• şənbə, 20 Aprel, 04:49
  • Baku Bakı 15°C

Diqqət Dohaya

15.04.16 10:47 2487
Diqqət Dohaya
Bazar günü dünyanın diqqəti Qətərin paytaxtı Dohada neft ixrac edən ölkələrin görüşünə yönələcək. Həmin gün aparılacaq danışıqların yekununda dünya neft bazarında tendensiyalar müəyyən ediləcək. Danışıqlarda uğurlu nəticə əldə ediləcəyi təqdirdə, neftin qiyməti 50 dollardan baha ola bilər. Lakin əgər nəticə uğursuz olarsa, onda bizlər neftin qiymətinin 35 dollardan aşağı düşməsinin şahidi ola bilərik.
Rusiya üçün Qətər görüşünün mahiyyəti ondadır ki, rublun taleyi də müəyyən mənada məhz burda müəyyən olunacaq. Neftin ucuzlaşması nəticəsində rublun dollara qarşı məzənnəsi 80-ə qalxa, bahalaşması nəticəsində isə 60-a kimi düşə bilər. Fevral ayında Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neftin istehsalının yanvar ayındakı səviyyədə dondurulması barədə təşəbbüslə çıxış etdilər. O zamandan bəri neftin qiyməti bir qədər artmağa başlayıb. Yanvarda bir bareli 30 dollar olan neftin qiyməti indi artıq 43 dollara kimi yüksəlib. Sberbank CIB analitik mərkəzinin ekspertlərinin qənaətincə, qiymətin belə həddə qalacağına dair Dohada müəyyən irəliləyiş əldə olunacağı gözlənilir. Lakin istisna deyil ki, əgər Qətər paytaxtında hər şey əla olsa, onda neftin qiyməti bir neçə dollar arta da bilər. Onların qənaətincə, uğur əldə olunacağı şansı 80 faizdir. Analitik mərkəzin ekspertlərinin qənaətincə, əgər yerdə qalan 20 faiz rol oynayacaqsa və danışıqlar iflasla nəticələnəcəksə, onda Brent markalı neftin bir barelinin qiyməti 35 dollardan aşağı düşmüş olacaq. Lakin 30-dan aşağı düşmək şansı istisna edilir.
Birləşmiş Ştatların nüfuzlu “Bank of America Merrill Lynch” Mərkəzinin də ekspertləri hesab edirlər ki, əgər Dohada aprelin 17-də neft istehsalının dondurulması barədə əvvəlki qərar qüvvədə qalarsa, onda neftin qiyməti 50 dolları keçə bilər. “Praym” agentliyi yazır ki, bu, hansısa bir razılaşmanın mexanizminin həllinin tapılması müqabilində mümkündür. Əgər neft ixrac edən ölkələr neftin ixracının dondurulması ilə bağlı vahid mövqeyə gələ bilməsələr, ekspertlərin qənaətincə, bu, neftin qiymətinin 40 dollardan aşağı düşməsinə səbəb olacaq. Onlar ehtiyat edirlər ki, Səudiyyə Ərəbistanı İranın neft bazarına dönüşünə cavab olaraq neftin ixracını artıra bilər. Bu da qiymətlərin 30 dollara kimi düşməsinə səbəb ola bilər.
Vəziyyətlə yaxından tanış olan ekspert hesab edir ki, Dohada keçiriləcək danışıqların uğursuz olacağı əlamətləri hiss olunmur. O, diqqəti “İnterfaks” agentliyinin Dohada adının çəkilməsini istəməyən mənbəsinin söylədiyi fikirlərə yönəldib. Həmin mənbə bildirib ki, aprelin 12-də neft ixrac edən ölkələr - Səudiyyə Ərəbistanı və Rusiya qarşıdakı Doha görüşündə neftin istehsalının əvvəlki səviyyədə dondurulması barədə razılığa gəliblər. “Bu, başlıca faktordur” - deyə o bəyan edib. Rusiya Energetika Nazirliyinin nümayəndəsi Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi aprelin 12-də Moskvada istehsalın dondurulması barədə razılıq əldə ediblər. A.Novak onu da əlavə edib ki, hətta İranın iştirakı olmasa belə, neft ixrac edən ölkələrlə razılıq əldə ediləcəyinə optimist yanaşır. Lakin az əvvəl Bloomberg Səudiyyə Ərəbistanının ikinci vəliəhdi Salman əl-Sauda istinadən xəbər verib ki, onun ölkəsi neftin ixracını İranla birlikdə dondurmaq istəyir. Səudiyyənin neft naziri Əli əl-Naimi isə ölkəsində neftin istehsalının azaldılacağı imkanlarını tam şəkildə istisna edib. “Bu mövzunu yaddan çıxarın” - deyə o, “əl-Hayat” qəzetinə bildirib.
BKS şirkətinin investisiya strateqi Maksim Şein hesab edir ki, istehsalın dondurulması yalnız yaxın perspektiv üçün gərəkdir. Çünki bir azdan qiymətlər hansısa bir razılaşma olmadan belə, düşəcək. “Rusiyanın başlıca neft yataqlarında istehsal aşağı düşür, indiki qiymətlərdə yeni yataqlara kapital qoymaq isə sərf etmir. Digər ixracatçı ölkələr də əvvəlki gücə malik deyillər. 2035-ci ilə kimi enerji daşıyıcıları bazarında qiymətlərin sabitləşməsini gözləmək gərək deyil. Və neftçilər də yaxın 5-10 il ərzində bütün işlərini buna uyğun quracaqlar” - deyən ekspert əlavə edib ki, Dohada əldə olunan razılaşmaya tam şəkildə əməl olunmayacaq. “Bu razılaşma tələb və təklifə elə də ciddi təsir etməyəcək və demək, qiymətlərdə fundamental dəyişiklik gözləmək gərək deyil” - deyə M.Şein vurğulayıb. Onun qənaətincə, İran faktoru neft bazarında qüvvələr balansını dəyişə bilməz. “Çünki, İranın əsas resursu qazdır. Lakin bazarda qiyməti dəyişmək oyununa bu, təsir etmək iqtidarındadır. Əgər Dohada möcüzə baş verərsə və hamı, İran qarışıq ilin sonuna kimi neftin istehsalını dondurarsa, hamının diqqəti tələbata yönələcək. Burada isə başlıca məsələ Çindəki iqtisadi vəziyyət olacaq.
Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının üzvü, şərqşünas Eldar Kasayev də tam şəkildə pessimist əhval-ruhiyyədədir. “Dohada İrandan başqa bütün başlıca oyunçular iştirak edəcək. İran nümayəndəsi ora qatılsa belə, o heç bir zaman istehsalın dondurulmasına razılıq verməyəcək. Sanksiyalar ləğv edildikdən sonra bu ölkə sutka ərzində 3 milyon barel neft ixrac edir. İlin sonunadək bu rəqəm 4 milyona çata bilər. Lakin iranlılar bu göstəricidə də dayanmaq istəmirlər. Onlar minimum 1979-cu il səviyyəsinə çatmaq istəyirlər. Həmin dövrdə İran 6 mln.barel neft ixrac edirdi. İdealda isə Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ-ın daxil olduğu elit səviyyəyə çatmaq istəyirlər. Bu səviyyə isə sutkalıq 10 mln. barel deməkdir. Liviya da əsas neft ixrac edən ölkələrdəndir. Lakin onun görüşdə iştirakı sual altındadır” - deyə ekspert vurğulayıb. E.Kasayevin qənaətincə, başlıca problem bu görüşdə əldə olunan nəticələrin yerinə yetirilməsinə nəzarət mexanizminin olmamasıdır.
O, əmindir ki, ərəblər hətta hansısa bir sənədə formal qol çəksələr belə, sonrakı gün onu pozacaqlar: “OPEK çərçivəsində sutka ərzində 30 mln. barel neft istehsal etmək barədə razılığa gəlinir, əvəzində isə 32 olur. Əlavə 2 mln. kimindir? Mən hesab edirəm ki, Səudiyyənin. Bu ölkə aşağı qiymətlərlə bir neçə neft dovşanını vurmaq istəyir. Məqsəd İranı, Kanadanın qumlu neftini, Rusiya və Braziliyanın karbohidrogen ehtiyatlarını, ABŞ-ın şist neftini “boğmaq”dır”.
Azər
banner

Oxşar Xəbərlər