• cümə axşamı, 18 aprel, 11:56
  • Baku Bakı 12°C

Dodon Moldovada dövlət çevrilişi hazırlamaqda ittiham olunur

26.09.17 09:00 1269
Dodon Moldovada dövlət çevrilişi hazırlamaqda ittiham olunur
Moldovada prezidentlə hökumət və parlament arasında qarşıdurma pik həddə çatıb. Tanınmamış Dnestryanı bölgədə vəziyyətin gərginləşdiyi barədə xəbərlər dolaşır. Separatçı qurumun güc strukturlarının yaydığı xəbərdə bölgədə ciddi qarşıdurmanın yaşana biləcəyi xəbərdarlığı edilib. Hazırda Moldova etiraz xarakterli kütləvi siyasi aksiyaların keçirildiyi bildirilir. Moldova hüquq-mühafizə orqanları əməkdaşları ilə nümayişçilər arasında yaşanan qarşıdurmada yaralananların olduğu vurğulanır. Qarşıdurmanı prezident İqor Dodonun tərəfdarlarının yaratdığı vurğulanır. Onlar Rusiya prezidenti Vladimir Putinə müxalifətdə olan hökumətin istefasına nail olmaq istəyirlər. Dodona müxalifətdə olan Liberal Partiyanın parlament fraksiyası prezidentin vəzifəsindən uzaqlaşdırılmasını nəzərdə tutan qanun layihəsini təklif edib.
Ümumiyyətlə, son aylar ərzində Moldovada prezident-hökumət qarşıdurması xeyli güclənib. Məsələn, hökumət Dodonun moldov hərbi kontingentinin Ukrayna ərazisində NATO-nun himayəsi altında keçirilən təlimlərdə iştirakına qadağa qoymasına kəskin reaksiya verib. Moldova parlamenti isə prezidentin veto qoyduğu bir neçə qanun layihəsini keçirə bilib. Əvəzində prezidentin mətbuat xidməti hökuməti prezidentə BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış etməyə imkan verməməkdə ittiham edib.
Beləliklə, hazırda Moldova prezidenti köməksiz adam təsiri bağışlayır. Bu isə nə onu, nə də Kremli qane edir. İndiki vəziyyətdə onun 2018-ci ilin ikinci yarısında keçiriləcək parlament seçkilərinə qədər mövcud elektoral dəstəyini saxlaması şansı çox aşağı görünür. Onun mütəmadi olaraq hökumətə uduzması sosialistlərin namizədinin seçkilərdə qalib gəlmək şansını minimuma endirir. Dodonun son açıqlamaları da onu deməyə əsas verir ki, vəziyyət onun üçün acınacaqlı hala gəlib. Qarşıdan gələn parlament seçkilərində Dodon sosialistlərin dəstəyini itirməmək üçün indidən mübarizəyə başlayıb. Onun keçirdiyi aksiyalar da dəstək qazanmağa yönəlib. Görünən odur ki, Moldova prezidenti dəstəyi qazanmaq üçün hər cür vasitələrə, o cümlədən zorakı vasitələrə əl atmaq planını işə salıb. Bunun üçün isə regionlarda güc ssenarisi işə salına bilər. Ukraynanın "UNİON” nəşrinin yazdığı xəbərə görə, prezident tərəfdarları ölkə ərazisində dövlət strukturlarının zorla ələ keçirilməsi planını reallaşdırmağa çalışa bilər. Ekspertlər qeyd edir ki, hazırkı vəziyyət 2016-cı ili xatırladır. O zaman da separatçı Dnestryanı bölgənin müvafiq qurumları bölgədə vəziyyətin nəzarətdən çıxması barədə bəyanatlar səsləndirirdi. Ardınca isə Moldova parlamentinin zorla ələ keçirilməsinə cəhd və Rusiyanın xeyrinə vəziyyətin nəzarətdən çıxması baş vermişdi. Həmin vaxt dövlət çevrilişi cəhdi barədə xəbərdarlıqlar belə bir ssenarini reallaşdırmağa imkan verməmişdi. Moldova prezidentinin əsas aksiyaların Kişinyovda deyil, regionlarda keçiriləcəyi barədə bəyanatına baxmayaraq, dövlət orqanlarının qarşı zorla ələ keçirilməsi ssenarisinin yüksək olduğu bildirilir.
Son aylar ərzində Rusiyanın xüsusi xidmət orqanlarının bölgədə aktivləşdiyi bildirilir. Bu isə qeyd olunan ssenarinin reallaşmasını mümkün edir. Hələ ki, tam təsdiq olunmasa da, qeyd olunur ki, Moldova ərazisində "döyüş qrupları” və bu məqsədlə silah bazaları yaradılıb. Maraqlıdır ki, sentyabrın ortalarından etibarən Moldova prezidenti ölkə ərazisində qan töküləcəyi, hökumətyönümlü qüvvələrin güc ssenarisinə üstünlük verəcəyi barədə bəyanatlar səsləndirir. Qeyd edilir ki, Dodon bu tip bəyanatlar səsləndirməklə ölkədə gələcək dövlət çevrilişi cəhdinə zəmin yaradır. Onun əsas məramı nəyin bahasına olursa-olsun ölkəni Qərbin təsirindən uzaqlaşdırmaq və Rusiyanın maraqlarını təmin etməkdir. Lakin görünən odur ki, çətin ki, bu ssenari reallaşsın. Xüsusən də getdikcə daha çox insan artıq Qərbə doğru istiqamət götürməyə başlayıb. Xüsusən də, Avropanın Moldova vətəndaşları üçün vizasız gediş-gəlişi asanlaşdırması sadə vətəndaşlara təsirsiz ötüşməyib. Lakin məsələ ondadır ki, Rusiyanın da bu ölkəyə təsir imkanları hələ də qalır. Söhbət Rusiyada çalışan on minlərlə moldov miqrantdan və onların ölkələrinə göndərdikləri vəsaitlərdən gedir. Bu səbəbdən də vəziyyətin necə olacağını söyləmək çətindir. İstənilən halda, hər şey 2018-ci ilin parlament seçkilərində məlum olacaq. Əgər Dodonun partiyası bu seçkilərdə də qalib gələrsə, onda hökumət də onun nəzarətinə keçəcək. Lakin bu ehtimal çox zəifdir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər