AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

DMX Xudat şəhərində maarifləndirmə tədbiri keçirib

DMX Xudat şəhərində maarifləndirmə tədbiri keçirib

Təfsilat
16 May 2016, 15:43 680
Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Xudatda maarifləndirmə tədbiri keçirilib. Vətəndaşsızlığın aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi prosesi, 10 gündən artıq ölkədə qalmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin verilməsi, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı Xidmət tərəfindən görülmüş işlər barədə geniş söhbət açılan tədbirdə 240-dan çox ictimaiyyət və aidiyyəti dövlət qurumlarının nümayəndələri, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirakı ediblər.
Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, vətəndaşlara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin genişləndirilməsi və müraciət edənlərin məmnunluğunun təmin olunması üçün DMX-i aparatının, o cümlədən 8 regional miqrasiya idarəsinin fəaliyyəti tam təmin olunub. Dövlət başçısnın Xidmətin qarşısında qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrasını təmin etmək üçün ictimaiyyətin maarifləndirilməsi, müraciətlərin daha operativ şəkildə araşdırılması və həll edilməsi məqsədilə  qurum yerlərdə mütəmadi olaraq görüşlərin keçirilməsinə, səyyar xidmətlərin təşkilinə xüsusi önəm verir.
Xidmətin məsul əməkdaşları bildiriblər ki, Azərbaycan Prezidentinin 6 mart 2008-ci il tarixli fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin  vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən DMX Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, ölkə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlayıb. Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış vətəndaşlığı olmayan, keçmiş sovet pasportu ilə yaşayan və vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməmiş şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirləri davam etdirir. Konkret faktlarla diqqətə çatdırılıb ki, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir və bu məqsədyönlü siyasət Azərbaycan dövlətinin humanist mahiyyətinin nümunəsidir.
Görüşdə həmçinin, ikili vətəndaşlıqla bağlı suala cavab olaraq DMX əməkdaşı bildirib ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Tədbirdə miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə də geniş məlumat verilib. Bildirilib ki, Miqrasiya Məcəlləsində əksini tapmış müddəalara əsasən respublikamızda daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinin, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması əcnəbilərin cəmiyyətimizə inteqrsiyası baxımından böyük əhəmiyyət daşıyır.
Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, o cümlədən istər vətəndaşların, istərsə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin həm də elektron qaydada qəbulu barədə məlumat da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli  sərəncamına əsasən fəaliyyəti təmin edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur, bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. 
Görüşün sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.
Daha sonra vətəndaşlıq məsələsi ilə bağlı Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisində yaşayan 14 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti dinlənilib və izahedici söhbət aparılıb.
Tədbir iştirakçıları adından Nəzakət İskəndərova maarifləndirmə tədbirinin keçirilməsinə görə minnətdarlığını bildirb.