AZE | RUS | ENG |

Diqqət, səbr və mükəmməl görmə qabiliyyəti – Sadə peşə adamı

Diqqət, səbr və mükəmməl görmə qabiliyyəti – Sadə peşə adamı
Elnur Abbasov: “Diplom insanın təhsilini təsdiqləyir, amma gələcəyi hər zaman diploma bağlamaq olmaz”


Bu sənətin sahibləri əlamətdar günlərimizin, xüsusilə toylarımızın olmazsa olmazlarıdır. Xoş günlərimizi öz kameraları ilə lentə alır, çəkdikləri ilə üstündən nə qədər zaman keçsə də, bizi o illərə qaytarırlar. Onlar kadr arxasında qalsalar da, əslində çox böyük işin öhdəsindən gəlirlər. Gördüklərini kameranın yaddaşına köçürüb izləyicilərə çatdırır və biz ekranda seyr etdiklərimizi onların gözü ilə görürük. Bu sənət adamlarının çörək ağacları kameraları və “ştativ”ləridir. Rubrikamızın bu dəfəki qonağı sənətinin vurğunu olan operator Elnur Abbasovdur. Elnur 8 ildir operator kimi fəaliyyət göstərir.

Hüquqşünaslıqdan operatorluğa

Bakıda böyüyüb başa çatan həmsöhbətimiz məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin (MDU) hüquqşünaslıq fakültəsinə daxil olub. Deyir ki, ali təhsil alsa da, özünü bu sənətdə tapa bilməyib: “Məktəbi bitirdikdən sonra MDU-da Hüquqşünaslıq fakültəsinə daxil oldum. Məktəbdə oxuyarkən hüquqşünas olmaq istəyirdim. Amma zaman keçdikcə operatorluqla maraqlanmağa başladım. Bu sənəti o qədər sevdim ki, elə bilirdim ki, operator kimi insanlara daha çox faydalı olar və onlara kömək edə bilərəm. Mənim aləmimdə operatorluq sənətini heç bir sənət əvəz edə bilməz”.
Müsahibimizin təhsil aldığı ixtisasının ardınca getməməsi, hüquqşünaslıqdan operatorluğa keçməsi ailəsi tərəfindən birmənalı qarşılanmayıb: “Bizim ailəmizdə seçim azadlığı var. Ailəm istər ixtisas seçimimdə, istərsə də başqa məsələlərdə mənə təzyiq göstərməyib. Hər zaman yanımda olub və mənə dəstək veriblər. Lakin sözsüz ki, övladını hüquqşünas kimi görən ataya sonradan “mən operatorluğu seçirəm” sözlərini demək bir növ tornado təəssüratını bağışlayır. Amma qeyd etdiyim kimi, ailəmizdə seçim azadlığı olduğundan zamanla məni başa düşdülər”.

Ayrılmaz cütlük

Müsahibimiz deyir ki, hüquq ixtisası üzrə təhsil alsa da, uşaqlıqdan operatorluğa xüsusi marağı olub. Sənətinə o qədər bağlanıb ki, özünün də dediyi kimi, sənəti ilə ayrılmaz cütlüyə çevrilib: “Özümü tanıdığım vaxtdan kino həvəskarı idim. Maraqlı oldu-olmadı bütün kinolara baxardım. Amma zaman keçdikcə döyüş bölgələrindən olan xəbərlər mənə daha maraqlı gəldi. Bütün kanallarda hər gün xəbərləri izləməyə başladım. Bir müddət keçdikdən sonra anladım ki, mənim xoşuma gələn kinolardakı dialoqlar deyil, oradakı kadrlardır. Bundan sonra həmin kadrları təkrarlamaq və onlardan da yaxşısını çəkmək fikrinə düşdüm. Məni operatorluq işində daha çox döyüş zonalarından çəkilişlər maraqlandırırdı. Həmin vaxtlar Çeçenistan, İraq, Əfqanıstan kimi qaynar nöqtələrdə çəkilən kadrlara baxa-baxa bu sənəti sevdim və ayrılmaz cütlüyə çevrildik”.

“Kadr cansız deyil”

Sənətinin sirlərindən danışan müsahibimiz deyir ki, heç bir kadr cansız deyil, onun ruhu var: “Operator gözlə görünən və diqqəti cəlb etməyən nə varsa, özəlləşdirərək kadra alır. Kadr cansız deyil, onun ruhu olur və bu ruhu ona operator verir. Bu sənətin əsas sirri kadrı canlı təqdim etməyi bacarmaqdır. Bəzi operatorlar var ki, staja, pula görə gündəlik şablon işini görür. Amma kadrı cansız, rəngsiz və maraqsızdır. Operator gərək kadrını sevsin. Çünki kadr onun beyninin bir parçasıdır”. Operatorluğu şahmat oyununa bənzədən həmsöhbətimiz deyir ki, bu sənətin əsas sirri səbr, mükəmməl görmə qabiliyyəti və diqqətdir: “Operator işi şahmat oyunu kimidir. Hər zaman beş gediş irəli düşünməlisən. Əgər bir kadr çəkmisənsə, növbəti dörd kadr beyində olmalıdır ki, fikrini tam axıra qədər izləyiciyə çatdıra biləsən. Bütün bunlara nail olmaq üçün isə operatora diqqət, səbr və mükəmməl görmə qabiliyyəti lazımdır”.

“Sevdiyin işi görmək önəmlidir”

Elnur düşünür ki, uğurlu karyera üçün insanın sevdiyi işi görməsi çox önəmlidir: “İnsan sevdiyi işi görürsə, bu zaman tək məqsədi pul qazanmaq olmur. O, əslində öz işindən zövq alır və sənətini sevərək icra edir. Amma əksinə, pul qazanmaq xatirinə hansısa sevmədiyi işi görürsə, o, yalnız tələbatlarını ödəmək üçün çalışır. Hər səhər deyinə-deyinə işə hazırlaşır, qaş-qabağını töküb işə gedir. Çünki bu iş ona zövq vermir, sadəcə məcburiyyətdir. Amma sevdiyin işi gördükdə, bu işin ağırlığı da hiss olunmur. Fiziki cəhətdən yorulursan, amma nəticə hər şeyi unutdurur. Gecən-gündüzün olmasa da, gözəl xatirələrin olur”.
Operatorluq sənətinin gəlirindən də danıçan müsahibimiz deyir ki, bu sənətdə nə qədər çox işləyirsənsə, o qədər çox qazanırsan: “Bu sənətdə çox işləyəndə çox, az işləyəndə az qazanırsan. Buradakı gəlir operatorun öz bacarığından və zəhmətkeşliyindən asılıdır. Hazırda “region tv” də işləyirəm və əlavə işlərim olur. Toy, nişan, love story, qısametrajlı filmlər, ad günləri çəkilişlərini qəbul edirəm. Qazancım məni qane edir”.

“Qəlbinizin səsinə qulaq asın”

Müsahibimiz iş başında qarşılaşdığı maraqlı hadislərdən də danışdı: “Bir dəfə məşhur bir nazirin mətbuat konfransına getmişdik. Bütün kanallar, qəzetlər, saytlar orada idi. Gözlənilmədən operator yoldaşımız A4 formatlı kağızı nazirə verərək “zəhmət olmasa, bunu saxlayın, bbalansı tutaq” dedi. Hamı donub qaldı ki, bu, nə edir belə. Nazir də operatorun xahişini çox normal qarşıladı. Həmin an çox gülməli idi. Nazir əlində ağ vərəqi tutub və operator kameranı oraya tutaraq balans tutur”.
Ali təhsil alsa da, sevdiyi işin ardınca gedən müsahibimiz bildirdi ki, ixtisas seçərkən gənclər qəlblərinin də səsinə qulaq assınlar: “Diplom gələcəkdə prestij qazanmaq üçün çox önəmlidir. Onun dalınca gedib qazanmaq lazımdır. Amma qəlbinizin də səsini eşitməməzliyə vurmayın. Unutmayın, diplom insanın təhsilini təsdiqləyir, amma gələcəyi hər zaman diploma bağlamaq olmaz. Çünki bəzən bir neçə diplomun olsa belə, o işi sevmirsənsə, onun ardınca gedə bilmirsən. Uğurlu iş bacarıqla yanaşı, insandan səbr, mətinlik, xeyrxahlıq və əxlaq tələb edir.
Gələcək planlarından danışan müsahibimiz sonda vurğuladı ki, əsas hədəfi “DISCOVERY” və “NAT GEO WILD” kanallarından birində işləməkdir.

Aygün ƏZİZSadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301