• cümə axşamı, 18 aprel, 20:50
  • Baku Bakı 21°C

Distant müalicə məqsədəuyğundurmu?

23.01.18 11:00 2070
Distant müalicə məqsədəuyğundurmu?
"Artıq xəstələr həkimin məsləhətini internet vasitəsilə ala biləcəklər. Həkim müalicə üçün yazdığı resepti isə xəstənin elektron ünvanına yollayacaq”. Çoxdandır ki, Rusiya Səhiyyə Nazirliyinin və tibb ekspertlərinin üzərində çalışdığı "Teletibb haqında”qanun, nəhayət qüvvəyə minib. "Əvvəla, bunu televiziya ilə dəyişik salmaq lazım deyil. Çünki bu, həkimlər haqqında hər hansı veriliş yox, uzaqda olan pasiyentə videoməsləhətdir” - deyə ekspertlər əhaliyə səsləniblər. Ölkədə teletibbə icazə verən qanunun praktikada necə həyata keçiriləcəyi isə maraq doğurur. Belə ki, pasiyentlər və həkimlər üçün yeni imkanlar açan sənəd optimist gözləntilərlə yanaşı, insanları ehtiyatlı olmağa da çağırır.
Sənədin hazırlanmasında iştirak edən tibb elmləri doktoru, professor Sergey Morozov«ilk növbədə bu, «həkim-həkim» formatında məsləhətdir. Bu cür məsləhətlər çox vaxt xəstələrin pulsuz müalicəsini tələb edir” - deyə bildirib: "Elə hallar var ki, nəhəng tibb mərkəzlərinin həkimləri xəstənin sənədlərinə, analizlərinin cavablarına baxmalıdırlar. Pasiyentlər bunun üçün birbaşa həkimin qəbuluna gəlməyə məcburdurlar. İndi isə müayinələr vaxt, enerji və vəsait sərf etmədən məsafədən (distant) həyata keçiriləcək. Bu, xüsusən uzaq məsafələrdən həkimə gələn pasiyentlər üçün sərfəli olacaq. Bunun üçün isə xəstə ilkin olaraq həkimin qəbulunda olmalı, təkrar müalicələrini videoməsləhətlə almalıdır”. Bundan əlavə, tibb işçiləri pasiyentin sənədləri ilə distant işləmək üçün İcbari Sığorta Fondunun tarifləri üzrə tam məbləğdə əməkhaqqı alacaqlar. Bu zərurət, şərait və təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı məsələnin operativ həllində əlavə motivasiya olacaq. Həmçinin həkimləri pasiyentlərlə müntəzəm və məsuliyyətlə işləməyə sövq edəcək.
Digər əlverişli xidmət isə xəstələrin sağlamlıq vəziyyətinə distant nəzarətdir. Yəni pasiyent xəstəliyi haqqında məlumatları elektron şəkildə həkimə göndərir. Bu, analizlərin, müayinənin, USM və ya MRT-nin cavabı ola bilər. Hətta bu, pasiyentin şəkərinin, qan təzyiqinin, ürək ritminin və s. nəticəsi ilə bağlı cavablar da ola bilər. Həkim nəticələri analiz edib internet üzərindən müalicə yazacaq. Hətta yenidən elektron resept yazmaq üçün əlavə gün də təyin edəcək: "Bütün bunlar xəstənin həkimlə ilk dəfə görüşməsindən sonra mümkündür. Çoxları hesab edir ki, həkimə özünün analizlərinin nəticələrini göndərməklə və kompyuterin kamerasının qarşısında oturmaqla ona diaqnoz qoyulacaq. Ancaq qanun buna icazə vermir. Əgər bir insan qolunu sındırıb həkimə gedir və onu rentgen edib gips qoyurlarsa, o zaman mütəmadi olaraq həkimlə əlaqə saxlaya bilər və teletibb texnologiyaları vasitəsilə onun vəziyyəti nəzarətdə saxlanılar. Yalnız o halda ki, pasiyent özünü normal hiss etsin və yeni əl hərəkətlərinə ehtiyac duymasın. Bir sözlə, söhbət həkim qəbulunda olub, artıq diaqnoz qoyulan xəstələrin müalicəsindən gedir”.
Sənəddə, həmçinin xəstənin müayinə və analizlərinin cavablarının bir xəstəxanadan digər bir tibb mərkəzinə göndərilməsi də yer alıb. "Xəstəlik tarixçəsini haradan almısınızsa, ora da gedin”. Pasiyentlər tez-tez bu sözlərlə qarşılaşırlar. Əgər başqa bir tibb mərkəzində həkim məsləhəti lazım olursa, pasiyent kuryer kimi analizlərin cavabını yenidən həmin ünvana daşımalıdır. İndi isə xəstənin bütün tarixçəsi elektron formada bir tibb laboratoriyasından digər bir xəstəxanaya göndəriləcək. Bu, həmçinin pasiyentlər üçün ən yaxşı tibb mütəxəssislərinə operativ çıxış yaradacaq.
Distant konsultasiya məqsədəuyğundurmu?
Rusiyada qəbil olunan "Teletibb haqqında” qanunun praktikada tətbiqinin necə həyata keçirilməsi təbii ki, özünün müsbət və ya mənfi tərəflərini göstərəcək. Əlbəttə, pasiyentin vaxtını, yollara sərf etdiyi enerjini, əsəbi, eləcə də xərclədiyi vəsaiti nəzərə almaq çox yaxşıdır, Amma məsələnin əsas tərəfi xəstənin həkimlə üz-üzə oturmadan distant müayinə və ya müalicə ala bilməsidir. Distant həkim məsləhəti, məsafədən müayinə və müalicə nə qədər məqsədəuyğundur?
Düzdür, belə bir müzakirə doğura biləcək məsələ ətrafında hələ bizdə söhbətlər yoxdur. Yaxın zaman üçün də bu tip müzakirələr gözlənilmir. Bununla belə, tibb işçilərinin məsələyə münasibəti o qədər də müsbət deyil.
Məsələn,C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyev həkimin xəstə ilə üzbəüz təmasını birmənalı qəbul edir: "Həkim xəstənin problemini araşdırmalıdır. Bütünlükdə xəstəni görmədən, onu müayinə etmədən məsafədən müalicə yazılması hesab edirəm ki, rasional üsul deyil”. Kardioloqun fikrincə, həkim xəstənin qan təzyiqi, baş ağrıları və s. problemləri ilə bağlı müraciətini hərtərəfli araşdırılmalıdır. Məsələn, qan təzyiqinin yüksəlməsi hipertoniya ilə, böyrəklə, qanda yağlılıqla və s. bağlı ola bilər. Bütün bunlar müayinələr əsasında araşdırılır və detallar xəstənin özündən soruşulur. O xəstələr ki monitorinqdədir, yəni hər hansı bir əməliyyat keçirib və həkim üçün artıq tanışdır, bəlkə də distant yolla ona diaqnoz qoyulması mümkündür. Ümumilikdə isə distant müayinə məqsədəuyğun deyil».
Həkimlik sıradan çıxa bilər
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev pasiyentə qiyabi olaraq müalicə yazılmasının əleyhinədir: "Dünyanın heç bir yerində qiyabi tibbi təhsil verən universitet yoxdur. Bu, tibb sahəsinin nə qədər mühüm olduğunun göstəricisidir. Çünki söhbət insan taleyindən, onun sağlamlığından gedir. Həkimlik sənəti belədir ki, müayinə obyektini görməsən, xəstəni üz-üzə, göz-gözə müayinə etməsən, klinik təfəkkürünü ona tətbiq etməsən, bu, effektli müalicə və profilaktika olmayacaq. Mən xəstəyə telefonla, mesajla, internetlə məsləhət verməyin tərəfdarı deyiləm. Hələ ölkəmizdə də bu məsələ ilə bağlı konkret bir müzakirə yoxdur”. Baş pediatr bu sahədə xidmət zamanı aktiv çağırışların mühüm olduğunu bildirir: "Həkim çağırışında həkim gedib evdə uşağa baxır, məsləhətini verir. İstənilən halda həkim xəstəyə baxmamış, onu müayinə etməmiş, konkret bir fikir söyləmək, diaqnoz qoymaq düzgün deyil. Əməliyyatdan, ilkin müalicədən sonra xəstənin qan təzyiqi, şəkəri, ürəyinin ritmi müxtəlif səbəblərdən qalxa və ya onda başqa simptomlar ortaya çıxa bilər. Ürək ritminin artması müxtəlif səbəblə bağlı ola bilər. İlk növbədə bunun səbəbi araşdırılmalıdır. Məsləhət vermək çox asandır. Tutaq ki, xəstə «qan təzyiqim qalxıb» - deyə həkimə müraciət edir. Həkim ona təzyiqi aşağı salan dərman məsləhət görə bilər. Ancaq xəstənin yaşını, çəkisini bilmədən, təzyiqinin böyrəklə, baş-beyinlə, damarlarla, hormonal statusla bağlı olub-olmadığını araşdırmadan necə ona «dərman iç» demək olar? Axı bu dərman preparatlarının da hərəsi bir səbəbə hesablanıb. Minlərlə dərman preparatı var – bunların hərəsi ayrı qrupa aiddir. Biri böyrəyə, biri ürəyə, biri damar divarına təsir göstərir. Bu baxımdan, mən xəstəni görmədən ona virtual olaraq necə məsləhət verə bilərəm?”
Bununla belə, N.Quliyev təkrar müayinə zamanı distant məsləhətdən istifadə oluna biləcəyini istisna etmir: "Bəlkə də xəstəyə təkrar baxış zamanı videoməsləhətdən istifadə etmək olar. Yoxsa həkim xəstəyə baxıb diaqnozu təyin etməmiş, bu, gözüyumulu atılan daşa bənzəyər”. Xəstənin müayinəsini subyektiv və obyektiv müayinəyə bölən baş pediatr insanın duyğu üzvləri ilə bağlı olan müayinələri subyektiv, laborator, instrumental və s. müayinələri isə obyektiv müayinələr hesab edir: "Həkimlikdə bu müayinələrin ikisi birgə təyin olunmalıdır. Heç bir kitabda və sənəddə yazılmayıb ki, həkimin baxışı vacib deyil, ancaq xəstə obyektiv müayinələrdən keçsin. Bəs onda həkimin baxışı? Bu ardıcıllıq heç vaxt ləğv və qadağan olunmayıb. Həkimlik təcrübəsi var. Həkimdə intuisiya var. Həkim dinamik olaraq bu prosesləri beynindən keçirərək qərar qəbul edir. Bu qərar sabah başqa cür ola bilər. Xəstə isə tək faktları ortaya qoyur ki, bunlarla da problemi həll etmək olmaz. Bu baxımdan, mən həkimlərin virtual müayinəsinin tərəfdarı deyiləm. Əks halda, həkimlik sıradan çıxmış olacaq”.
Distant müayinə yolverilməzdir
Həkim-cərrah, professor Adil Qeybullanın sözlərinə görə, xəstə ilkin olaraq mütləq həkim tərəfindən müayinə olunmalı, bütün simptomlar detallaşdırılmalıdır. İlkin müayinə proseduru xəstə ilə təmasdan keçir. O ki qaldı əməldiyyat olunmuş, monitorinq edilmiş xəstəyə, bunu müəyyən qədər başa düşmək olar. Bəlkə də onu videoməsləhət vasitəsilə müalicə etmək mümkündür”. A.Qeybulla hesab edir ki, ümumilikdə xəstəni görmədən müalicə yazmaq düzgün deyil: "Biz milli səhiyyə qururuq. Azərbaycanda da əhali azdır. Bu əhalinin müalicə və müayinəsində dünyanın getdiyi yolla getsək, nəyi pis olar? Bu baxımdan, distant müalicə bizim nəyimizə lazımdır? Xüsusən insanların tibbi sığortası olandan sonra xəstəxanalara gəlir, lazımı müalicə və müayinə alırlar. Bütün prosedurlar lazımı şəkildə həyata keçirilir. Ancaq distant müayinə və müalicə üsulu yolverilməzdir. Hətta xəstə təkrar da müraciət etsə, bu üsuldan istifadə etmək lazım deyil. Ola bilər, müalicənin gedişində hansısa problem meydana çıxsın. O zaman bu, distant müalicə ilə həll oluna bilər. Bütövlükdə isə bu proses – xəstəni görmədən, onu müayinə etmədən, müayinəsini detallı aparmadan, analiz götürmədən onu məsafədən müayinə etmək və müalicə yazmaq düzgün deyil”.
Həkimlərimizin dediyi kimi, hələ ki bu məsələ bizdə gündəmə gəlməyib. Bəlkə nə vaxtsa aktuallaşacaq və ya heç vaxt müzakirə olunmayacaq. Amma bütün hallarda məsələ sağlamlıq və həkim mövzusunda həssas olan bizlər üçün məsafə, vəsait və vaxt baxımından əhəmiyyətli olsa da, səhhətə düzgün yanaşma ondan da vacibdir. Fərqi yoxdur, bu, məsafəlidir, ya məsafəsiz...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər