AZE | RUS | ENG |

“Dolanışıq dərdi məni jurnalistikaya gətirdi” – Gör-götür

“Dolanışıq dərdi məni jurnalistikaya gətirdi” – Gör-götür
İlqar Əlfi: “İndi daha faydalı işlə məşğulam”


Onu məktəblisindən tutmuş təqaüdçüsünə qədər hamının az qala nəfəs almadan qulaq asdığı “Dalğa” verilişindən tanıyıb sevmişik. Azadlığa həris olduğumuz vaxt dediyi hər bir söz ürəyimizə su səpib. İndi də nə vaxtsa geri dönəcəyi ümidilə tamaşaçıların gözü onu axtarır. Müsahibimiz yazıçı, tərcüməçi, jurnalist, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşı İlqar Əlfidr.

- Niyə şərqşünaslıq fakültəsini seçdiniz? O vaxt dəbdə olduğuna görəmi?
- Sovet dövründə xaricə çıxış imkanı məhdud idi. Yeganə çıxışı bu fakültə verirdi. Bu fakültədə oxuya-oxuya, hələ tələbəykən xaricə gedə, dünyanı görə, yaxşı pul qazana bilərdin. Şərqşünaslıq fakültəsinin üstünlükləri böyük olduğundan, buraya maraq da böyük idi. Mənim seçimimdə bu cəhətlərin rol oynamadığını deyə bilmərəm. Amma əsas məsələ başqa idi. İran, bu ölkənin tarixi, oradakı azərbaycanlılar, mənəvi-mədəniyyət, birlik və s. məsələlərə həmişə böyük marağım olub. Cənubi Azərbaycanda müstəqil hökumət qurmuş soydaşlarımız vətənlərini tərk etmək məcburiyyətində qalmışdılar və 1946-cı ildə bizim Azərbaycana böyük bir dəstə savadlı ziyalı gəlmişdi. Atamın Cənubi Azərbaycandan gələn ziyalılarla çox gözəl ünsiyyəti vardı, onlara xüsusi qayğı göstərməyi özünə vətəndaşlıq borcu bilirdi. Mən də gözümü açandan onları evimizdə görmüşəm. Sonra 190 nömrəli məktəbdə 9 il fars dili keçdim. Müəllimlərimiz İranı tərk edib gəlmiş insanlar idi. Hər dəfə ölkələri barədə xiffətlə, məhəbbətlə, sızıltıyla danışırdılar. Uşaqkən bunlar hamısı mənim beynimə hopmuşdu. Buna görə orta məktəbi bitirəndə şərqşünaslıq fakültəsinin fars şöbəsinə getməyə qərar verdim.

- Bildiyimiz kimi, o vaxt hər adamı şərqşünaslıq fakültəsinə qəbul etmirdilər. Sizin sözügedən fakültəyə qəbul olmağınızda atanızın rolu oldumu?
- Əgər bizdən çox böyüklərin, vəzifəlilərin uşaqları siyahını doldurmuş olsaydılar, ora girmək mümkün deyildi. Amma mən qəbul olan il artıq rus bölməsi də vardı və vəzifəlilərin uşaqlarının əksəriyyəti orta məktəbi rus dilində bitirdiyindən, sənədlərini rus bölməsinə verdilər. Mən də bu fakültəyə xüsusi hazırlaşmışdım. Özümə tam arxayın idim - proqram çərçivəsində bilmədiyim bir şey yox idi. Təbii, bilirdilər ki, Əlfi Qasımovun oğluyam. Hər dəfə imtahandan sonra mən gəzməyə gedirdim, müəllimlər evimizə gəlib məndən əvvəl necə cavab verdiyimi danışırdılar, atama da ləzzət edirdi. Əslində öz qiymətimi özümə verdilər deyə qəbul oldum. O vaxt yaxşı oxumamaq ayıb idi. Biz elə mühitdə böyümüşdük ki, yaxşı oxumaya bilməzdik. Evdə gözümüzü açandan dərs, kitab söhbəti gedirdi. Heç kəs balasına asan pul qazanmaq yolu öyrətmirdi. Pulla qürrələnmək bir yana, pulu olmaq bir əskiklik, ayıb sayılırdı. Tamam ayrı mühit idi.

- Üç oğlunuz var. Heç sizin məşhurluğunuzdan istifadə ediblər?
- Övladın atanın məşhurluğundan istifadə etməsi üçün ilk növbədə gərək ata öz məşhurluğundan istifadə etsin. Övladı necə öyrədərsən, elə də olar. Oğlanlarım şükür ki, vəzifənin, şöhrətin müvəqqəti və dəyərsiz olduğunu qan yaddaşlarıyla alıblar. Məsələn, mən uşaqlıqdan pulu dəyər saymamışam. Övladlarım da bu ruhda tərbiyə alıblar. Zəmanə onları nə qədər dəyişdirmək istəsə belə, onlar dəyişəsi deyil. Uşağa şöhrətin dəyərsiz olduğunu aşılayırsansa, məşhur olmaq istəməz. Mən onlara aşılamışam ki, məşhur olmaq axmaq şeydir - yaxşı cəhətlərindən çox pis cəhətləri var. Buna görə mənim məşhurluğumdan istifadə etməyiblər.

- Məşhur olmağın nəyi pisdir?
- Məşhur olmaq ağırdır. İnsan öz dəyərlərinə xəyanət etsə belə, cəmiyyətin qoyduğu çərçivə və tələblərə sığmaq məcburiyyətində qalır. Məşhur adam diqqət mərkəzində olur, onun hər addımı izlənilir, özün ola bilmirsən, azadlığın itir.

- İlqar bəy, məşhurluq demişkən, Azərbaycan Televiziyasında yayımlanan “Dalğa” verilişi ilə tanındınız, sevildiniz. Sonra fasilələrlə ABA TV, “Bu gün” qəzeti, “Avtoritet” qəzeti, Azadlıq TV, APA TV-də çalışdınız. Deyəsən, jurnalistikada qərar tuta bilmirsiniz...
- Şərqşünas olmaq istəyirdim. Sadəcə, dolanışıq dərdi məni jurnalistikaya gətirdi. Tələbə olanda İranda işlədim, zövq ala bilmədim. Yaxşı pul qazanmağıma baxmayaraq, özümü Azərbaycandan kənarda yaxşı hiss etmirdim. Pul da qazananda orada xərcləməyə əlim gəlmirdi. Deyirdim, gedim vətəndə xərcləyim, uşaqlara, dost-aşnaya kef verim. Bizdə insanlar pulu necə xərcləmək lazım olduğunu bilmir. Əslində pul ətrafındakılara zövq vermək üçündür. Adam qazandığı puldan təkcə ləzzət ala bilmir. Bir sözlə, xaricdə işləməyin ləzzətini görmədim. Azərbaycana gəlib burada karyeramı qurmaq məcburiyyətində qaldım. İnstitutu bitirəndə təyinatımı Azərbaycan Radio Komitəsində xarici verilişlər şöbəsinə aldım. Fars dilində olan verilişlərdə diktorluq etdim, böyük redaktor oldum. Sonra təsadüf nəticəsində məni televiziyaya keçirdilər. Bilirdim ki, yaza bilərəm. Ümumiyyətlə, yazıçı ailəsində formalaşan uşaqların əlindən heç nə gəlməsə də, yazmaq mütləq gəlir. Beləcə, jurnalist oldum...

- Belə başa düşdüm ki, imkansızlıqdan jurnalistikaya gəldiniz…
- Yox. Amma təbii ki, cavan adamın pul qazanması pis deyil. Atam Dövlət Mətbuat Komitəsində baş redaktor idi, üçüncü adam sayılırdı. Maaşı 220 rubl idi. Mənim maaşımsa 250 idi, üstəgəl 250-də qonorar - yəni atamdan 2,5 dəfə artıq alırdım. Təbii ki, adam bu işə can atar. Həm də jurnalistika bir həyat məktəbidir, hər cür adam görürsən, hərəsindən bir dərs alırsan...

- “Dalğa” verilişindən sonra fasilə ilə yenidən jurnalistikaya qayıtdınız…
- Üstümə jurnalist adı qoyuldu, mən də məcbur qalıb o adı götürdüm. “Dalğa” yaxşı veriliş idi, siyasi proseslərlə əlaqədar bağlandı. Əslində elə də olmalıydı. “Dalğa”dan sonra televiziyada işləməyim tutmazdı. Bilirsiniz, bir mətbuat orqanının “siması” kimi tanınan obrazlar hökumət dəyişəndə, kurs dəyişəndə, getməlidir. Məndən “Dalğa”dan niyə getdiyimi soruşanda o şəraitdə işləyə bilməyəcəyimə görə getdiyimi deyirəm. Dedim, işləyə bilmərəm, çünki uşaqlar böyüyüb. Bu gün dünənkindən fərqli söz desəm, evdə nə hörmətim olacaq? Mənə evdəki, ailədəki hörmət cəmiyyət içərisindəki hörmətdən və şöhrətdən daha vacibdir. Buna görə televiziyadan aralandım. Aralanandan sonra da 50 işin qulpundan yapışdım, lap biznesmen də oldum... Amma axırda çörəyimi yenə yazı-pozudan çıxardım.

- Jurnalistlərin əksəriyyəti övladlarının onların yolunu davam etdirməsini istəmirlər. Oğlanlarınız nə işlə məşğuldur və aralarında jurnalistika ilə əlaqəsi olan varmı?
- İstəmirlər ona görə ki, özləri jurnalistikanı elə kökə salıblar, elə istəməsələr yaxşıdır. Atamın jurnalistika ilə məşğul olduğu dövrü, onun qaldırdığı problemləri xatırlayıram. Jurnalistika gözəl sənətdir. Əgər övladlarının jurnalist olmasını istəmirlərsə, deməli, özləri düzgün jurnalist olmayıb.
Mənim övladlarıma gəlincə, biri hüquq, biri gömrük ixtisası üzrə oxuyub. Amma heç biri ixtisası üzrə işləmir. Biri poliqrafiya şirkətində aparıcı mütəxəssisdir, digəri APA TV-də teleoperatordur. O biri də tələbədir. İnanmıram ki, 3-cüsü də jurnalist ola. Çünki sözün kəsəri qalmayıb. Qərəzli söz mətbuatdan qərəzsiz sözü sıxışdırıb çıxarıb. Jurnalistin jurnalist olması üçün onun yazdığını oxuyan, ona reaksiya verən lazımdır. Əgər özümüz çalıb özümüz oynayacağıqsa, bu, jurnalistika deyil. Junalistin yazısı cəmiyyəti tərpətməlidir.

- Nanotexnologiyalar sahəsində də çalışmısınız. Maraqlıdır ki, bu sahədə hansı işi görmüsünüz?
- Mən bir işə qol qoyanda onu kökündən öyrənirəm. Bir zamanlar şəhərdə bütün binaları “laqundalayırdılar”. O dönəmlərdə təsadüfən bir qrupla tanış oldum. Onlar Almaniyadan qəribə bir maye gətirirdilər – binalara ondan çəkəndə, 20 il qaralmırdı. Fikirləşdim ki, bunu Azərbaycanda tətbiq etmək olar. Amma nə qədər çalışdıq, bazara girə bilmədik.

- Hazırda tərcümə işi ilə məşğulsunuz. Azərbaycanda tərcümə ədəbiyyatını necə dəyərləndirirsiniz?
- Azərbaycanda tərcümə ədəbiyyatına pis deməyə dilim gəlmir. Əgər bazardakı real vəziyyət, tərcüməçinin əməyinə verilən qiymətin müqabilində uşaqlar bu işləri görüblərsə, bunu irəliyə doğru addım saymaq olar. Ümumiyyətlə, yüksək keyfiyyətli tərcümə anlayışı yoxdur. Sözün aşağı həddi var, yuxarı həddi yoxdur. Bütün görülən işlərin, çəkilən zəhmətlərin qiymətini vermək lazımdır. Tərcüməçilər olmasaydı, biz dünyadan xəbərsiz olardıq. Amma indi bu sahədə dövlət nəzarətində olan yeni struktur yaranıb, Afaq Məsud kimi bir yazıçı, prinsipial bir insan bu struktura başçılıq edəndən sonra arxayınam ki, cəmiyyətdə bu sahədə irəliyə doğru əhəmiyyətli bir addım atılacaq. Mən tərcümə ilə bağlı ayrıca qurumunun yaradılmasını mədəniyyət tariximizdə çox böyük hadisələrdən biri sayıram. Dünyanın sinəsinə döyən ölkələrində belə bu cür geniş səlahiyyətli dövlət qurumu yoxdur. Əgər hökumətimiz vəziyyətə qiymət verərək bu qurumu yaradırsa, demək, o da mənim qədər narahatdır. İş görmək istəyən, sənin kimi narahat olanların arxasınca getməyə nə var ki?

- Jurnalistika, nanotexnologiyalar sahəsində çalışmısınız. İndi də tərcümə ilə məşğulsunuz. Hansı sahədə özünüzü balıq suda hiss edən kimi hiss edirsiz?
- Harada olmuşamsa, özümü balıq suda hiss edən kimi hiss etmişəm. Çünki gözüm yeməyən işə heç vaxt girişməmişəm. Sadəcə, indi daha faydalı işlə məşğulam və özüm üçün komfortlu şərait yaratmışam. Komfort odur ki, səni başa düşən insanların əhatəsindəsən. İnsanın bütün həyatı boyu çarpışmasının səbəbi odur ki, özünə rahat, hüzurlu mühit yaratsın, halal zəhməti ilə ailəsini saxlaya bilsin.

- Telekanallarda gözləri sizi axtaran tamaşaçılar var. Onlara sözünüz. Sizi gözləsinlərmi?
- Onlara deyərdim ki, axtarmasınlar. Onlar kanalların düzəlməsinin qayğısına qalsınlar, kanallardan tələb etsinlər ki, hamısı bir-birinə oxşamasın. Dünya televiziya bazarında hər kanalın özünün tutduğu “taxça” var. Oturur öz taxçasında, 2-3 dənə də rəqibi olur. Bizdə kanalların az qala hamısı elə bil bir nəfərin burnundan düşüb - həftəbecərdir. Belə bir mühitdə televiziyada yerimi görmürəm. Tamaşaçılar ekranda mənə qulaq asmaq istəyirlərsə, öz üzərlərində işləsinlər, zövqlərini tərbiyə etsinlər ki, ciddi bir şeyə baxmaq iqtidarında olsunlar. Bir hava dəyişməsi hiss etsəm, lap 80 yaşım olsa belə, ekrana çıxmaqdan qaçmaram.

- İlqar müəllim, siz hələ də tamaşaçıların yadındasınız, sizi sevirlər. Bu sevgini necə qazanmısınız?
- Elşad Quliyev televiziyanın rəhbəri olanda “Dalğa”nın aparıcısı idim. “Dalğa”da Yusif Bağırov adlı intellektual, çox gözəl aparıcı da var idi. Elşad Quliyev bir dəfə kollegiya iclasında dedi ki, “İlqar, bu necə işdir ki, sən “boş-boş” danışırsan - Yusif dürr xırdalayır, amma camaat elə səndən danışır…”. Dedim, “Elşad müəllim, “boş-boş” danışa-danışa auditoriya toplamaq üçün əvvəlcə camaatın gözündə bu haqqı qazanmalısan. Özünü sevdirə bilmisənsə, sənə qulaq asırlarsa, deməli, işinin ustasısan. Ağıllı adam sözünü məqamına çatdırmaq üçün elə “axmaq” forma seçib iynəsini yeridər ki, anında ruhun da inciməz. 12 gündən sonra qəfildən yadına düşər, nə dediyini anlayarsan…”.
Televiziya aparıcıları insanların sevimlisinə çevrilmək istəyirlərsə, bir dənə yolları var. İnsan özündən ağıllı görünməyə çalışmamalıdır. Çünki televiziya ekranı elə axmaq şeydir ki, öz boyundan bir balaca artıq danışdın, olduğundan daha ağıllı görünməyə çalışdınsa, bir günün işində məhv olub gedirsən. Tamaşaçı o dəqiqə duyuq düşür. Ümumiyyətlə, insanlar özündən ağıllıları yox, öz içindən olanları sevir. Özündən bircə qaşıq ağıllı olsun, amma öz içindən olsun, hiss etsin ki, bu da elə onun kimi danışır. Onun istədiyini deməsən, səndən zəhləsi gedəcək. Azərbaycan Televiziyasında bütün intellektual aparıcılar axmaq vəziyyətdə qalırlar, çünki ağıllı görünmək istəyi onlara imkan vermir ki, ağıllı olsunlar. Tamaşaçıdan bircə qaşıq ağıllı görünməlisən. Körpə kimi, onu da qaşıq-qaşıq yedirtməlisən – ləyən-ləyən yox…

Lalə MUSAQIZIGör-götür"> Gör-götür">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056