• şənbə, 20 Aprel, 05:50
  • Baku Bakı 15°C

“Discovery Azerbaijan” jurnalının yeni nömrəsi satışda

19.04.16 13:21 1445
“Discovery Azerbaijan” jurnalının yeni nömrəsi satışda
“Discovery Azerbaijan” ilə ölkəmizin “Cənub qapısı”na – Astaraya üz tutmağa nə deyirsiniz? Cənubun “San-Tropesi”ndə, səpələnən iri daşlar arasında salınan Sım kəndi sizi heyran qoyacaq. İnsanların ürəyini əmanət etdiyi, məclisin Astaradan olan ağ xalatlı vəkili, ürək-damar cərrahı Rəşad Mahmudovla səmimi söhbət edib, cənub şəhərinə körpü salacaqsınız.

Jurnalı vərəqlədikcə kinomuzun “Ulduz”unun çəkildiyi Astaranın Ərçivan kəndi, ləmlər, çay plantasiyaları, filmin sevimli kadrları gözünüz önündə canlanacaq. Kinomuzun həmişəyaşar aktyoru, faciədə gülüş, gülüşdə faciə axtaran Yaşar Nurini xatirələrdən oxuyacaqsınız.
İlahi eşqin şəhəri, sufilərin ürəyi Konyaya səyahət aprel sayında da davam edir. Lalələr ovalığına çevrilən Konyada çiçək xalısında gəzməyə, Elzas tacının mirvarisi, Şəkinin qardaş şəhəri Kolmara aşiq olmağa özünüzü hazırlayın.
“Discovery Azerbaijan”ın aprel buraxılışı Meksikaya qonaq oldu. Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini azərbaycandilli səfir kimi jurnalın tarixinə düşdü. Yeni nömrədə Meksikanın 10-luğunu da tanıyacaq, ağızyandıran Meksika mətbəxinə qonaq olacaqsınız.
Həftəsonu vaxtınız boldur, amma məşğul olmağa heç nə tapmırsınız? Bu nömrədə qılınclar qınından sıyrılıb, qılıncoynatma sizin üçün hobbi kimi araşdırılıb. Azərbaycanın ilk numizmat alimi Əli Rəcəbli ilə “sikkələrimizin parçalanan xanlığı”, Bakının ən müasir memarlıq "elegiyalar"ı da jurnalın bu sayında yer alıb.
“Dəmir atı” – velosipedi ilə dünyanı gəzən azərbaycanlı səyyah Ramil Ziyadovla Baykaldan Çin sərhədinə qədər gedib çıxacaq, “Qafqaz tembrli qız”, Azərbaycanın Avrovizyon təmsilçisi Dilarə Kazımovanı yaxından tanıyacaqsınız.
Dünyanın dörd bir yanına səpələnən türkləri rəqəmlərdə axtaracaq, yeraltına köçən həqq – türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından olan Xoca Əhməd Yasəvinin sirli həyat yoluna nəzər salacaqsınız.
Millət vəkili Cavanşir Feyziyevin baş redaktorluğu ilə dərc olunan “Discovery Azerbaijan” jurnalını abunə yazılaraq və ya şəhərin köşklərindən soruşaraq əldə edə bilərsiniz.
banner

Oxşar Xəbərlər