• cümə axşamı, 28 mart, 18:57
  • Baku Bakı 13°C

Divarları canlandıran – Modern peşə adamı

13.06.15 13:05 1647
Divarları canlandıran – Modern peşə adamı
O, düşünür ki, əgər bir gəncin dünyası rəngli və fərqli deyilsə, yeni nələrsə yarada bilməz. Hər bir gəncin dünyaya öz pəncərəsindən baxmasının tərəfdarıdır. Onunla tanışlığımız rəsmlərindən ibarət sərgisində baş tutdu. O, fərqli düşüncələri, əsərləri ilə həmyaşıdlarından fərqlənirdi. Graffity Street Art (küçə sənəti) ilə məşğul olur. Dar küçələrdə rastlaşdığımız heyrətamiz şəkillərdə məhz bu gəncin də imzası var. Müsahibimiz rəssam-illüstrator Azər Məmmədlidir.
Tarixçilikdən küçə sənətinə
Azər 1994-cü ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Ali təhsilli tarixçi olsa da, bu ixtisas üzrə işləməyib: “Uşaqlıqdan rəsmə böyük marağım var idi. Şəkil çəkmək qabiliyyətimin fərqində idim. Əslində bu istedad bizə genetik keçib və o vaxtdan kurslara getməyə başladım. Çünki atamda da bu sahədə müəyyən bacarıqlar olub. İlk dəfə kitabları cızma-qara edərkən rəsm çəkməyə başladım. Sonra anam bunun adi bir şey olmadığının fərqinə vardı və məni 1-ci sinifdən rəsm dərnəyinə yazdırdı. 1 ay məşğul olduqdan sonra məktəbdə rəsm sərgim keçirildi”.
Müsahibimiz sevdiyi sənətlə məşğul olsa da, başlanğıcda ailəsinin narazılığı ilə qarşılaşıb: “Əvvəllər peşəkar şəkildə bu sənətlə məşğul olduğumu gördükdə, ailəm mənə qarşı çıxdı. “Bu sənətdə bir şey yoxdur”, “Boşuna vaxt itkisidir” – deyib, məni sənətdən uzaqlaşdırmağa çalışdılar. Amma uğurlar əldə etdikcə, ailəm də mənə dəstək oldu”.
“Beynimin məhsulunu çəkirəm”
Azər “normal” rəsm çəkən rəssamlardan deyil. Onun qeyri-adiliyi də məhz bundadır. Müsahibimizin çəkdiyi rəsmlər digərlərindən fərqlənir. Həqiqətən də həmsöhbətimizin öz dünyası var və bunu kağıza köçürür. O deyir ki, heç vaxt kiminsə onu yönləndirməsini xoşlamayıb: “Dərnəyə getdikdə rəsmləri müəllimin verdiyi tapşırıqlar əsasında çəkirdim. Amma xoşlamırdım ki, kimsə məni yönləndirsin. Buna görə dərnəkdən çıxdım və öz beynimin məhsulunu çəkməyə başladım”.
İxtisasının ardınca getməsə də, düşünür ki, Tarix fakültəsini bitirməsi gördüyü sərbəst işdə də ona yardımçı olur: “Rəsm çəkərkən belə, insanın savadlı olması çox önəmlidir. Oxuduğum sənətlə nə vaxtsa məşğul olacağımı bilmirəm. Amma tarix çəkdiyim rəsmlərdə mənə kömək olur. Əsasən tarixi səhnələri canlandırarkən sənətimdən faydalanıram”.
Qraffiti və vandalizm…
Azər 5-6 ildir küçə sənəti ilə də məşğuldur. Rokse ləqəbi ilə boş divarlara rəsmlər çəkən həmsöhbətimiz hətta Qraffiti festivalında ikinci yerə layiq görülüb. O, deyir ki, ölkəmizdə qraffiti sahəsində özünü göstərənlər çox azdır: “Azərbaycanda qraffiti 1999-cu ildən var. Lakin gənclər bu sahədə özlərini göstərə bilmirlər. Buna səbəb ictimai rəy, bu işlə məşğul olanların sıxışdırılması və bu sənətin vandalizm kimi qəbul olunmasıdır. Halbuki bizim məqsədimiz dağılmış, köhnə divarlara ikinci həyat vermək, onları daha canlı, rəngli göstərmək, şəhəri boz divarlardan xilas etməkdir. Lakin bunlar bizdə birmənalı qarşılanmır və əziyyətlə ərsəyə gətirdiyimiz işlər bir neçə saata məhv edilir”.
Azər deyir ki, rəsm çəkərkən fərqli hadisələrdən ilhamlanır: “İlham qaynağım içində olduğum vəziyyətdən asılıdır. İşlərimin yarısı qara, yarısı həddindən artıq rənglidir. Zövqüm bir az fərqlidir. Mən qorxulu mühitləri, səsləri, musiqini sevirəm. Xarabalıq yerlər, kimsəsiz ərazilər, vahiməli binalar mənə ilham verir. Həmçinin insan ayağı dəyməmiş təbiətin gözəlliyi, təmizliyi və uzaqdakı rənglərin bir-birinə qarışmasından da bəzən ilham alıram. Bu, həmin vaxtkı psixoloji vəziyyətimdən asılıdır”.
Eyni işi görsək də…
Azərbaycanda gənclər arasında illüstrasiyaya, küçə sənətinə böyük maraq olduğunu düşünən müsahibimiz deyir ki, bu sənətin gələcəyi var. O qraffiti sahəsində keçirdiyi ilk sərgidə bunun şahidi olub: “1-ci sinifdəki sərgimdən sonra bu, mənim ilk fərdi sərgimdir. Düzünü desəm, belə reaksiya gözləmirdim. Amma sərgiyə maraq kifayət qədər idi. Açılış günü sərgini 100-dən çox adam ziyarət etdi və gün boyu da gəlməyə davam edirlər. Qraffiti yeni dalğa olduğu üçün böyük maraqla qarşılanır. Şəkillər izləyiciyə çox maraqlı gəlir”.
Azər düşünür ki, onların komandasında hər gəncin öz dünyası var: “Yaradıcı insan fərqli düşüncələrə malik olur. Belə olmasa, o, yarada bilməz. Bizim hər birimizin öz dünyamız var. Eyni işi görsək də, çəkmə texnikalarımız, işlərimiz, üslubumuz bir-birindən fərqlənir. Bizi çəkəndə görməsələr belə, işlərimizi rahatlıqla bir-birindən ayırd edə bilərlər. Əgər sənin dünyan fərqli deyilsə və sən bu dünyaya öz pəncərəndən baxmırsansa, yeni nələrisə yarada bilməzsən”.
Müsahibimiz sonda iş zamanı başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü. O, deyir ki, hər dəfə qraffiti çəkəndə başına maraqlı hadisələr gəlir: “Hər dəfə divarlara rəsm çəkəndə fərqli hadisələrlə qarşılaşırıq. İnsanlar bizə mane olduğu üçün hər dəfə tez-tez rəsmlərimizi çəkib qaçırıq. Bir dəfə divara şəkil çəkərkən, tələsdiyimdən spreyi tərsinə tutub özümü rəngləmişdim”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər