ildə
qısa müddət ərzində dəyərini 2 dəfədən artıq itirdi. Həmçinin İran valyutasının
2018-2019-cu illərin əvvəllərində yaşadığı dəyişim göz önündədir. Türkiyə
lirəsində də bir şəxsin açıqlamaları ilə pulun məzənnəsində müəyyən dəyişmələr
baş verdi. Təkcə 2018-ci ilin sonu ilə müqayisə etsək, görərik ki, bu valyuta
növü öz dəyərini 20%-dən artıq itirib. Yəni bu şərtlər daxilində, "qeyd edilən
ölkələrin ABŞ dollarından imtina çağırışları nə dərəcədə realdır” sualı
yaranır. Bəzi hallarda müxtəlif vahid valyuta axtarışları kimi mövqelər də
ortaya qoyulur. Məsələn, bəzi ölkələr birləşib vahid valyuta yaratmaq kimi fikr
irəli sürürlər. Bəs, bu valyutanın arxasında nə dayanacaq? Təsəvvür edin ki,
arxasında Rusiya, Türkiyə, İran kimi iqtisadiyyatların dayandığı bir valyuta
bitkoindən belə etibarsızdır. Yəni hər bir ölkənin fərqli idarəetməsi, öz
avtoritet rejimi var, digər tərəfdən, dövlət institutları yerində deyil. Belə
bir şərait daxilindən bu ölkələrin təsis etdiyi, arxasında dayandığı valyutanın
məzənnəsi etibarsız olacaq”.
İqtisadçı qeyd etdi ki, ABŞ dollarının üstünlüyü odur ki, arxasında bir
sistem, iqtisadiyyat dayanır: "Bu məqamda bir məsələni nəzərə almaq lazımdır
ki, hər hansı bir investor heç də ABŞ valyutasına olan sevgisindən bu pulla
olan ticarət əlaqələrinə üstünlük vermir, sadəcə olaraq, bu valyutaya inanır.
Çünki arxasında dünya iqtisadiyyatının 1/4 –nə malik olan nəhəng iqtisadiyyat,
müstəqil institutlar dayanır. Bütün bunlar ABŞ dollarının dünya bazarında
etibarlı valyutaya çevrilməsinə gətirib çıxardıb. Düzdür, son dövrlər ABŞ
valyutasının xüsusi çəkisində müəyyən azalmalar baş verib. Amma bu, çəkidə olan
azalmadır, həcmdə dəyişiklik yoxdur. Belə ki, xüsusi çəkini digər valyuta
növləri, özəlliklə də avro sıxışdırır. Nəzərə alsaq ki, avro 2000-ci illərdən
rəsmi olaraq tədavülə daxil oldu və hazırda dünya ticarətinin təxminən 20%-dən
artıq bir hissəsi məhz bu valyuta növü ilə həyata keçirilir. Bu valyuta növünün,
baxmayaraq ki, arxasında demokratik institutlar dayanır, amma genişlənməsinin
qarşısını alan məqamlar da var. Nəzərə alın ki, avrozonada müxtəlif dövlətlər
təmsil olunurlar və onların hər birinin öz sistemi, fiskal, iqtisadiyyatının
mövcud vəziyyəti vardır ki, bunlar birbirbaşa olaraq avronun məzənnəsinə təsir
göstərir. Yəni kifayət qədər çox ölkələrin təmsil olunduğu birliyin valyutası
olduğu üçün bu da müəyyən riskləri özündə daşıyır. ABŞ dollarında üstünlük odur
ki, bir sistem, iqtisadiyyat arxasında dayanır. Amma avroda situasiya nisbətən
fərqlidir. Buna görə də, hələ ki, avronun ABŞ dolarını bazardan sıxışdırıb
çıxarması və ya ondan çox bazar payına malik olması real deyil”.
Ekspert düşünmür ki, yaxın 10 ildə ABŞ dollarının sıxışdırılıb
çıxarılması mümkün olsun: "Əgər olacaqsa, bunun arxasında güclü iqtisadiyyat,
demokratik təsisatlar dayanmalıdır. Adı qeyd edilən ölkələr arasında Çin də
var. Bu ölkə 21-ci əsrdə təkpartiyalı sistemlə idarə olunan avtoritar, siyasi
baxımdan çox riskli ölkədir. Buna görə də, o ölkənin pulu heç bir halda
dayanıqlı valyuta sayıla bilməz. Yəni indiki halda görə bilmirəm ki, hansısa
ölkələr birləşib elə bir valyuta növü yaratsınlar ki, orada ciddi risklər
olmasın. O halda uğur əldə oluna bilər ki, hansısa inamlı valyuta olsun və bu
valyutada tədavül prosesindən hamı razı qalsın”.
Günel Azadə