• şənbə, 20 Aprel, 17:59
  • Baku Bakı 23°C

Doktorantlara təhsil kreditləri necə veriləcək?

09.09.16 11:54 1500
Doktorantlara təhsil kreditləri necə veriləcək?
Azərbaycanda doktoranturada təhsil alanlara təhsil kreditləri veriləcəyi ilə bağlı KİV-də yer alan informasiyalar ölkədə təhsil kreditlərinin əhatə dairəsinin genişləndiriləcəyindən xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəylininakademiyanın Rəyasət Heyətinin iclasında səsləndirdiyi fikirlər elm aləminə üz tutmaq istəyən gənclərə stimul verə bilər. İyun ayında Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondu ətrafında birləşdirdiyi 10 ali məktəbin aztəminatlı ailələrdən olan tələbələrinə verməyə başladığı kredit bu sahədə atılan ilk addım oldu.
"Elm haqqında” qanunda doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərin ödənilməsi üçün uzunmüddətli və güzəştli kreditlərin verilməsi və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmək hüququnun həyata keçirilməsi kimi yeni müddəanın əksini tapması isə ödənişli təhsil alan doktorantların təhsilinə müsbət təsir göstərəcəyindən xəbər verir: "Artıq bu ildənTəhsil Nazirliyibakalavrlara təhsil kreditlərinin verilməsinə başlayıb, növbəti ildən bu, doktorantura üzrə də təşkil ediləcək. Təhsil krediti ilə doktoranturada təhsil alan bakalavrın bütün yaşayış minimumu - yataqxana, kirayə xərcləri ödəniləcək.Nazirlikbir tələbənin 4 il ərzində təhsil xərclərinin 20 min dollar həcmində olduğunu müəyyən edib, doktorantura üzrə isə bu xərclər 25-30 min dollar olacaq. Bu vaxta kimi doktorantura 90% ödənişsiz əsaslarla təşkil edilir. Ödənişli təhsil alan doktorantlara kreditlərin verilməsi onların təhsilinə müsbət təsir göstərəcək”.

İ.Həbibbəylinin sözlərinə görə, doktoranturanı bitirənlər həmin kreditləri 10 ildən sonra ödəyəcəklər: "Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir, həyata keçirilməsinə şərait yaradır”. Həmçinin beynəlxalq təcrübədə özünü təsdiq etmiş təhsil kreditləri məsələsinin həyata keçirilməsinin Azərbaycanın elm və təhsil sistemində bir çox problemlərin həllinə kömək edəcəyinə ümid edilir.
Alimlər, ekspertlər bu baxımdan "Elm haqqında” qanunda ölkəmizdə doktorantura üzrə də təhsil kreditlərinin tətbiq olunmasına dair ayrıca müddəanın olmasını bu prosesin daha da genişlənməsinə təkan verəcəyi fikrindədirlər.

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblının fikrincə, istənilən qanunda tələbələrə, doktorantlara və magistrlərə güzəşt, təqaüd proqramları və ya kredit varsa bu, təqdirəlayiq haldır: "İlk növbədə xarici ezamiyyət xərcləri var. Kitab materialları əldə etmək baxımından onlar problemlə üzləşirlər. Üstəlik, maddi problemi olan tələbələr, doktorantlar olur. Bu kreditlərə faiz tətbiq olunmasaydı daha əlverişli olardı. Hesab edirəm ki, bu elmdə kişi cinsinin artmasına səbəb ola bilər. Çünki hazırda elm sahəsinə daha çox qadınlar üz tutur”. S.Talıblının sözlərinə görə, Türkiyədə, eyni zamanda digər xarici ölkələrdə tələbə, magistr və doktorantlara, ümumiyyətlə elm sahəsində çalışanlara müəyyən güzəştlər nəzərdə tutulub. Almaniya, İngiltərə kimi ölkələrdə elm sahəsinə gələnlər üçün xüsusi təqaüd proqramları nəzərdə tutulub: "Bir çox ölkələrdə kreditlər faizsiz verilir Həmçinin tədqiqatla məşğul olan gənclər xarici ölkələrə ezamiyyətə göndərilməlidirlər.

Tədqiqatına ehtiyacı duyulan mövzuların daha çox dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarı olan alim bununla belə hesab edir ki, doktorantlara kreditin verilməsi gənclərin elm aləminə gəlişinin stimulu ola biləcək.

Professor Solmaz Tohidinin fikrincə, bu, gəncləri elmə cəlb etmək üçün mühüm addımdır: "90-cı illərdə elmdə boşluq yaranmışdı. Maddi çətinlik üzündən gənclərin elmə gəlişində fasilə vardı. Belə fasilələr çox zərərli olur. Bu, elmdəki vərəsəliyi itirir. Gərək arada kəsik olmasın. Bir nəsil hər onildənbir digər bir nəslin yetişməyində rol oynamalıdır”. Tarixçi alimin sözlərinə görə, həmçinin akademiyadan müxtəlif sahələrə olan axın və əvəzinin yetişməməsi də elm sahəsində seyrəklik yaradıb: "Bu boşluğu biz indi hiss etməyə başlamışıq. Bir ara müvafiq sahələr üzrə heç bir aspirantımız yox idi. Elmi cavanlaşdırmaq baxımından şübhəsiz ki, bu cür addımlar mühüm rol oynaya bilər. Xüsusən kişilərin elmə cəlb olunması üçün çalışmaq lazımdır. Bir ara elmə daha çox qadınlar gəlirdi. Maddi çətinlik üzündən kişilər elm sahəsi ilə məşğul olmaq istəmirdilər. Elm onları dolandırmırdı. İndi tədricən bu mənzərə dəyişir. Bu proses qırılmamalıdır”. Artıq Azərbaycan elminin fərqli əsaslarla inkişaf etməyə başladığını, öz konsepsiyası olduğunu deyən alimin fikrincə, elmimizi xaricdə təmsil etmək üçün yeni düşüncə sahibi olan, xarici dilləri bilən cavanlar lazımdır: "Onları yetişdirmək üçün təbii ki, maddi vəsait olmalıdır».

Doktorantlara veriləcək kreditin haradan əldə ediləcəyi ilə bağlı sual isə hələ açıq qalıb. Mövzu ilə bağlı Maarifçi Tələbə Kredit Fonduna ünvanladığımız suala "Sorğunuz AMEA-nın təqdim etdiyi kreditlər ilə bağlıdır” cavabını aldıq. AMEA-dan isə kreditlərin hansı mənbədən maliyyələşəcəyi ilə bağlı sorğumuza hələ ki cavab ala bilməmişik...

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər