• cümə, 29 Mart, 00:45
  • Baku Bakı 7°C

Diqqət Baydenə

02.04.21 17:30 852
Diqqət Baydenə
ABŞ prezident ölkəsinin maraqlarından çıxış edəcək, yoxsa erməniləri sevindirəcək?

Aprelin 24-də dünyanın diqqəti növbəti dəfə Birləşmiş Ştatlara, dəqiq desək bu ölkənin demokrat prezidenti Co Baydenin dilindən səslənəcək kəlməyə dikiləcək. Ənənəvi olaraq "böyük faciə” sözünü işlədəcək, yoxsa "soyqırımı” deyəcək? Prezident seçkiləri kampaniyası zamanı birmənalı şəkildə qondarma soyqırımını tanıyacağını vəd edən Bayden, görəsən hansı addımı atacaq? Əvvəlki prezidentlər kimi verdiyi vədin, sadəcə vəd olduğuna üstünlük verəcək, yaxud qondarma soyqırımını tanıyan ilk prezident kimi tarixə düşəcək? Suallar çoxdur. Bu qondarma hadisəni etiraf etməklə, onilliklər ərzində formalaşan Türkiyə-ABŞ münasibətlərinə zərbə vuracağı sözsüzdür. Bəllidir ki, başda ermənipərəst senator Menendes olmaqla 38 senatorun imzası ilə Baydenə ünvanlanan müraciətdə qondarma soyqırımı tanımaq istənilib. Hələ ki, ABŞ-dakı mənbələr, eləcə də Türkiyə mediasında səslənən çoxsaylı ekspert fikirləri onu deməyə əsas verir ki, deyəsən, Bayden ikinci variantın üzərində dayanacaq. Yəni ermənilərin arzusunu yerinə yetirəcək. Bununla da, çox böyük bir strateji səhvə imza atmış olacaq. Belə olacağı təqdirdə, təkcə Türkiyədə deyil, bütövlükdə bölgədə nüfuzuna zərbə vurmuş olacaq. Birləşmiş Ştatların hazırda ciddi rəqabətdə olduğu Çin və Rusiya kimi ölkələr də, bundan yararlanmağa və Türkiyəni öz tərəflərinə çəkməyə çalışacaq. Ümid etmək olar ki, Co Bayden İranla gərginliyin artdığı bir vaxtda, sadəcə əvvəlki prezidentlər kimi "soyqırımı” deyil, "böyük faciə” sözünü dilə gətirəcək. Yaşı 80-i haqlayan Bayden üçün kim daha strateji önəm kəsb edəcək - Kim Kardaşyan başda olmaqla erməni lobbisi və yaxud illər uzunu strateji münasibətdə olduğu, hər zaman onun yanında olan Türkiyə?

10 ildir davam edən gərginlik

Bir faktı da qeyd edək ki, qondarma soyqırımı ilə yanaşı, artıq 10 ilə yaxındır ki, ABŞ-Türkiyə münasibətlərində çox ciddi və ağır mərhələ yaşanır. Sirr deyil ki, ABŞ-la Türkiyə arasında münasibətlərdə heç vaxt indiki kimi gərginlik olmayıb. İki ölkə arasında strateji müttəfiqlik, demək olar ki, öz əhəmiyyətini itirmək üzrədir. Bunun bariz nümunəsi olaraq iki aydan artıq Ağ Evdə yerləşməsinə baxmayaraq, Co Baydenin diplomatik etiket naminə olsa belə, türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla təmas qurmamağını göstərmək olar. Bu gərginlik Suriyadan, daha dəqiq desək, ABŞ-ın kürd silahlı qruplaşmalarını dəstəkləməsi ilə başladı. ABŞ tərəfindən dəstəklənən kürd silahlılar Ankara tərəfindən terrorçu kimi dəyərləndirildi və son nəticədə Türkiyə qismən də olsa, onları tərksilah etdi. ABŞ da da öz yolundan çəkilmir və Türkiyəyə qarşı basqıları artırmağa çalışır. Belə münasibətlər də artıq müttəfiqlikdən xəbər vermir.
Görünən budur ki, Türkiyə və ABŞ arasında dönüş olmasa, bu münasibətlər tam korlanmağa qədər inkişaf edə bilər. Bu gün münasibətlərin tam korlanması üçün zəmin də var. Reallıq da odur ki, Türkiyəyə qarşı qondarma "erməni soyqırımı”nın əksər müəllifləri, daim, əsasən demokratlar olublar. Bayden də hər zaman ermənipərəst olub. Hal-hazırda ermənilər də bundan çox yararlanır. Ermənilər bu istiqamətdə təbliğatını, basqısını, lobbi fəaliyyətini gücləndirir. Bu üzdən də istisna edilmir ki, Bayden 1915-ci ildə Türkiyənin şərqidə baş verən hadisələri "soyqırımı” adlandıran birinci prezidenti olsun. Ola bilsin ki, Baydeni çəkindirsinlər və bu siyasətin hara apardığını ona izah etsinlər. Təbii ki, Bayden 24 aprel bəyanatında "soyqırımı” ifadəsini işlətsə, bu Türkiyə-ABŞ münasiblərinin daha da kəskinləşməsinə səbəb olacaq və bundan sonra, ümumiyyətlə tərəfdaşlıq üçün heç bir yer qalmayacaq.

Prezident soyqırımı tanıyarsa....

Məsələ ilə bağlı çoxsaylı ekspert və politoloqlar maraqlı fikirlər səsləndirir. Onlar da hesab edirlər ki, Bayden, böyük ehtimalla qondarma soyqırımını tanıyacaq. Lakin bunun, necə deyərlər, bədəli çox pis ola bilər. Məsələn, ABŞ dövlət katibinin keçmiş xüsusi məsləhətçisi, tanınmış amerikalı analitik Pol Qob bu qənaətdədir ki, tarix ABŞ prezidentliyinə namizəd olan bir çoxlarının 1915-ci il hadisələrində "erməni soyqırımını” tanımaq vədləri verdiyinin şahidi olub, ancaq vəzifəyə yiyələndikdən sonra bunu etməyiblər. "Əgər Co Bayden bu məsələdə istisna olunarsa, çox təəccüb edərəm”, - deyə amerikalı analitik bildirib. Lakin bununla yanaşı, o qeyd edib ki, "soyqırımı” tanımağa yeganə səbəb Ankaranın NATO-nun Rusiya silahlarının alınmasını məhdudlaşdıran qərarına qarşı çıxması ola bilər. Belə ki, Vaşinqton Türkiyəyə qarşı istifadə ediləcək vasitəyə malik olmaq istəyir: "Əlbəttə, əgər Co Bayden "soyqırımı” tanıyarsa, onda Türkiyə ilə problemlər yarana bilər. Ancaq mən hesab edirəm ki, problemlər Rəcəb Tayyib Ərdoğanın prezidentliyinə qədərki dövrlərdə olduğu kimi, elə də ciddi olmayacaq”. Bir faktı da qeyd edək ki, keçən il ABŞ Konqresinin hər iki palatası uydurma məsələni təsdiqləyən qətnamələr qəbul edib. Və bunu da çoxları Ankaranın Moskva ilə yaxınlaşmasına görə edildiyini irəli sürmüşdü. Həqiqətən də Moskva ilə S-400 anlaşması Vaşinqtonu çox qəzəbləndirmişdi.

Yerevan "soyqırımı”nın tanınmasında maraqlıdırmı?

Maraqlıdır ki, qondarma soyqırımının tanınmasında heç Ermənistanın özü belə maraqlı görünmür. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, ikitərəfli qaydada bu məsələ ilə bağlı araşdırılma aparılmasında maraqlıdır. Hətta keçmiş işğalçılıq siyasəti üzündən bağlı saxladığı sərhədləri açmağa da hazırdır. Ermənistanın Türkiyə ilə sərhədlərinin açıq olması, sözsüz ki, ona hava-su kimi lazımdır. Bu, ona dünya bazarına çıxması, Rusiya asılılığından azad olması və s. çoxsaylı layihələrin reallaşması üçün lazımdır. Soyqırımın qəbulu üçün dəridən-qabıqdan çıxan erməni lobbisi buna qarşıdır. Və hazırkı erməni hakimiyyəti də buna qarşı çıxa bilmir. Məsələ ondadır ki, indiki erməni rəhbərliyi Rusiyaya yaxınlıq nümayiş etdirsə də, qəlbən Qərblədir. Sadəcə Dağlıq Qarabağda yaşananlardan sonra çətin duruma düşüb. Ölkədə daxili siyasi vəziyyət gərgin olaraq qalır. İndiki mərhələdə də, qondarma soyqırımına ögey münasibət və Türkiyə ilə yaxınlaşmaq bəyanatı səsləndirmək ciddi rezonans doğura bilər. Həm də erməni xalqı hələ də türkofobiya mərəzindən uzaqlaşa bilməyib. Verilən reportajlarda, məqalələrdə bunu açıq görmək mümkündür. Bu səbəbdən də hələ uzun müddət türkə nifrət siyasətinin davam edəcəyini müşahidə edə biləcəyik.

"ABŞ çox vacib bir NATO müttəfiqini incitməməlidir”

Türkiyə-Amerika icmasının liderlərindən olan Ergün Kılıkovalı hesab edir ki, Bayden qondarma erməni soyqırımını rəsmi olaraq tanıyarsa, bunun mənfi fəsadları çox olacaq. "ABŞ çox vacib bir NATO müttəfiqini incitməməlidir. Erməni lobbisinə gəldikdə, düşünürəm ki, əvvəllər uduzduqları məhkəmə işlərini yenidən qaldıracaqlar. Qanuni çərçivədə bir döyüşə hazır olmalıyıq. Kompensasiya və torpaq istəkləri yenidən dinləniləcək, media vasitəsilə hücuma keçiləcək. Qanuni əsası olmasa da, Türkiyəmizi tez-tez kədərləndirməyə davam edəcəklər. Üstəlik, bizə, yəni türk mənşəli amerikalılara qarşı nifrət şiddətlənə bilər. 44 günlük zəfərinə görə Azərbaycan da ABŞ-dan öz payını alacaq. Türkiyə və Azərbaycanla ticarətin kəsilməsi, türk mallarının boykot edilməsi, türk firmaları ilə iş qurulmamağı, gömrük haqlarının artırılması, investisiya yatırılmamağı, turist axının qarşısının alınması çağırışları səslənə bilər. Türkiyədən idmançı və ya sənətçi qəbul edilməsin, qardaş şəhər, universitet proqramları dayandırılsın. Sadəcə müdafiə deyil, digər sahələrdə də embarqo tətbiq edilsin, NATO-dan çıxarılsın və s.”, - deyə ekspert fikirlərini bölüşüb. "10 min” türk kampaniyasının müəllifi Linkoln Makkardiy də hesab edir ki, Bayden qondarma soyqırımı tanıyarsa, iki ölkənin kövrək münasibətləri daha da gərginləşəcək. "Daha konstruktiv yanaşma bölgədəki bütün insanların (xristianlar, yəhudilər və müsəlmanlar) bu dəhşətli dövrdə çəkdikləri əziyyəti etiraf etmək olardı”- deyə vurğulayıb.

Türkiyə ABŞ üçün çox vacib və dəyərlidir

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta CNN Türk-ə eksklüziv müsahibəsində maraqlı məqamlara toxunub. O bildirib ki, NATO müttəfiqi olan Türkiyə ABŞ üçün çox vacib və dəyərlidir. "ABŞ və Türkiyənin ən yaxın əlaqələrə sahib olması çox əhəmiyyətli olacaq. Suriya bölgədəki ən mürəkkəb problemdir. Cənubi Qafqaz da qarışıqdır. Əlbəttə ki, biz Türkiyənin planlarını istəyirik, amma Amerikanın Türkiyə mövzusunda məsuliyyətli bir rol oynadığını şərh edə bilmərəm. Bölgədəki birbaşa təsirindən asılı olmayaraq, Türkiyə çox çətin bir sahədir. Suriya məsələsi daha da mürəkkəbləşir və humanitar böhran böyüyür. Türkiyənin Qara dəniz və boğazlardakı tarixi rolu, Yunanıstanla əlaqələr çox vacibdir. Məsələ burasındadır ki, Türkiyənin İranla sərhədləri var və Vaşinqtonla da İranın münasibətləri bəllidir. Bütün bu məsələlərdə Türkiyənin güclü bir müttəfiq olmasını və bizimlə çalışmasını gözləyirik. Türkiyənin fikirlərini eşitmək istəyirik. Bu çətin problemləri həll etmək üçün iki ölkənin hörmətlə davranması və birlikdə hərəkət etməsi vacibdir”, - deyə bildirib.
"Sizcə Amerikanın bölgədəki mövqeyi necə olmalıdır” sualına diplomat belə cavab verib: "Keçən həftənin sonlarında Türkiyədən səslənən fikirlər və təmaslar, Aİ liderlərinin Brüssel sammitində çox maraqlı nəticələr olduğunu düşünürəm. Türkiyənin gərginliyi azaltmaq üçün atdığı addımların faydalı təsirlərini gördüm. Bu, həqiqətən müsbət bir inkişafdır. Azad iqtisadi zona və ərazi suları xəritələrinə baxanda, bölgənin coğrafi quruluşuna görə çox mürəkkəb bir problem olduğunu görürəm. Kimin harada olduğunu söyləmək asan deyil. Ayrıca, yeraltı sərvətlər cəlb edildikdə, suyun altında və suyun üstündəki sərhədlər üst-üstə düşmür. Əlbəttə ki, Yunanıstan və Türkiyə bu problemləri həll etməlidir. Amerika bu münaqişəni həll etmək üçün addım atmalıdır. Amerika olaraq Ankara və Afinadakı bütün qaynaqlarımızı istifadə edərək bu çıxılmaz vəziyyətdən çıxmağa çalışmalıyıq. Bu, bəzən tərəflərə, eşitmək istəmədikləri şeyləri danışmağı əhatə edə bilər. Ancaq bunları iki ölkənin daha yaxşı anlaşması və prosesin irəliləməsi üçün söyləməliyik”.
Beləliklə, diqqət Baydenədir. Reallığı nəzərə alıb, ABŞ maraqlarına uyqun qərar qəbul edəcək, yaxud qeyd etdiyimiz kimi, bir qrup erməni seçicisinin səsinə səs verəcək?
Azər NURİYEV

banner

Oxşar Xəbərlər