• cümə, 29 Mart, 18:53
  • Baku Bakı 14°C

Doktorantlara təhsil krediti 20 il müddətinə veriləcək

20.09.16 14:22 4192
Doktorantlara təhsil krediti 20 il müddətinə veriləcək
"Elm haqqında” qanunda ölkəmizdə doktorantura üzrə də təhsil kreditlərinin tətbiq olunmasına dair ayrıca müddəanın yer alması bu prosesin elm və təhsil sahəsini geniş şəkildə əhatə edəcəyinə ümidləri artırıb. Belə ki, Maarifçi Tələbə Kredit Fondunun (MTKF) aztəminatlı tələbələrə kredit verilməsi ilə bağlı atdığı ilkin addımlar elm sahəsinə üz tutan doktorantlara da güzəştli kreditlərin verilməsi üçün bir növ nümunə olub. Belə ki, bu addım elm sahəsinə üz tutmaq istəyən, ancaq maddi imkansızlıqdan arzularından əl çəkən bir çox gənclərə yaşıl işıq yandıra bilər. Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin etməyə hazırlaşır, ancaq doktorantlar bu krediti hansı şərtlərlə əldə edəcəklər - bu sualın cavabı tam açıqlanmayıb. Bundan əlavə, kreditlərin verilməsinin elmə hansı faydaları olacaq, kreditlər veriləndən sonra gənclərin elmə marağı çoxalacaqmı və ya, ödənişli təhsil alan doktorantlara kreditlərin verilməsi onların təhsilinə müsbət təsir göstərəcəkmi kimi suallara cavab verən AMEA Elm və Təhsil idarəsinin doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov "Kaspi”yə müsahibəsində ümumilikdə prosesin necə həyata keçiriləcəyinə aydınlıq gətirib.
- Azərbaycanda doktorantura təhsili alanlara təhsil kreditlərinin veriləcəyi ilə bağlı KİV-də yer alan informasiyalarheç şübhəsiz, ölkədə təhsil kreditlərinin əhatə dairəsinin genişləndiriləcəyindən xəbər verir.Ancaq ictimaiyyət bu mövzuda onları maraqlandıran suallara cavab axtarır. Doktoranturada təhsil alanlara təhsil kreditləri hansı şərtlərlə veriləcək?
- Bildiyiniz kimi, bu günlərdə Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edən "Elm haqqında” qanun qəbul olundu. Qanunda öz əksini tapmış mühüm bəndlərdən biri də elmi nailiyyətlərin stimullaşdırılması, gənclərin elmi fəaliyyətə aktiv şəkildə cəlb edilməsi məqsədilə müxtəlif sosial həvəsləndirmə vasitələrinin tətbiqi ilə bağlıdır. Güzəştli təhsil kreditlərinin verilməsini də cəmiyyətin elmə marağının gücləndirilməsi üçün atılmış əhəmiyyətli addım kimi qiymətləndirmək olar. Belə ki, dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edəcəkdir. Kreditlərin 20 il müddətinə, 20.000-30.000 manat civarında verilməsi, kredit borclarının isə təhsilalanın əmək fəaliyyətinə başlamasından sonra ödənilməsinə şərait yaradılması nəzərdə tutulub.
- Maarifçi Tələbə Kredit Fondunun tələbələrə veriləcək kreditlər üçün maliyyə mənbəyi Fondun ətrafında birləşən 10 ali məktəbdir. Bəs doktorantlara kreditlərin verilməsi hansı mənbədən maliyyələşdiriləcək?
- Kreditlərin verilməsinin dövlət büdcəsinin vəsaiti və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət büdcəsi hesabına maliyyələşdirmə baza maliyyələşdirilməsi, proqram məqsədli maliyyələşdirmə və qrant maliyyələşdirilməsi formalarında həyata keçiriləcəkdir. Bundan başqa, elmi müəssisə və təşkilatların öz vəsaitləri, o cümlədən beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından və fondlardan müqavilə, müsabiqə və qrantlar əsasında əldə etdikləri vəsaitləri, eləcə də elmi məhsul və xidmətlərinin satışından daxil olan gəlirləri təhsil kreditləri üçün maliyyə mənbəyi ola bilər.
-Beynəlxalq təcrübədə özünü təsdiq etmiş güzəştli təhsil kreditlərinin verilməsi Azərbaycanın elm və təhsil sistemində hansı problemlərin həllinə kömək edə bilər?
- Təhsil kreditlərinin verilməsi ilk növbədə cəmiyyətin bütün təbəqələri üçün bərabərhüquqlu təhsil imkanlarının yaradılmasına xidmət edəcəkdir. Təhsil haqları və təhsillə bağlı digər xərclərin güzəştli kreditlər əsasında ödənilməsi elmi fəaliyyəti əngəlləyən və ya məhdudlaşdıran ən böyük maneələrdən birinin - maliyyə probleminin dəf edilməsi deməkdir. Bu isə öz növbəsində insanların elmi fəaliyyətə cəlb olunmasına müsbət təsir göstərəcək və cəmiyyətin elmə olan marağının artmasına səbəb olacaq.
- Kreditlərin verilməsi gələcəkdə AMEA-nın magistratura pilləsi üzrə təhsil alan tələbələrə də şamil ediləcəkmi?
- Bildiyiniz kimi, 2014-cü ildən etibarən AMEA-da magistratura səviyyəsi üzrə təhsilin təşkili həyata keçirilir. Akademiyanın prezidenti, akademik Akif Əlizadə tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmuş magistrantlar üçün bütün mümkün güzəşt və imtiyazlar tətbiq olunur. Güzəştli təhsil kreditlərinin gələcəkdə magistrantlar üçün də tətbiq edilməsi Akademiya rəhbərliyinin perspektiv planına daxil olan əsas məsələlərdən biridir.
- Sizcə bu tip addımlar gənclərin elmə gəlişinə stimul olacaqmı?
- "Elm haqqında” qanunun qəbul olunmasının başlıca məqsədi məhz gənclərin aktiv elmi fəaliyyətə cəlb edilməsi, elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi, biliklərə əsaslanan intellektual vətəndaş cəmiyyətin formalaşdırılmasıdır. Bu məqsədlərə nail olmaq üçün dövlət elmi fəaliyyətlə məşğul olan hər bir Azərbaycan vətəndaşını bərabərlik prinsipinə əsaslanan sağlam və keyfiyyətli elmi mühitlə təmin etməyi öz üzərinə götürüb. Elmin inkişafı ilə bağlı götürülmüş düzgün kurs nəinki, gənclərin elmə gəlişini stimullaşdıracaq, həmçinin yaxın gələcəkdə bu sahədə digər müsbət dəyişikliklərin baş verməsi üçün ciddi zəmin yaradacaqdır.
- Gender statistikası hazırda kişilərin, yoxsa qadınların elmi fəaliyyət sahəsində üstünlük təşkil etdiyini göstərir?
- Hal-hazırda yüksəkixtisaslı elmi kadrların hazırlanması istiqamətində gender fərqi kəmiyyət etibarilə qadınların xeyrinədir. Lakin "Elm haqqında” qanunda elmi işçilərin əməyinin stimillaşdırılması məqsədilə nəzərdə tutulan həvəsləndirici tədbirlər və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilmiş son dəyişikliyə əsasən magistratura (rezidentura) və doktorantura pilləsi üzrə əyani təhsil alan çağırışçılara hərbi xidmətdən möhlət hüququnun verilməsi bu sahədə tarazlığın yaranmasına təkan verəcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər