• cümə axşamı, 28 mart, 20:47
  • Baku Bakı 13°C

“Doğan Media Qrupu”nun anti-türk fəaliyyətinin səbəbləri

14.01.15 09:34 2184
“Doğan Media Qrupu”nun anti-türk fəaliyyətinin səbəbləri
“Doğan Media Qrupu” qardaş Türkiyədə ən böyük media quruluşlarından biri hesab olunur. Düzdür, bir neçə il bundan əvvələ qədər onun haqqında “ən böyük” ifadəsi ilə yanaşı, “ən nüfuzlu” ifadəsini də işlədə bilərdik. Amma o da faktdır ki, zaman keçdikcə, bu Doğan qrupu öz nüfuzunu əhəmiyyətli dərəcədə itirib.
“Doğan Holdinq”in qurucusu Aydın Doğan əvvəllər Türkiyədə hökuməti dəyişə bilən adam kimi xarakterizə edilirdi. 1997-ci ildə onu evində ziyarətə gələn Türkiyənin o zamankı Baş naziri Məsut Yılmazı pijama ilə qarşılaması uzun müddət ölkənin gündəmini zəbt etmişdi. Bəziləri bunu dövlətə qarşı hörmətsizlik, bəziləri isə Doğanın qüdrəti kimi izah etmişdilər.
Biznes sektorundakı uğurlarını Vəhbi Koça borclu olan, hətta bəzi şəhər əfsanələrinə görə Vəhbi Koçun qanundan kənar oğlu hesab edilən Aydın Doğanın media sektoruna ayaq basması 1979-cu ildə “Milliyət” qəzetini satın alması ilə başlayıb. Qeyd edək ki, bu hadisə həmin dövrdə Türkiyə cəmiyyətində heç də birmənalı qarşılanmamışdı. Çünki “Milliyət” qəzetinin baş redaktoru olan Abdi İpəkçi bütün qüvvəsi ilə qəzetin satılmasına qarşı çıxırdı. Ancaq Abdi İpəkçinın müəmmalı bir şəkildə sui-qəsdə qurban getməsindən sonra “Milliyyət”i əldə etmək üçün Aydın Doğanın əl-qolunu açır. O, qəzeti alır və nəzərdə tutduğu media layihəsini tam reallaşdırmağa müvəffəq olur.
Aydın Doğanın biznes həyatında ildırım sürəti ilə yüksəlişi və ölkə daxilində ictimai-siyasi proseslərə təsir gücü Türkiyə cəmiyyətində müxtəlif səbəblərlə, məsələn onun erməni və ya yəhudi mənşəli olması, xarici qüvvələrə xidmət etməsi ilə izah olunur. Əlbəttə bütün bu mülahizələr haqqında konkret fikir söyləmək çətindir, amma istənilən halda Aydın Doğanın xarici əlaqələri danılmazdır. Onun media sahəsindəki fəaliyyətini xarakterizə edən ekspertlərin fikrincə, A.Doğan əməkdaşlıq etdiyi xarici dairələr qarşısında üzərinə müəyyən öhdəliklər də götürüb.
Hal-hazırda “Kanal D”, “Hürriyyət”, “Radikal” kimi çoxsaylı media qurumlarının sahibi olan Aydın Doğan vaxtilə öz şirkətinin Azərbaycanda da fəaliyyətini təşkil etmək istəyib. Lakin bu cəhdlər uğurlu alınmayıb. Onun eyni zamanda, Bakı Dövlət Universitetinin fəxri doktoru olduğu məlumdur. Lakin maraqlıdır ki, Azərbaycanın ən nüfuzlu və tanınmış universiteti tərəfindən bu cür etimada layiq görülməsinə baxmayaraq, Aydın Doğan öz ölkəsində anti-Azərbaycan təbliğatına rəhbərlik edir. Daha dəqiq desək, ona məxsus KİV-lər Azərbaycan haqqında dezinformasiyaları, uydurma faktları Türkiyə cəmiyyətinə tirajlamaqla məşğuldurlar.
Müşahidələr belə deməyə əsas verir ki, hal-hazırda Türkiyədə Azərbaycanın əleyhinə təbliğat aparan və bu istiqamətdə fəaliyyətləri uzlaşan iki media quruluşu var. Bunlardan biri Türkiyədəki erməni mətbuatı, digəri isə Doğana məxsus KİV-lərdir. Xatırladaq ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin müzakirəyə çıxarıldığı zaman da Doğan mediası Azərbaycanın kölgəsini qılınclamaqla məşğul olub. Bu materiallarla yaxından tanış olmaq üçün o dövrün mətbuatına göz gəzdirmək kifayətdir. Elə həmin dövrdə Aydın Doğanın sevimli jurnalisti kimi tanınan, “Kanal D” telekanalının “Ana Xəbər” proqramının aparıcısı və “Posta” qəzetinin köşə yazarı Məmmədəli Birand efirdən Türkiyə hökumətini Ermənistanla sərhədləri açmağa, Azərbaycanın təsirinə düşməməyə çağırırdı. Ümumiyyətlə, Məmmədəli Birand ömrünün son günlərinədək anti-Azərbaycan fəaliyyəti ilə yadda qaldı. O, ölümündən əvvəl qələmə aldığı kitabında isə əslində türk olmadığını etiraf etmişdi.
Daha yaxın tarixə nəzər salaq. Bir neçə ay əvvəl “CNN Türk” kanalında Şirin Payzin adlı xanım jurnalistin “Ne Oluyor” adlı proqramında “Zaman” qəzetinin köşə yazarı və “Kürə TV”nin əməkdaşı Musatafa Akyol Azərbaycan dövlətinin əleyhinə etik çərçivəyə sığmayan ifadələr işlətmişdi. Qeyd edək ki, keçmişdə “Hürriyyət Daily News”lə əməkdaşlıq etmiş Mustafa Akyol hal-hazırda “Doğan Media Qrupu”nda fəaliyyət göstərmir. Amma Türkiyədə əksər TV jurnalistləri bilir ki, hansı televiziyada və yaxud hansı proqramda necə danışmaq lazımdır. Hansı ifadələr televiziya rəhbərliyinin hiddətinə səbəb olmayacaq, hətta təqdirlə qarşılanacaq. Bundan belə nəticəyə gəlmək olar, “Doğan Media Qrupu” Türkiyənin media mühitində Azərbaycan əleyhdarları üçün şüurlu şəkildə şərait yaradar və hətta artıq mərkəz rolunu oynamağa başlayıb.
Bir faktı daha xatırlayaq. Keçən ilin sonlarında Azərbaycan ordusu tərəfindən Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin məhv edilməsi “CNN Türk” efirindən “Azərbaycan Dağlıq Qarabağa aid savaş helikopterini düşürdü” başlığı ilə verilmişdi, bununla da qondarma “Dağlıq Qarabağ rejimi” münaqişədə tərəf kimi təqdim olunmuşdu. Bu xəbəri izləyərkən, istər-istəməz, tamaşaçıda və ya oxucuda belə təəssürat yaranır ki, “CNN Türk” rəhbərliyi Qarabağ münaqişəsi ilə bağlı xəbərləri yayımlayarkən daha çox erməni mənbələrinə istinad edir. Çünki düşmən ölkənin media resurslarında yayımlanan bu tipli xəbərləri tez-tez “CNN Türk”ün efirindən, ümumiyyətlə “Doğan Media Qrupu”a aid KİV-lərdən dinləmək və ya oxumaq mümkündür. Müqayisə üçün qeyd edək ki, düşmən helikopterinin məhv edilməsi erməni “News.am” informasiya agentliyində “Dağlıq Qarabağ Respublikası hava qüvvələrinə məxsus M-24 tipli helikopter vuruldu” başlığı ilə yaymışdı. Artıq burada xəbərin təqdim edilmə üslubundakı oxşarlıqdan yox, eynilikdən danışmaq olar. Deməli, həm də belə düşünə bilərik ki, erməni mediası və “Doğan Media Qrupu” arasında müəyyən koordinasiya var.
Gəlin yenə Aydın Doğana məxsus olan “Radikal” qəzetinə nəzər salaq. Bu qəzet artıq çap variantını dayandırıb, ancaq elektron formada fəaliyyət göstərir. “Taraf” qəzetindən sonra Türkiyə ermənilərinin ən çox əməkdaşlıq etdiyi ikinci qəzetdir. “Radikal”ın ən məşhur və ərköyün köşə yazarlarından biri Türkiyə ermənisi Baskın Orandır. İki il əvvəl Baskın Oran Azərbaycan haqqında “Radikal”da qələmə aldığı yazısında fikirlərini belə ifadə etmişdi: “Qardaş, soydaş deyə başımıza qoyduğumuz Azərbaycan, şübhəsiz ki, Türkiyənin xarici siyasətinə ən çox zərər verən ölkədir”. Baskın Oranın fikrincə “Türkiyə Azərbaycanın nazı ilə çox oynamamalıdır”. “Doğan Media Qrupu”na aid media orqanlarında Azərbaycana qarşı belə münasibət təsadüf kimi yozula bilməz. Eyni qəzetin 2014-cü il 25 oktyabr tarixli sayında isə Arıs Nalçı adlı erməni müəllif tərəfindən qələmə alınmış “Kobaniyi Qarabağdan anlamaq” başlıqlı köşə yazısında Qarabağın işğal edilməsinə haqq qazandırılır, erməni işğalı “milli-azadlıq mübarizəsi” kimi təqdim edilirdi. Bu kimi çoxsaylı faktları nəzərdən keçirdiyimiz zaman aydın olur ki, “Doğan Media Qrupu” Azərbaycanda insan hüquqları, demokratiyanın durumu və digər mövzular haqqında çoxsaylı qeyri-obyektiv və qərəzli materiallar yaymaqla, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini təhrif edərək ictimai rəyi Ermənistanın lehinə yönəltməyə çalışmışdır.
Ölkəmizə qarşı qərəzli mövqe tutan erməni mətbuatını anlamaq mümkündür. Azərbaycanın günü-gündən inkişaf etməsi, ordumuzun qüdrətinin artması, iqtisadi tərəqqi və sosial rifah işğalçı ölkəni qıcıqlandırır. Bəs Aydin Doğan? Görəsən onu anti-azərbaycançılıqla məşğul olmağa və ölkəmiz əleyhinə qara piar aparmağa nə vadar edir? Gəlin mümkün ehtimalları, Aydın Doğanı “erməniləşməyə” vadar edən səbəbləri gözdən keçirək.
Hesab edilir ki, A.Doğan Türk dünyasında inteqrasiya prosesinə mane olmaq istəyən, eyni zamanda türk birliyini potensial təhlükə olaraq görən müxtəlif xarici dairələrin qarşısında öhdəlik götürüb. “Doğan Holdinq”in Azərbaycan iqtisadi məkanında uğursuz fəaliyyəti də məlum mövqeyə əsas kimi göstərilən səbəblər sırasındadır. Bəzi ekspertlər hesab edirlər ki, neft yataqlarının istismarı, neft emalı və satışı ilə məşğul olan Aydın Doğanın SOCAR-ın Türkiyədə və regionda aktiv fəaliyyətini həzm edə bilmir. Digər tərəfdən, “Doğan Media Qrupu”nda erməni mənşəli Türkiyə vətəndaşlarının və eyni zamanda gizli ermənilərin olması, həmçinin Aydın Doğanın mübahisəli etnik kimliyi, erməni mənşəli olması barədə yayılmış məlumatlar da onun anti-Türkiyə və anti-Azərbaycan fəaliyyətini səciyyələndirən amillər sırasında göstərilir.
Hesab olunur ki, məhz bu fəaliyyətə görə, “Doğan Media Qrupu”nun daxili ictimai rəydə nüfuzu aşkar dərəcədə geriləyib. Vaxtilə Türkiyə mətbuatının admiralı sayılan “Hürriyət” qəzeti özünün bir çox tanınmış köşə yazarını itirib. Eyni zamanda, bir neçə il əvvəl əlaqədar qurumlar tərəfindən Aydın Doğanın vergidən yayındığı aşkar edilmiş və “Doğan Holdinq”ə qarşı yüksək məbləğdə vergi cəzası tətbiq olunmuşdu. Hər nə qədər Aydın Doğan bu cəzanın siyasi motivli olduğunu sübut etməyə çalışsa da, artıq onun toxunulmaz olmadığı hər kəsə məlumdur. Əslində, həmin dövrdə Doğan istədiyi xarici dəstəyi almaqda da çətinlik çəkdi. Görünür, Aydın Doğanın əməkdaşlıq etdiyi xarici dairələr də onun istifadə müddətinin bitdiyi qənaətindədirlər. Bəlkə buna görədir ki, Aydın Doğan qərbli “abi”lərinin etimadını yenidən qazanmaq üçün türkdilli ölkələrin əməkdaşlıq cəhdlərinə zərbə vurmağı, Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmağı və Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün səy göstərməyi yeganə çıxış yolu hesab edir.
T.Dadaşov
banner

Oxşar Xəbərlər