Döngələrdən keçən yollar

Döngələrdən keçən yollar

Mədəniyyət
11 Dekabr 2012, 08:10 1601
Son illər ölkəmizdə kino istehsalı sahəsində nəzərəçarpacaq dəyişikliklər baş verir. Xüsusən də ümummilli məsələlərlə bağlı hadisələrin ekranlaşdırılması və tamaşaçıların müstəqilliyimizin ilk illərinin filmlərdən izləməsi sevindirici haldır. Hadisə və proseslərin obrazlar vasitəsi ilə təqdim olunması təqdirəlayiqdir.

İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Döngələr” adlı 15 seriyalı bədii-televiziya filmini izləyən hər bir tamaşaçı bu söylədiklərimizi təsdiq edə bilər. Filmin süjet xətti 1980-1990-cı illəri əhatə edir. Bu illərin Azərbaycanın ictimai-siyasi həyatında nə kimi iz qoyduğunu çoxumuz xatırlayırıq. Bu illər çox uzaq tarix deyil. “Döngələr” dövrün qarışıq siyasi mənzərəsinə toxunmasa da, filmin klassik dramaturgiyası var. Hadisələr paytaxtda deyil, Azərbaycanın bölgələrinin birində cərəyan edir və filmin əsas qəhrəmanı rayonun birinci katibidir. Biz həyatımızda hər zaman katibləri Kreml direktivləri əsasında işləyən məmur-mütləqlər kimi xatırlayırıq. Amma “Döngələr”in raykom katibi Mamed Kərimov vicdanla xalqa xidmət edən, əhalinin problemlərinə hər zaman qayğı göstərən insandır. Film aktyor Eldəniz Rəsulovun canlandırdığı raykom katibinin keşməkeşli həyatından və həmçinin o dövrü problemlərindən bəhs edir.

Film zamanının sosial siyasi mənzərəsini yüksək səviyyədə canlandırır. Bu baxımdan “Döngələr” həm də maarifləndirici xarakter daşıyır. Filmin əsas ideyası yaxşı insanın istənilən situasiyada, bütün zamanlarda və məkanlarda olduğu kimi qala bilməsini cəmiyyətə təlqin etməkdir. Filmə Dağlıq Qarabağ hadisələri ilə bağlı epizodlar da salınıb. Əlbəttə, xeyr olan yerdə şər, haqq olan yerdə nahaq olur.

“Döngələr”də tamaşaçı mənfi obrazla da qarşılaşır. Bu qaraj müdiri Əlişdir. Aktyor Abbas Qəhrəmanov dələduzluqla məşğul olan bir qruplaşmanın üzvü olan Əlişi çox ustalıqla canlandırır. Əliş öz mənafeyini güdən, hər kəsdən üstün olmaq arzusu ilə alışıb-yanan və vəzifəyə sahiblənmək üçün hər şeyə hazır olan birisidir. Ona elə gəlir ki, o çoxundan üstündür, ona görə də fürsət düşən kimi hər kəsi bu məqsədə qurban verir.

Filmin maraqlı cəhətlərindən biri də onu Azərbaycandan başqa digər iki ölkədə Türkiyə və Belarusda çəkilməsidir. Bununla rejissor həm də tamaşaçını birbaşa hadisələrin baş verdiyi məkanlara aparır.

Filmdə mühüm məqamlardan biri də serialın uğurlu musiqi seçimi ilə müşayiət olunmasıdır.

Filmin ssenari müəllifləri İsmayıl Ömərov, Rafiq Səməndər, quruluşçu rejissoru Cavid Təvəkkül, quruluşçu operatoru Emin Rəhimov, quruluşçu rəssamları Rövşən Mehdiyev, İbrahim Əminovdur. Əsas rollarda Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Eldəniz Rəsulov, Abbas Qəhrəmanov, Qurban İsmayılov, Yuri Baliyev, aktyorlar Rasim Cəfər, Qorqud Cəfərli, Sovqat Səmədova, Şahin Nəsirov və başqaları çəkiliblər. “Döngələr”in niyə bu qədər peşəkar ekran əsəri kimi qəbul edilməsinin bir sirri də bundadır.

Niyaz NİFTİYEV