• cümə, 29 Mart, 17:12
  • Baku Bakı 14°C

Dizellə işləyən avtomobillərdən imtina olunacaq

27.11.18 11:30 772
Dizellə işləyən avtomobillərdən imtina olunacaq
Son dövrlərdə dizel yanacağı ilə işləyən avtomobilləri qadağan edən Avropa ölkələrinin sayı artmaqdadır. Buna əsas səbəb kimi, ekologiyanın qorunması ilə bağlı məqamlar göstərilir. Bəs görəsən dizel yanacağından imtinanın daha hansı səbəbləri var? Azərbaycanda da nə vaxtsa dizellə işləyən avtomobillər qadağan oluna bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyir ki, bu proses mərhələli şəkildə həyata keçirilə bilər: "Son illər baş verən iqlim dəyişikləri və texnoloji inkişaf modelləri dizeldən imtinaya şərait yaradıb. Bu, xüsusən inkişaf etmiş Avropa ölkələrində özünü göstərir. Dizel yanacağından imtina edilməsinin əsas səbəbi ekoloji fəlakətlərin və təbiətin çirklənməsinin qarşısını almaqdır. Çünki dizel ən çox çirklənməyə səbəb olan yanacaq növlərindən biridir. Onun yanması nəticəsində təbiətə dəyən ziyanın həcmi kifayət qədər böyükdür. Dizel yanacağı ilə istifadə olunan avtomobillər artıq qlobal istiləşməyə öz təsirini göstərməkdədir. Bundan başqa, dizel yanacağı yanarkən ayrılan qazın insan sağlamlığına da böyük təsiri var. Bu fəsadlar böyük şəhərlərdə daha çox hiss olunmaqdadır. Belə olan təqdirdə isə dizeldən imtinanın vaxtı çatdığını düşünürəm. Bunun Azərbaycanda və dünyada tətbiqinə böyük ehtiyac var. Hətta digər yanacaq növlərinin də keyfiyyət göstəriciləri tələb olunan standartlara cavab vermir. Zamanla onların da istifadəsindən imtina ediləcək. Əsas məqsəd daha keyfiyyətli benzindən istifadə etməkdir. Amma bu heç də asan məsələ deyil. Bunun üçün çox böyük texnoloji dəyişikliklərə ehtiyac yaranacaq. Xüsusilə kənd təsərrüfatı sahəsində istifadə olunan maşın və texnikaların böyük əksəriyyəti dizel yanacağından istifadə edir. Bu özlüyündə böyük bir prosesdir. Ona görə də bu mərhələ tədricən həyata keçirilməlidir. İstər aqrar sektorda, istərsə də böyük yükdaşımalarda dizel yanacaqlarından istifadə olunur. Onların mühərriklərinin gücü benzindən istifadəyə imkan vermir. Yalnız yeni mühərrik növlərinin və digər texnoloji avadanlıqların istehsalı sayəsində bu mərhələyə keçə bilərik. Əgər bunlar olarsa, o zaman təbiətə və ətraf mühitə zərərli olan yanacaq növündən birdəfəlik imtina oluna bilər. Azərbaycanda da zamanla bu məsələ öz həllini tapacaq”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, sabiq maliyyə naziri Fikrət Yusifov deyir ki, dizellə işləyən avtomobillərdən imtina təbii bir prosesdir: "Yanacağın daha keyfiyyətli formasından istifadəyə keçilməsi ilə bağlı məsələ xeyli müddətdir ki, müzakirə olunur. Elm və texnikanın sürətli inkişafı buna əsas verir. Avropada ilk növbədə avtomobil mühərriklərinin sinerji sisteminə keçidi yaxın bir neçə ildə tətbiq olunacaq. Belə bir şəraitdə isə tədricən dizel yanacağından imtina olunacaq. Təqribən beş il sonra bazarda elektromobillər tam dominantlıq edəcək. Hazırda dizel yanacağının atmosferə buraxdığı zəhərli qazlar ciddi problemə çevrilib. Ekoloji tarazlığın bərpası çox ciddi bir məsələdir. Ekoloji tarazlığın bərpası üçün dünya birliyi müəyyən cəhdlər göstərir. Bu istiqamətdə görülən işlərdən biri də dizel yanacağından imtinadır. Ümid edirəm ki, yaxın gələcəkdə təkcə dizel yanacağı ilə deyil, hətta benzinlə işləyən avtomobillərin də sayı azalacaq. Bu təbii bir prosesdir və Azərbaycan da bu prosesdən geri qalmayacaq. Dünyada baş verən qlobal proseslərin ölkəmizə də ciddi təsiri var. Vaxtilə mobil telefonlar Avropada istifadə olunarkən fikirləşirdik ki, görəsən, bu telefonlar nə vaxtsa Azərbaycana da gələcəkmi? Bu isə qısa bir müddətdə baş verdi. Məncə bu proses də eyni qaydada baş verəcək”.
İqtisadçı-eskpert Rəşad Həsənov söylədi ki, uzun müddətdir ki, bu problem inkişaf etmiş ölkələrin gündəmində müzakirə olunmaqdadır: "Ekoloji təmizliyin və təbiətin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsi də dizel yanacağından imtina etməkdir. Dizel yanacağı ilə istifadə olunan avtomobillərin istismarı zamanı təbiətə atılan tullantıların məhdudlaşdırılması vacib məsələlərdən biridir. Bu mənada dizellə işləyən avtomobillərdən imtina sözügedən istiqamətdə atılan addım kimi qəbul oluna bilər. Amma Azərbaycan və digər inkişaf etməkdə olan ölkələr üçün bu prosesə qoşulmaq bir qədər gecikəcək. Hətta deyərdim ki, hələlik bu ehtimal sıfıra bərabərdir. Hazırda Azərbaycanda ekoloji sistemin qorunması ilə bağlı görülən işlər və eyni zamanda, iqtisadi imkanlar bu tipli qərarların qəbul edilməsinə imkan vermir. Əgər belə bir qərar qəbul edilərsə, bu, dövlət büdcəsi üçün ağır bir yük formalaşdıra bilər. Belə avtomobillərin dövriyyədən kənarlaşdırılması böyük xərc tələb edən bir prosesdir. Bununla yanaşı, Azərbaycan özü dizel istehsalçısıdır. Hazırda dizellə işləyən avtomobillər dövriyyədən kənarlaşdırılarsa, transport yanacağı idxalının artması baş verə bilər. Aİ-92 markalı avtomobil yanacağını Azərbaycan özü istehsal edir. Yerli müəssisələr isə mövcud tələbatı ödəməkdə çətinlik çəkir. Əgər dizel yanacağından birdəfəlik imtina edilərsə, o zaman tələbat kəskin şəkildə artacaq ki, belə olan halda Azərbaycan Aİ-92 markalı yanacağının idxalçısına çevrilə bilər. Bu isə arzuolunan hal deyil. Düşünürəm ki, bu kimi məsələlər mütləq nəzərə alınmalıdır. Orta müddətli dövr üçün, yəni növbəti on il ərzində Azərbaycanda dizel yanacağı ilə fəaliyyət göstərən avtomobillərin dövriyyədən kənarlaşdırılması ehtimalı çox aşağıdır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər