• cümə axşamı, 28 mart, 17:49
  • Baku Bakı 16°C

Disko rəqqası 70 yaşında

17.07.20 10:15 2088
Disko rəqqası 70 yaşında
Mithun Çakraborti: İlləri boşuna yaşamamışam, tamaşaçılarım məni sevir
O, 1982-ci ildə ekranlara çıxan "Disko rəqqası” filmi ilə məşhurlaşdı. Ümumilikdə isə, bu gün üçün filmoqrafiyasında 350-dən artıq rol var. 70 yaşını qeyd edən görkəmli hind aktyoru, "Qızıl lotos” və "Filmfire” mükafatları laureatı Mithun Çakraborti bu gün də kinosevərlərin pərəstiş etdiyi aktyorlardandır.Əsil adı Qouranqdır. Kəlküttədə, Barisal şəhərində telefon şirkəti xidmətçisinin ailəsində anadan olub. Gələcək aktyorun uşaqlıq və yeniyetməlik illəri o qədər də uğurlu olmayıb. Ailələri kasıb idi. Mithun üç bacının bir qardaşı idi. Atası ailənin bütün yükünü öz çiyinlərinə götürmüşdü, gecə-gündüz çalışırdı.Mithun hələ uşaqlıqdan öz aktyorluq istedadı ilə hamını heyran etmişdi - heç bir həvəskar teatr tamaşası onsuz keçmirdi. Öz hobbilərinə baxmayaraq, Çakraborti məktəbi qurtarandan sonra Kəlküttədəki Şotland kilsə kollecində kimya ixtisası üzrə oxumağa başlayır. Bu kollecdə təhsil alarkən Mithun Çakrabortinin qiyamçı ruhu onu naksalitlərin ekstremist hərəkatına qoşulmağa sövq edir.Sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatı hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdi. Ancaq naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mithunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bombeyə, dayısının yanına göndərir. Canını qurtarıb Bombeyə gələn gənc ətriyyat şirkətində parfüm satışı ilə məşğul olur. İşi asan deyildi. Bütün şəhər və rayonları gəzib ətriyyat satmağa çalışırdı.

Taleyin hədiyyəsi

Punu şəhərinə ezamiyyət zamanı parfüm satıcısı yerli kino institutuna qəbul elanı ilə qarşılaşır və özünü sınamağa qərar verir. Münsiflər heyəti əvvəlcə soy-kökü bəlli olmayan gənci instituta qəbul etməkdən imtina edir, amma yaraşıqlı xarici görünüşü və istedadı onu xilas edir. Tale xarizmatik gəncin üzünə gülür. Şübhəli kökəninə baxmayaraq, o, aktyorluq fakültəsinə daxil olur və institutu qızıl medalla bitirir. "Mən bu təsadüfi həmişə taleyin mənə hədiyyəsi adlandırıram” deyə aktyor bildirib”. Aktyorluq istedadı ilə yanaşı, gəncin qeyri-adi bacarığı, səsi və ritmi hiss etmə qabiliyyəti onu yaşıdı olan aktyorlardan fərqləndirirdi. Hətta bir neçə musiqi alətində mahir ifa edə bilirdi.Mithun 1976-cı ildə ekranlara çıxan "İki yad adam” və "Kral ovu” filmlərində epizodik rollarda debüt edir. "Kral ovu” filmi daha yaddaqalan olur. O bu rolda yaxşı oynamaq üçün həyatı, yerli tayfaların adət-ənənəsini öyrənir, ov proseslərində iştirak edir. Mithun bu filmdə sadə bir ovçunun faciəvi həyat dramını oynayır. Ekran əsəri çox təsirli alınır. Ancaq filmdəki böyük uğuruna baxmayaraq, rejissorlar onu öz studiyalarına dəvət etməyə tələsmirlər.
70-ci illərin sonlarında aktyor yalnız orta səviyyəli filmlərdə çəkilirdi.
Cimi...

Mithun Çakraborti 1982-ci ildə küçə müğənnisi Anil obrazında "Disko rəqqası” musiqili melodramında ekranlara çıxandan sonra ulduzu kinematoqrafiya səmasında parladı. "Disko rəqqası”nın uğuru qeyri-adi idi. Mithun o zamanın gənclərinin əsl məhəbbət kumirinə çevrilir. Onun yaratdığı "Cimi” obrazı hədsiz sevilir.Təkcə Sovet İttifaqında filmi ekran qarşısında 60,9 milyon tamaşaçı izləyir. Bütün ittifaqı dolaşan film sovet məkanındakı şöhrətinə görə Moskva kinofestivalının proqramına minnətdar idi. Sonra film prokat tərəfindən alınır. Hər yerdə insanlar aktyoru personajının adı ilə - "Cimi” çağırırdılar. Film ən yaxşı kassa filminə çevrilərək kino şirkətinə 100 milyon dollar qazandırır. Həmin il Çakraborti Hindistan kinosunun beş aparıcı aktyoru sırasına düşür və Bollivudun ən çox qazanan aktyorlarından birinə çevrilir. Bu filmin ardıyca yeni ulduzun karyerasında "Qədim məbədin incisi”, "Boksçu”, "Üç muşketyor kimi”, "Oyna, oyna” və s. obrazlar ekrana çıxır. "Hind kinosunda ulduz olmaq yalnız uğurların kölgəsində dincəlmək və qazandığın pulları saymaq deyil. Çətin işdir, əzablıdır. Çox rol, çox film - bir o qədər də əmək deməkdir. Ulduz daha çox qazanmaq üçün o qədər də işləməlidir”.


Çakraborti hind kinosu ilə yanaşı, 80-ci illərin ortalarında doğma benqal dilində də rollara çəkilir. 1986-cı ildə aktyorun adı daha çox çəkildiyi "İki məhəbbət anı” filmindəki tərəf-müqabili Jaya Prado ilə yaşadığı məhəbbət macərasında hallanır.O, 2000-ci ildə Qərbi Banqladeş kinematoqrafiyasının ən məşhur aktyorlarından birinə çevrilir. "Qəhrəmanlar”, "Əbədi məhəbbət”, "Şən fırıldaqçılar”, "Varislər” və s. uğurlu ekran əsərlərində rol alır.Çakraborti karyerası boyunca təkcə romantik ampluada deyil, həmçinin amansız kriminal avtoritet rollarında da çəkilib. Xüsusən 90-cı illərdə çəkildiyi filmlər bu janrda olub. "Cəllad” filmindəki roluna görə nüfuzlu "Filmfare” jurnalının "Ən yaxşı mənfi rol” nominasiyasına layiq görülür. 2005-ci ilin yanvarında "Elan” filmi ekranlara çıxanda, beynəlxalq terrorçu Baba Sikander rolunu oynayan Mithun, mətbuat konfransında tamaşaçılardan üzr istəyərək hələ də mənfi rollarda çəkildiyini etiraf edib. Bəzi kinoşünaslar aktyorun bu həvəsini gənclik illərindəki qiyamçı ruhu ilə əlaqələndirirlər.
Ginnesin Rekordlar kitabında

Aktyorluq fəaliyyətindən savayı, Çakraborti bizneslə məşğul olur. 90-cı illərin sonunda "Monarx” otellər şəbəkəsini qurub, həmçinin kriket oynayan futbol klubu və komandasının sahibidir. 2014-cü ildə aktyorun Hindistan parlamentinə namizədliyi irəli sürülür. Çakraborti bu təklifi qəbul etsə də, səhhəti ilə əlaqədar iclaslarda iştirak edə bilmədiyi üçün məktub yazaraq üzrxahlıq edir və deputatlığının geri alınması xahişini edir.Bizneslə məşğulluğuna baxmayaraq, Çakraborti kinoda fəal çəkilməkdə davam edir. O hətta fəallığına və rollarının sayına görə Ginnesin Rekordlar kitabına düşüb. 1999-cu ildə artist çəkildiyi baş rolların sayına görə rekord vurub. O zaman aktyor 249 filmdə oynamışdı.Hazırda da aktyor, əvvəlki kimi ekran əsərlərində çəkilir və Bollivudun ən varlı və uğurlu ulduzlarından biri sayılır.

Əsas bioloji yaşdır

Mithunun hələ gənclik illərində rastlaşdığı Helena Lyuk adlı fotomodellə yaşadığı sevgi macərası onun ilk məhəbbəti kimi qələmə verilir. Bu mövzuya gələndə, aktyor dərinə getməyi xoşlamır. Bunu şəxsi həyatı sayır. Mətbuat isə yazır ki, aktyor Helena ilə rəqs meydanında tanış olub. Uzun müddət qızla görüşsə də, imkansızlıqdan evlənə bilməyib. Toydan sonra isə ər-arvad səhv etdiklərini başa düşüb. Birlikdə yaşaya bilməyəcəklərini anladıqları üçün nikahları qısa çəkib, onlar ayrılıblar.Yoqito Bali ilə olan ikinci nikahı isə aktyora əsil xoşbəxtlik gətirir. Həyat yoldaşı ailəsi naminə karyerasından imtina edir. Çütlüyün dörd övladı – üç oğlu və bir qızı var. Qızı doğma övladı deyil, aktyor onu zibil konteynerindən tapıb. Yol gedərkən uşaq çığırtısını eşidən aktyor geri qayıdıb və zibillikdən ağlayan körpəni götürərək birbaşa xəstəxanaya yollanıb. Uşağın müalicəsindən sonra ailə qızı övladlığa götürür. Mithun filmlərdəki sevgi qəhrəmanları obrazında olduğu kimi, nümunəvi ailə başçısı olur. Düzdür, bir dəfə nikahları az qala çat verir. Buna səbəb ulduzun aktrisa Şridevi ilə isti münasibəti olur. Ancaq cütlük ailəni xilas edə və bu qalmaqallı hekayəni unutdura bilir.


Aktyor uzun müddət kinematoqrafçıların həmkarlar ittifaqına rəhbərlik edib. Bu postda olarkən o keçmiş kinoulduzlara kömək etməyə çalışıb və aktiv xeyriyyəçiliklə məşğul olub. Bundan əlavə, Çakraborti mütəmadi olaraq "Oyna Hindistan, oyna” şousu ilə tamaşaçıların qarşısına çıxıb və rəqs nömrələri ilə onları valeh edib.Çakrabortinin böyük oğlu Mamoh da Bollivud aktyorudur. Ortancıl oğlu Rimoh "Kəbə piri” filmində Mithunun obrazını canlandırıb. O da atasının yolu ilə gedərək aktyor olub. Tamaşaçılar onun kinoda uğur qazanacağını deyirlər.Aktyor həmişə ailədə bir-birlərini başa düşdüklərinə görə Tanrısına minnətdarlıq edib. Ailəsinin möhkəmliyini öz uğurunun sirlərindən biri sayıb. "Həyat yoldaşımın müdrikliyi mənə həmişə kömək olub. Yaşıma baxmayaraq, bu məni həmişə cavan və enerjili saxlayıb. Yeni yaradıcılıq planlarına həvəsləndirib. Övladlarımın uğuru da ailəm üçün qürurdur”.

Ulduz aktyorun sosial şəbəkələrdə hesabı yoxdur. Bununla belə, pərəstişkarları öz kumirləri haqqında daim yeni xəbərlər əldə edirlər. Düzdür, hərdən aktyorun ölümü haqqında doğru olmayan xəbərlər də yayılır.Aktyor 70 illik yubileyini sevinclə qarşıladığını deyir: "İlləri boşuna yaşamamışam. Filmoqrafiyamda yüzlərlə rol yer alıb. Tamaşaçılarım məni sevir. Hind kinosunun inkişafı üçün çox iş görmüşəm. İndi dincəlməyə daha çox haqqım var. Amma mən daim işləyirəm. Əsas insanın bioloji yaşıdır...”
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər