• cümə axşamı, 18 aprel, 04:31
  • Baku Bakı 15°C

Divanın qərarı Müsavatdakı gərginliyi daha da artırdı

19.11.14 10:09 863
Divanın qərarı Müsavatdakı gərginliyi daha da artırdı
Müsavat Divanının noyabrın 17-də keçirilən iclası zamanı Səxavət Əlisoyun partiya üzvlüyündən çıxarılması qərarının qəbulundan sonra Əlövsət Talışxanlı etiraz edərək partiyadan istefa verdiyini bəyan edib. Ə.Talışxanlı verilən qərarlara görə İsa Qəmbəri suçlayıb: “Qeyri-legitim Divanın Səxavət Əlisoyu partiya üzvlüyündən çıxarmaqla bağlı verdiyi qərara etiraz olaraq bu andan Müsavat Partiyası üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Mən bu cür demokratiyaya zidd olan insanlarla birlikdə addımlaya bilmərəm. Belə insanlarla bir partiyada addımlamağı şərəf və ləyaqətimə təhqir hesab edirəm. Hər şey cənab İsa Qəmbərin göstərişi ilə həyata keçirildi. Buna çox təəssüf edirəm”.
Başqanlığa sabiq namizəd Qubad İbadoğlu isə deyib ki, Divanın qərarı gözlənilən idi: “Bilirdik ki, Divana belə bir sifariş gəlib və o, icra edilməlidir. Qərar partiyadaxili demokratiyanın olmamasının, tənqidlərə dözümsüzlüyün göstəricisidir. Müsavat hazırda daxili demokratiya böhranı yaşayır və aparılan siyasət yalnız partiyanın idarəçiliyi ilə razılaşmayanların cəzalandırılması üzərində qurulub. Bu da təbii ki, partiyanın avtoritar üsullarla idarə olunmasını göstərir. Hesab edirəm ki, bu qərar partiyada bizim mövqelərimizin möhkəmlənməsinə gətirib çıxaracaq. Partiyanın nizamnamə çərçivəsində növbədənkənar qurultayının çağırılmasını hədəfləyirik və bu hədəfə çatmaq uğrunda fəaliyyət göstərəcəyik”.
Başqanlığa digər sabiq namizəd Tural Abbaslı isə bildirib ki, qovulmalar Müsavat üçün heç də yaxşı nəticə vəd etmir: “Keçmiş başqanlığa namizədin qurultaydan 40 gün sonra partiyadan qovulması həmin partiya barədə heç də yaxşı imic formalaşdırmayacaq. Müsavatda baş verən hadisələr qətiyyən uğurlu və düşünülmüş addım deyil. Hamımız bilirik ki, cəza tədbirlərinin partiya daxilində verdiyi mesajlar olur. İndi mən bu qərarı verənlərdən soruşmaq istərdim ki, bu xaricetmə ilə nə mesaj verdilər? Yaxud bu, cəmiyyətə, mətbuata bir söz deyib daxildə başqa addımlar atmaqdır? Bu məsələnin partiyadaxili münasibətləri daha da kəskinləşdirəcəyini və bunun da Müsavat üçün xoş nəticələrə səbəb olmayacağını düşünürəm”.
Səxavət Əlisoy özü açıqlayıb ki, partiyadan uzaqlaşdırılacağını bilirmiş: “Öz aralarındakı qərarlarını dəyişməyiblərsə, Vurğun Əyyuba və Qubad İbadoğluna da töhmət verəcəklər”.
Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri Ellada Məmmədli partiya daxilində bu cür halların baş verməsindən üzüldüyünü söyləyib: “Qubad İbadoğlunun tərəfdarlarının partiyadan uzaqlaşdırılması bir planın tərkib hissəsidir. Osman Kazımov demişdi ki, partiyada təmizləmələr aparmaq lazımdır. İndiki hadisələr də o planın tərkib hissəsidir. Elə əvvəldən siyahı tutaydılar, deyəydilər ki,"Qubad bəyin tərəfdarları, partiyanı tərk edin". Mən özüm partiyadan çıxmaq fikrində deyiləm. Tək deyiləm, tək olsaydım, istefa ilə bağlı düşünərdim”.
Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu da partiyada baş verənlərə münasibət bildirib. Deyib ki, qurultaydakı seçkilərin nəticələri ciddi narazılıq doğursa da, onları qəbul edib razılaşmaq lazımdır: “Partiya rəhbərliyi durumun kritik olduğunu nəzərə alaraq çox düşünülmüş addımlar atmalıdır. Bu, reallıqdır ki, partiyada narazı tərəfin nisbəti təxminən yarı-yarıyadır. Ancaq nizamnamədə fraksiya haqqında heç nə yazılmadığını dəstavüz edərək qarşı tərəfi pozuculuqda ittiham etmək səhv mövqedir. Narazı olanların fraksiya şəklində rəsmiləşdirilməsini o qədər də vacib saymıram. Məgər nizamnamədə Mərkəzi İcra Aparatı haqqında bir şey yazılmışdı? Amma bu qurum faktiki olaraq partiyanı idarə edirdi. Belə çıxır ki, nizamnamədə nəzərdə tutulmayan bir qurum yaradıb partiyanı idarə etmək olar, amma eyni fikirli adamların bir mövqedən çıxış etməsini sadəcə olaraq konstatasiya edən bir frazanı işlətmək olmaz. Axı xeyli partiya üzvünün bir mövqedə olması faktı ortadadır. Onsuz da onlar birgə fəaliyyət göstərirlər, toplaşaraq atacaqları addımları müəyyənləşdirirlər. Tutaq ki, fraksiya yaradılması qadağan edildi, məgər həmin adamlar fikirlərini dəyişəcəklər? Qəbul etmək lazımdır ki, burada söhbət Mərkəzi İcra Aparatı kimi nizamnamədə nəzərdə tutulmayan nəsnənin yaradılmasından yox, artıq mövcud olan nəsnənin adlandırılmasından gedir”.
T.Yaqublu əlavə edib ki, partiya daxilində bölünmə olmasaydı, daha yaxşı olardı: “Amma təəssüf ki, bu, var. Partiya rəhbərliyi qəbul etməlidir ki, bu qədər adamla hədə tonunda danışmaq vəziyyəti ancaq pisləşdirə bilər. Partiya rəhbərliyi əks tərəfi dialoqa çağırmalı və partiyadaxili konsensusu saxlayacaq şəkildə “portfelləri” bölüşdürməyi təklif etməlidir. Parlament seçkisinə bir ildən də az vaxt qalır. Əgər partiyadaxili sülh əldə edilməsə, Müsavat Partiyasını seçkilərdə rüsvayçı məğlubiyyət gözləyir. İsa Qəmbərin belə bir vəziyyətdə susqun qalması doğru seçim deyil. O, nüfuzundan istifadə edərək, tərəfləri danışığa və barışığa dəvət etməlidir”.
Baş verənlər haqda fikirlərini bölüşən başqan Arif Hacılı isə deyib ki, partiyanın hər bir üzvünün mövqeyinə hörmətlə yanaşır: “Seçkilərdə azlıqda qalanların da fikirlərini dinləyirik. Amma Müsavat Partiyasının qəbul etdiyi ümumi qərarları, seçkili orqanlarının qərarlarını tanımamaq, qurultayının, Məclisinin, Divanının qəbul etdiyi qərarları nəzərə almamaq, partiya strukturlarının dəvətinə məhəl qoymamaq Nizamnamə ilə bir araya sığmır. Ona görə biz bu məsələləri müzakirə edərək müəyyən qərarlar qəbul etmişik. Partiyadan istefa verən şəxslərə gəldikdə isə hər bir partiya üzvü bizim üçün əzizdir. Heç kəsin partiyanı tərk etməsini istəmirik. Ancaq o adamlar kifayət qədər yetkin, uzun müddət siyasətlə məşğul olmuş şəxslərdir və yəqin ki, belə qərarlar verərkən əvvəlcədən ətraflı düşünüblər”.
Ş.Tapdıq
banner

Oxşar Xəbərlər