• cümə, 26 Aprel, 06:49
  • Baku Bakı 12°C

“Do you speak English?”

16.05.15 07:19 1323
“Do you speak English?”
Bu sualın cavabını bilmirsinizsə, mütəxəssislərin xarici dil öyrənmək barədə fikirləri ilə tanış olun
Xarici dil biliklərinə sahib olmaq günümüzün əsas tələblərindəndir. Bu tələblərə cavab vermək, yaxşı iş tapmaq üçün də yaşından asılı olmayaraq bir çox insanlar xarici dil öyrənməyə can atırlar. Bunun üçün müəyyən kurslara, fərdi müəllimlərə müraciət edənlərin sayı həddindən artıq çoxdur. Amma dili yüksək səviyyədə mənimsəyənlər az bir qisim olur. Tələbələr dərslərinə, işləyənlər isə iş rejimlərinə görə dil öyrənmək cəhdlərinin uğursuz olduqlarını deyirlər. Orta və yaşlı nəslin nümayəndələri isə yaşlarına görə öyrənməyin çətin olmasını bəhanə gətirirlər.
Hər yaşa uyğun dil öyrətmə üsulları var
Kursa getməmişdən öncə insanları “Görəsən nə qədər vaxta tam öyrənə bilərəm?”, “Hansı üsullardan istifadə etməklə dili daha tez və asan mənimsəmək olar?”, “İşlədiyim üçün dil öyrənməyə necə vaxt ayıracam?” və s. kimi bir çox suallar düşündürür. Biz də bu və ya digər suallarla mütəxəssislərə müraciət etdik. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Kaspi Təhsil Mərkəzinin ingilis və rus dilləri proqramı üzrə rəhbəri Xalidə İsayeva deyir ki, dil öyrənmək üçün yaşın fərqi yoxdur. Amma yaşa uyğun dil öyrətmə üsulları mövcuddur: “Hər hansı bir dili öyrənmək üçün heç bir yaş məhdudiyyəti düşünmək doğru olmaz, sadəcə, yaşa uyğun öyrətmə üsulları seçilməlidir. Aparılan tədqiqatlar göstərib ki, 2 və 4 yaşlarında dil öyrənmə daha sürətli olur. Təbii ki, o yaşda uşaqlar öz ana dilində belə danışa bilmədiyi üçün bu fikir hər kəsə təəccüblü görünür, lakin sonrakı illərdə bu fikir uşağın nitqində öz sübutunu tapır. Yəni dili erkən yaşlarda öyrənmək imkanından mütləq istifadə etmək lazımdır. Ancaq bu o demək deyil ki, yuxarı yaşlarda dil öyrənmək mümkün deyil”.
“Vaxtım yoxdur” bəhanəsi
X.İsayeva deyir ki, insanın hər bir yaş dövründə gündəlik rejimi olur və həmişə də vaxtının az olduğunu deyir. Amma dil öyrənmək istəyən insan buna vaxt ayırmalıdır: “İşləyənlər daha çox yetkin insanlardır və işlədikləri üçün dil öyrənməyə zaman ayıra bilmədiklərini səbəb gətirirlər. Ancaq səbəb hər yaş qrupunda var. Kiçik yaşlarda oynamağı öyrənməkdən üstün tuturlar, tələbəlik illərində imtahanları səbəb göstərirlər və təbii ki, işlədikləri dövrdə də işi. Qısası, hər yaşda səbəbimiz “vaxtım yoxdur” olur. Mən bununla çox zaman razılaşa bilmirəm. Burada zaman faktoru dil öyrənənin qarşıya qoyduğu məqsəddən və səbəbdən çox asılıdır. Məsələn, hər hansı bir xarici universitetdə təhsil almaq istəyən gənc istənilən zaman darlığına baxmayaraq, dili öyrənməyə vaxt tapmağa çalışır və nail də olur. Başqa bir misal olaraq, deyə bilərəm ki, əgər dil öyrənmək kiminsə karyerasında dönüş yaradacaqsa, həmin şəxs hər vəchlə buna çalışacaq. Ancaq təəssüf ki, iş rejiminin dil öyrənməyə mənfi təsiri ilə tez-tez rastlaşdığımız üçün buna dil öyrədən kimi bir həll yolu tapmaq bizim borcumuzdur. Belə hallarda dərslərin daha çox sinifdə tam mənimsənilməsinə şərait yaradılır və ev tapşırıqlarını azaltmaq lazım gəlir. Dil öyrənmək insanın işləməsi və ya tələbə olmasından asılı olmayaraq, gündəlik həyatının bir hissəsinə çevrilməlidir. Dili yaxşı mənimsəyə bilmək üçün hər gün onunla məşğul lazımdır. Kitab oxumaq, öyrənilən dildə qısa videolar izləmək, xəbər oxumaq və ən əsası, həmin dildə düşünməyi öyrənmək lazımdır”.
Asan yox, doğru üsul tapmaq
X.İsayevanın sözlərinə görə, dil öyrənməyin asan üsulunu hər insan özü üçün müəyyənləşdirə bilər: “Ümumiyyətlə, öyrənmənin ən asan üsulu şəxsin özünün hansı üsulla daha yaxşı öyrənməsini bilməsidir. Bu, xüsusilə də yuxarı yaşlar üçün vacibdir. Çünki dil öyrənmə sinifdə oxuma ilə bitmir, sinifdən kənarda da buna ehtiyac var. Vacib olan asan yox, doğru olan üsulu tapmaqdır. Əvvəllər təəssüf ki, biz dili yalnız qrammatika üzrə öyrənərdik və sonra da elə bilərdik ki, həmin dili bilirik. Təəssüf ki, hələ də bu üsulla davam etmək istəyən həm öyrənənlər var, həm də öyrədənlər. Asan və doğru üsul isə dörd dil bacarığının (danışıq, yazı, dinləmə, oxu) eyni zamanda inkişaf etdirilməsidir. Digər asan üsul isə doğru kurs seçimidir. Öyrənmə vasitələrinə gəldikdə isə dərslərdən və verilən tapşırıqlardan əlavə, öyrənənlər həm də öyrəndikləri dildə filmlər və ya qısa videolar izləməli, həmin dildə kitab oxumalı, həmin dilin daşıyıcısı olan insanlarla dostluq etməli, dilini öyrəndiyi ölkəyə səfər etməlidir və s”.
"Səviyyəni tez bitirim” düşüncəsini unudun
X.İsayeva deyir ki, kursu müxtəlif səbəblərdən yarımçıq qoyanlar olur. Başlıca səbəb isə onların dili öyrənmə qərarında əmin olmamasıdır: “Digər bir səbəb doğru kurs seçiminin olmaması ola bilər. Başqa bir səbəb isə bəzən nəticəyə tez nail olmaq istəyidir. Dil öyrənmək körpənin addımlamağına bənzəyir. Amma təəssüf ki bəzən biz iməkləmədən yerimək istəyirik, o mərhələni səbrlə keçməyi gözləyə bilmirik. Son zamanlar dil öyrənənlər arasında məşhurlaşan ifadə yayılıb: "Səviyyəni tez bitirim". Ancaq buna “Dili öyrənim” kimi yanaşsalar, sonda istədikləri nəticəyə nail olarlar”.
X.İsayeva deyir ki, kursla bağlı verilən ən çox sual “Nə qədər vaxta öyrənə bilərəm”dir. Dilin nə qədər vaxta mənimsənilməsi tələbənin hansı səviyyədən başlamasından və öyrənmə səbəbindən asılıdır. Ancaq dil daim inkişafa ehtiyacı olan bir sahədir.
Öyrəndiyin dilə sevgi ilə yanaşmaq lazımdır
İngilis və fransız dili müəllimi Gözəl Həsənova da xarici dil öyrənmədə yaşın vacib olmadığını bildirdi. O deyir ki, insan istəsə və qarşısına məqsəd qoysa, hər yaşda xarici dili mənimsəyə bilər: “Qarşısına məqsəd qoymalı və həm də həvəsli olmalıdır. Bəzən kursa gələn tələbələrə tapşırıq verdikdə növbəti dəfə dərsə gələndə müxtəlif bəhanələrlə öyrənə bilmədiklərini deyirlər. Yəni belə olan halda dil öyrənmək olmaz”.
G.Həsənova deyir ki, dil öyrənərkən əzbərçiliyə yol verilməməlidir. Sözlər nə qədər əzbərçiliklə yadda qalırsa, o qədər də tez unudulur. Söz öyrənməklə kifayətlənmək olmaz. Öyrənilən sözlərə uyğun cümlələr qurmaq lazımdır: “Bu, dilin daha çox mənimsənilməsinə şərait yaradır. Tələbələr müəllim yanına gedərkən öncə qrammatikanı tam mənimsəmək istəyirlər. Amma əslində bu, səhv yanaşmadır. Söz ehtiyatı nə qədər çox olarsa, o qədər tez danışmağa şərait yaradır. Çoxlu söz öyrənmək, xarici dildə mahnılara qulaq asmaq, kinolara baxmaq, maraqlı yazılar, kitablar oxumaq lazımdır. Ən yaxşı üsul isə ingilis bir dost tapmaq və onunla danışıb, dili daha da mükəmməlləşdirməkdir. Əgər qeyd olunan vasitələrdən istifadə etməklə məqsədli olaraq çalışsalar, bir ilə ingilis dilini yaxşı səviyyədə öyrənə bilərlər”.
Məqsədsiz insan dil öyrənə bilməz
Psixoloq Vəfa Rəşidova dil öyrənmədə insanın yaşının da müəyyən qədər rol oynadığını bildirdi: “33-40 yaş arasında olan insanlarda dil öyrənməklə bağlı müəyyən narahatçılıqlar yaşana bilir. Yəni bu cür yaşlarda kursu yarımçıq qoyanlar olur. Amma bunu hər kəsə şamil etmək olmaz. Burada önəmli olan insanın məqsədi və dilin ona nə üçün lazım olmasıdır. Məqsədsiz insan heç nə əldə edə bilmir. İnsan dil öyrənməyi qarşısına məqsəd qoymalı və hansı mərhələyə qədər öyrənəcəyini öncədən qərarlaşdırmalıdır. Məqsədsiz insan dil öyrənməyə çalışırsa, o, ya kursu yarımçıq buraxacaq, ya da ki, öyrənə bilməyəcək.
Stressə davamlı və səbrli olun
Psixoloq deyir ki, dil öyrənmək istəyən insan stressə davamlı və səbrli olmalıdır: “Bu cür insanlar özləri üçün müəyyənləşdirir ki, onsuz da mən bu istiqamətdə gedirəm və məqsədimə nail olmalıyam. Bu halda istənilən nəticəni əldə etmək olar”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər