• cümə axşamı, 28 mart, 13:24
  • Baku Bakı 16°C

DMX işəgötürənlərin məlumatlandırılmasına həsr olunmuş tədbir keçirib

22.04.16 15:33 823
DMX işəgötürənlərin məlumatlandırılmasına həsr olunmuş tədbir keçirib
200-dən çox işəgötürənin 240-a yaxın nümayəndəsinin qatıldığı tədbir “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na əsasən növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim edərkən əməkçi miqrantların ixtisaslarının Məşğulluq Təsnifatına uyğun olaraq göstərilməsi ilə əlaqədar işəgötürənlərin məlumatlandırılmasına həsr olunub.
Əvvəlcə Xidmətin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev iştirakçılara Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə təsdiq olunmuş yeni “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” barədə məlumat verib. Daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla təsdiq edilmiş Qaydadakı yeniliklərə dair izahedici söhbət aparılıb. Bildirilib ki, əvvəlki Qaydadan fərqli olaraq yeni sənədə görə işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə işəgötürənlər hər il may ayının 1-dək Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidirlər. Məşğulluq Təsnifatı üzrə peşələrin müəyyənləşdirilməsi vahid mənbədir.
Diqqətə çatdırılıb ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar və yalnız işəgötürən tərəfindən onlar üçün iş icazəsi alınmasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
Qeyd olunan işəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.
Sonra tədbirə dəvət olunmuş Dövlət Statistika Komitəsinin əməkdaşı Lalə Salamzadə beynəlxalq standartalara uyğun olaraq tərtib edilmiş Məşğulluq Təsnifatının mahiyyətindən söhbət açıb. Təsnifatda əksini tapan peşə və ixtisaslar, onların kodlaşdırılması kimi zəruri məqamlar əyani qaydada iştirakçılara təqdim olunub.
İnteraktiv formada davam edən tədbirdə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin məsul əməkdaşı, II dərəcəli miqrasiya xidməti qulluqçusu Zəfər Şamilov adıçəkilən Qayda ilə müəyyən olunmuş əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində (http://migration.gov.az) yerləşdirilməsinin və onlayn rejimdə qəbulunun da yeniliklərdən olduğunu vurğulayıb. Həmçinin, sənədin doldurulması qaydasını izah edib.
DMX Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov respublikamızda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normalar haqqında danışıb. Ölkəmizdə miqrasiya sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində görülmüş işlərə toxunub. Qeyd edib ki, 2013-cü il avqustun 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin tənzimlədiyi sahə üzrə müvafiq prosedurlar sadələşdirilib, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb. Habelə iş icazəsinin alınması tələb olunmayan halların sayı artırılmışdır. Bu hallardan biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarıdır.
Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilərək Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsinə və müddətinin uzadılmasına görə ödəniləcək dövlət rüsumunun məbləği azaldılaraq 3 ayadək müddətə 350 manat, 6 ayadək müddətə 600 manat, 1 ilədək müddətə 1000 manat müəyyənləşdirilib. Qeyd olunan qanuna edilmiş dəyişikliyə qədər isə iş icazəsinin müddətindən asılı olmayaraq dövlət rüsumu yalnız 1000 manat müəyyən edilmişdir.
Tədbirdə o da bildirilib ki, Miqrasiya Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Bu o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur.
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsini, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.
Artıq, Xidmətin Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
Sonra xidmətin Miqrasiya nəzarəti baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Rövşən Səfərov qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri, əldə olunmuş nəticələr haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, bu il martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsinin 578-ci maddəsinə əsasən işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə, bundan əlavə, həmin maddəyə görə əgər işəgötürən işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin edərsə buna görə məsuliyyət daşıyır.
Görüşdə bir fikir də qeyd olunub ki, bu gün ölkəmizdə həyata keçirilən böyük layihələrdə yerli işçi qüvvəsinin təmsil olunmasının təmin edilməsi əsas prioritetlərdəndir. Çünki, Azərbaycan Prezidentinin dediyi kimi, ölkənin inkişafından birinci növbədə onun vətəndaşı faydalanmalıdır.
Dövlət Miqrasiya Xidməti bu siyasətin icrası olaraq ölkənin energetika, neft qaz layihələrində milliləşmə proqramının icrasına bu nöqteyi-nəzərdən bir töhfə verib. Belə ki, “Əsrin müqaviləsi”ndə əksini tapan, təsbit olunan müddəalara əsasən ölkəmizin neft-qaz yataqlarında operator, kontraktr, sub-kontraktr olan şirkətlərin hər biri özlərinin milliləşmə proqramlarını işləyib tamamlayıb və 2014-2018-ci illəri əhatə edən milliləşmə proqramı təsdiq olunub. Həmin proqramın müddəalarına uyğun olaraq, 2018-ci ildə energetika sektorunda mütəxəssis hazırlığı ilə bir yerdə ümumi əməkdaşların 95 faizi Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olmalıdır.
Tədbirdə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
İştirakçılar tədbirin təşkilindən razı qaldıqlarını bildirib, ətaraflı məlumat və maarıflnədirməyə görə minnətdarlıq ediblər.
Görüşün nəticəsi ümumiləşdirilərək qərara alınıb ki, bütün qeyd olunanlar Azərbaycan Respublikasında işəgötürənlərin rahatlıqlarının təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəmizə xarici investisiyaların yatırılması, həmçinin yeni iş yerlərinin yaradılması üçün əlverişli şərait yaratmaqla yanaşı, bu istiqamətlərdə fəaliyyət göstərən əcnəbi sahibkarların ölkəmizin miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməklə uğurlu fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.
banner

Oxşar Xəbərlər