• cümə axşamı, 25 aprel, 13:02
  • Baku Bakı 23°C

Dirijorlu “demokratiya”

10.04.15 07:05 826
Dirijorlu “demokratiya”
Xalqın inamını itirdikləri üçün bütün seçkilərdə məğlub duruma düşən müxalifət liderləri bu uğursuzluğun səbəbini hər zaman başqalarında görüblər. Öz məğlubiyyətlərini pərdələmək üçün iqtidarı əsassız şəkildə seçki saxtakarlığında, anti-demokratik olmaqda, əks fikrə qarşı dözümsüzlükdə ittiham ediblər. Ancaq ana müxalifət adına iddialı olan Müsavat Partiyasının ötən ilin sentyabrında nümayiş etdirdiyi qurultay şousu sübut etdi ki, hakimiyyəti hər şeydə günahkar bilənlər “öz gözlərində tiri görməyib, başqalarının gözündə çöp axtaranlar”dır. Belə ki, Müsavatın sabiq başqanı İsa Qəmbər tərəfindən illərdir müxtəlif bəhanələrlə yubadılan partiyanın qurultayı kütləvi saxtakarlıqlarla müşayiət olundu. “Demokratik səsvermə” adı altında Arif Hacılı partiyanın yeni sədri postuna otuzduruldu. Əvvəlki başqanın xeyir-duasını alan A.Hacılı da öz kreslosunda yerini bir qədər bərkitdikdən sonra sözünün üstünə söz deyən, əks arqument səsləndirən, müstəqil düşüncəli partiya funksionerlərini təqib və təhqir etdirməyə, Müsavatdan kənarlaşdırmağa başladı. Təbii ki, bu, ömürlərinin böyük hissəsini Müsavata həsr etmiş insanların narazılığı, hətta partiyadan istefası, təşkilatın parçalanması ilə nəticələndi.
Yeni başqan A.Hacılı öz idarəetmə ənənəsinə sadiq qalaraq, bu günlərdə partiyanın məclisi vasitəsilə daha bir “yeniliyə” imza atıb. Məclisin 4 aprel tarixli iclasında qəbul edilən təlimata görə, Müsavat Partiyası üzvlərindən kimsə deputatlığa namizəd olmaq istəyirsə, A.Hacılının adına ərizə ilə müraciət etməli, üzərinə müəyyən öhdəliklər götürməlidir.
Bu cür qeyri-demokratik addım müsavatçılar tərəfindən narazılıqla qarşılanmaqda, gərginliyin hökm sürdüyü partiyada vəziyyəti daha da ağırlaşdırmaqdadır. Eyni zamanda, Müsavat sədrinin diktəsi ilə reallaşdırılan bu tədbirlər, bundan irəli gələrək baş verən qalmaqallar və ziddiyyətlər sabiq müsavatçılar tərəfindən istehzalı şəkildə məsxərəyə qoyulmaqdadır. Buna misal kimi sabiq başqan İ.Qəmbərin müşaviri olmuş Hüseyn Məlikin, keçmiş funksioner İsmayıl Kəsəmənlinin və sabiq müsavatçı fəal Kamil Xəlilbəylinin mətbuata açıqlamalarını, partiyanın Məclisində baş verənlərə özlərinəməxsus şəkildə yanaşmalarını göstərmək olar. Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub isə Məclisin son iclasında qəbul edilən qərara münasibət bildirərkən deyib ki, partiya qarşısında öhdəlik götürməyəcəyi təqdirdə deputatlığa namizədliyinin təsdiq olunmaması Məclisin problemi olacaq. O, hər bir müsavatçının artıq Müsavat Partiyasının üzvü olanda üzərinə öhdəlik götürdüyünü diqqətə çatdıraraq, yenidən kiminsə qarşısında öhdəlik götürmək, kiməsə müraciət etmək niyyətində olmadığını vurğulayıb.
Məclisin son qərarı barədə fikirlərini “Kaspi”yə bölüşən başqanlığa sabiq namizəd Tural Abbaslı da bu günə kimi Müsavat Partiyasında belə bir addımın atılmadığını, bu cür ənənənin olmadığını xatırladıb. Deyib ki, praktiki baxımdan bu qərar o qədər də uğurlu olmayacaq. Onun sözlərinə görə, Azərbaycanda parlament seçkilərində majoritar sistemə üstünlük verildiyindən, belə bir şəraitdə kiminsə partiya sədrinə ərizə ilə müraciət edib öhdəlik götürməsi rəmzi xarakter daşıyacaq: “Müsavatdan bir şəxs deputat seçiləndən sonra üzərinə götürdüyü bu öhdəliklərə riayət etməsə, partiyanın ona hər hansı təzyiq və təsir mexanizmi varmı? Partiya bu öhdəlikləri ona yerinə yetirdə biləcəkmi? Təbii ki, xeyr. Ona görə də bu qərarın rəmzi xarakter daşıyacağına əminəm”.
Başqanlığa keçmiş namizəd, sabiq müsavatçı Səxavət Əlisoy Müsavatın Məclisinin olmadığını, əsl reallıqda A.Hacılının ətrafında cəm olunan bir dərnəyin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, bu dərnəyin əsas görəvi A.Hacılının şəxsiyyətinə pərəstiş yaratmaqdır: “Adam özünü partiya lideri kimi hiss edə bilmir. Ona görə ki, partiya parçalanıb. Bu səbəbdən də dirijoru olduğu züytutanlar ansamblı dərnəklərinin toplantısında hər cür anormal qərar, təlimat qəbul edə bilirlər. Hacılı cani-könüldən Müsavat Partiyasının siyasi reytinqinə çox ağır zərbələr vurmaqda davam edir. Onun intellekti, siyasi səviyyəsi zatən rasional bir ideya ortaya qoya bilməz. Müsavatı demokratiyadan uzaq qoyduqları üçün zat və dəstəsinə bir “molodes” düşür. Onların sürprizləri hələ irəlidədir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli isə bildirir ki, Müsavat Məclisinin qəbul etdiyi qərar kobud şəkildə Nizamnamə pozuntusu və qeyri-demokratik bir addımdır. Onun fikrincə, Nizamnamədə yer alan hansısa fikirlər sərəncam və ya əmr vasitəsilə tövsif oluna, istiqamətləndirilə bilməz. Məclisin qərarında məhdudlaşdırıcı amilin olduğunu xatırladan BAXCP təmsilçisi deyib ki, bu addım “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa da ziddir: “Belə bir qərar demokratik prinsiplərə uyğun gəlmir. Siyasi partiyada namizədlər təşkilatın seçkili orqanları tərəfindən müəyyənləşdirilir. Fərdi qaydada partiya üzvlərinin kiməsə ərizə ilə müraciət etməsi, öhdəlik götürdükdən sonra namizədliyinin təsdiqlənməsi qanunauyğun deyil və heç bir hüquqi əsasa söykənmir. Bu, bir daha sübut edir ki, demokratiya prinsipləri üzərində manipulyasiya edən belə siyasi partiyaların demokratiyadan, hüquqdan, qanundan anlayışları yoxdur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər