• çərşənbə, 17 Aprel, 02:35
  • Baku Bakı 14°C

Divarlara “həyat” verən rəssam - Fotolar

16.07.18 12:30 11630
Divarlara “həyat” verən rəssam - Fotolar
Divarlara həyat verən rəssam kimi tanınır. Boz, rəngsiz, cansız divarlar onu narahat edir. Deyir ki, icazə versələr, əlinə boyalarını götürüb bütün şəhəri rəngləyər. Məqsədi rəngarəng rəsmlər çəkib insanlara neqativ yox, xoş əhval-ruhiyyə, pozitiv enerji ötürməkdir.
"Rəsm rahatlıq, sakitlik və səbrdir”
Müsahibimiz divar rəssamı Turan Nəzirovadır. 29 yaşı var, Maliyyə İqtisad Kollecini bitirib. Rəssamlıq təhsili olmasa da, həvəskar şəkildə başladığı bu sənəti peşəsinə çevrilib: "6 ildir ki, rəsm çəkirəm. Əvvəllər hobbi kimi yanaşırdım. Düşünməzdim ki, hobbimi inkişaf etdirib, ondan pul qazanım. Sadə karandaşla kağız üzərində cızma-qara edirdim. Rəsm çəkməyi internetdə maarifləndirici rəsm saytlarından öyrəndim və təkmilləşdirdim. Özüm üçün çəkdiyim cızma-qaranın bu qədər tanınacağını gözləmirdim”.

Turan deyir ki, nə ailə üzvləri arasında, nə də qohumlarında rəssam var. O, istedadın genetik olduğunu, yaxud insana verilən xüsusi vergi olduğunu düşünmür. Ona görə, hər insanın xüsusi istedadı olur. Sadəcə, onu tapmaq və təkmilləşdirmək lazımdır: "Rəsm rahatlıq, sakitlik və səbirdir. Hər bir insanın daxilində fitri istedad olur. Sadəcə, istəmək və üzərində çalışmaq lazımdır. Rəsm çəkərkən çox düşünürəm. Ora mənim gizli dünyamdır. Hər bir insan üzərində çalışsa, rəsm çəkə bilər. Çünki mən də birdən-birə belə çəkməmişəm. Əvvəllər hamı kimi adi şəkillər çəkirdim. Amma artıq rəsm çəkmək məndə tələbata çevrildi və özümü təkmilləşdirdim. Düzdür, bir çox hallarda alınmırdı. Amma bu, məni ruhdan salmırdı. "Bacaracam” deyirdim və bacardım”.
"Uşaq səndən yaxşı çəkər...”
Həmsöhbətimizin sözlərinə görə, ilk çəkdiyi şəkillər gülüş hədəfinə çevrilib. Hətta "Necə bərbad çəkirsən” deyənlər belə olub: "İlk çəkdiyim rəsmlər çox eybəcər və qorxunc idi. Təsəvvür edin, ilk dəfə karandaşı götürmüşəm və məndə şəkil çəkməyə həvəs yaranıb. Texnikanı bilmirdim, amma çəkmək istəyirdim. Səhvlərim də çox idi. Eybəcər şəkillər çəkirdim. Bir neçə nəfər, yaxınlar, tanışlar mənə deyirdi ki, "bu nə gündə şəkillərdir sən çəkirsən. Uşaq səndən yaxşı çəkir”. Bu sözlər mənə daha çox təsir etdi və inad yaratdı. Bəzən ruhdan düşür, hətta ağlayırdım. Amma 10 nəfərin içində 1 nəfər xoş söz deyəndə, bu, mənə motivasiya verirdi və inanmayanlara özümü sübut etmək üçün çalışırdım. Nə qədər bərbad çəksəm də, hər dəfə daha yaxşısını etmək üçün çalışdım və məqsədimə çatdım”.

Turan deyir ki, kağızda çəkərkən, heç vaxt rəsmdən pul qazanacağını düşünməyib: "Rəsmlərimdən pul qazanmağı düşünmürdüm. Həvəskar şəkildə çəkib Facebook profilimdə paylaşırdım. Hər dəfə bir dostum onun da portretini çəkməyimi istəyirdi. Təmənnasız hamının şəklini çəkib paylaşırdım. Daha sonra tələbat çoxaldı. Artıq tanımadığım insanlar da portretlərini çəkməyimi istədi. Vaxt məhdudiyyətindən işlərimi çatdıra bilmirdim. Düşündüm ki, pulla çox adam çəkdirməz və sifarişlə çəkdiyimi elan etdim. İlk pulumu da bu vaxt qazanmağa başladım”.
"Ətrafımda rəngarənglik, pozitivlik görmək istəyirəm”
Kağız üzərində çəkdiyi portretlərdən bir il sonra divara çəkməyə başlayıb. Elə ilk işi də, yaşadıqları mənzilin divarları olub: "Biz ikimərtəbəli köhnə binada qalırıq. Blok çox səliqəsizdir. Nə qədər təmir olunsa da, mənə çox darıxdırıcı gəlirdi. Boş divarlar məni hər zaman sıxır. Ətrafımda rəngarənglik, pozitivlik görmək istəyirəm. Boyamı götürüb bloka çıxdım. Əvvəlcə qapının kənarlarına naxışlar çəkdim. Daha sonra pilləkənin yanında qarışıq üslubda qız şəkli çəkdim və ətrafında müxtəlif təsvirlər yaratdım. Qonşular çox bəyəndilər. Hətta sevinirdilər ki, bizim blokumuz digərlərindən fərqlənəcək. Qonşu blokdan da gəlib baxıb fikirlərini bölüşürdülər. Blokumuza gələn qonaqlar şəklin yanında mütləq şəkil çəkdirirdilər. Bloka rəngarənglik, canlılıq gəlmişdi”.

Turan deyir ki, divara şəkil çəkmək çox çətindir. Həmsöhbətimizin sözlərinə görə, nərdivanda saatlarla ayaq üstdə qaldığı üçün bəzən ayaqlarını "hiss etmir”: "Divara şəkil çəkmək asan deyil. Kağızda çəkdiyin rəsmin ölçüsünü rahat götürə bilirsən. Amma bu, divarda daha çox vaxt tələb edir. Əvvəlcə ölçünü götürürəm, sonra çəkirəm və rəngləyirəm. Divar daha böyük olduğundan bir neçə dəfə karandaşla ölçüb-biçirəm. Səhv çəkdikdə isə, işim ikiqat çətinləşir. Hündür divara əlimin çatması üçün nərdivana çıxıram. Nərdivanda saatlarla ayaqda qalıram. Bəzən bu səhərdən axşama kimi çəkir. Bir rəsmi 3-4 günə də çəkirəm, 1 həftəyə də. Nərdivanda durduğuma görə, axşamlar ayaqlarım o qədər ağrıyır ki, hiss etmirəm”.
"Tərif eşitdikdə əziyyətim yoxa çıxır”
Bu qədər əziyyətin qarşısında Turanın tək mükafatı şəklinin bəyənilməsidir. Onda ağrı da keçir, əziyyət də... : "Rəsm çəkdiyim məkanda məkan sahibləri, yoldan keçənlər şəkli bəyənib fikirlərini bildirdikdə çox sevinirəm. Bu sözlər hər şeyə, bütün əziyyətə dəyər. Nəticə yaxşı olduqda, insanın ruhu dincəlir. Tərif eşidəndə ayağımın ağrısını da, çətinlikləri də unuduram. Düzdür, əziyyət çəkirəm, amma bu əziyyətə dəyər. Çəkməyə başlayanda fikirləşmirəm ki, bundan nə qədər pul alacam və pulu nəyə xərcləyəcəm. Bunlardan əvvəl fikirləşdiyim şey odur ki, yaxşı alınsın. Ortaya yaxşı iş qoyduqda və tərif eşitdikdə, bütün əziyyətim yoxa çıxır”.
"Boyaların qoxusu atamı narahat edirdi”
Turan şəkillərini gecələr çəkdiyi üçün hətta valideynləri də onu dəstəkləməyib: "İlhamım gecələr gəldiyi üçün, o vaxt daha yaxşı işləyirəm. Bu xüsusiyyətim valideynlərimə xoş gəlmirdi. İşığı yandırdığım üçün anam mənə acıqlanırdı. Boyaların qoxusu atamı narahat edirdi. Valideynlərim deyirdilər ki, sənin şəkillərin kimə lazımdır? atam boya qoxusuna hirsləndiyi üçün bəzən soyuq da olsa, çıxıb balkonda çəkirdim ki, boyanın qoxusu evə yayılmasın. Artıq valideynlərim də rəsm sevgimi qəbul ediblər. İndi uğurlarıma sevinirlər. Hətta şəkillərimi qohumlara göstərib fəxr edirlər”.
"Divarlar boz görünür”
Bizə sadə görünən küçələr, divarlar Turana boz görünür. Deyir ki, bütün divarlara həyat verib, canlandırmaq istəyir: "Bakının küçələrində divarların rəngi məni narahat edir. Azərbaycanda küçədə divarlara şəkil çəkməyə icazə yoxdur. İcazə verilsəydi, əlimə boyaları alıb bütün şəhəri rəngləyər, canlandırardım”.

Turanın çəkdiyi rəsmlər qeyri-adiliyi ilə fərqləndiyi üçün elə sifarişçilər də ondan fərqli, standartlara cavab verməyən şəkillər istəyirlər: " Daha çox insan şəkli çəkirəm. Amma heç bir şəklim sadə olmur. Qarışıq üslubda olan şəkillər insanların diqqətini daha çox çəkir. Məsələn, qadın şəklinin bir hissində saç, digər hissəsində gül, ağac kimi qeyri-adi formalarda çəkməyi xoşlayıram. Sifariş verənlər də deyir ki, şəkillərin qeyri-adiliyini sevirlər. Özüm fikirlərimə yaxın sifariş olanda, daha həvəslə çəkirəm. Mənzərə şəkillərini çox az sifariş edirlər. Daha çox rəngarəng, insan portretlərini istəyirlər. Məsələn, Enşteynin şəklini 3-4 dəfə çəkmişəm”.

Turan deyir ki, ən çox vaxt sərf etdiyi şəkli 10 günə çəkib: "Böyük ev idi və kinoteatr otağına sifarişçinin istəyi ilə xarici aktyorların portretini çəkirdim. Bir divarda 8 portret idi. Sifarişçilər çəkdiyim şəkillərdə mənə azadlıq verirlər və bu, məni sevindirir. Standart şəkillər çəkib hansısa çərçivəyə girmək istəmirəm. Öz beynimin məhsulunu ortaya qoymaqdan həzz alıram”.
"Şəhərlərin divarlarına şəkillərimlə imza atmaq istəyirəm”
Məlumat üçün bildirək ki, Turanın şəkilləri 30-dan çox sərgidə yayımlanıb və öz şəxsi sərgisini də keçirib: "Bir dəfə fərdi sərgim olub. O zaman şəkillərimdən razı deyildim. Şəkil çəkməyə başladıqdan bir il sonra sərgi keçirdim. Məşhur rəssamlarla tanış oldum və daha sonra sərgilərdə iştirak etdim. Gələcəkdə divar rəsmlərimdən ibarət sərgi keçirməyi planlayıram”.

Turanın ən böyük arzusu gələcəkdə emalatxanasının olmasıdır: "Hər bir rəssamın arzusudur ki, öz şəxsi emalatxanası olsun. Bundan əlavə xarici ölkələrdəki şəhərlərin divarlarına şəkillərimlə imza atmaq istəyirəm. Hazırda, Türkiyədən, Gürcüstandan və Rusiyadan təkliflər var. Bir müddət sonra arzumu reallaşdırmaq üçün yola düşəcəm”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər