• cümə, 29 Mart, 15:04
  • Baku Bakı 14°C

Diplomatlar səlahiyyət hədlərini aşırlar

02.05.14 08:36 1147
Diplomatlar səlahiyyət hədlərini aşırlar
Leyla Yunusun həbsi ilə bağlı xəbərlərdə bir detal xüsusilə diqqət çəkir. Bu da Amerika və Fransanın Azərbaycandakı diplomatlarının ölkədən çıxmasına qadağa qoyulmuş iki nəfər vətəndaşı hava limanına qədər müşayiət etmələridir. Təbii ki, diplomatların bu cür davranışı birmənalı qarşılanmır və böyük təəssüf hissi doğurur. Xatırladaq ki, bu, xarici ölkə diplomatlarının Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı ilk fakt deyil və müstəqillik tariximizdə belə hallarla bir neçə dəfə rastlaşmışıq. Bu barədə danışarkən ilk olaraq ağıla 1995-ci ildə baş verən mart hadisələrində Türkiyə səfiri Atan Karamanoğlunun etdikləri və sonrakı illərdə Norveç səfiri Steynar Girin davranışları gəlir. Təəssüf ki, siyahı bununla da bitmir. Ölkəmizə diplomat kimi gələn xaricilər çox zaman Azərbaycanın daxili işlərinə qarışmaqla ad çıxarırlar. Halbuki belə davranışlar beynəlxalq hüquq normalarına ziddir. Lakin bəzi ölkələrin diplomatları bu qanunlara məhəl qoymurlar. Onlar unudurlar ki, təmsil etdikləri ölkənin dünyadakı nüfuzundan asılı olmayaraq, hər bir diplomat beynəlxalq konvensiyaların tələblərinə əməl etməlidir.
Bəs qaydalara riayət olunmadıqda, neqativ situasiyalarda ölkəmiz hansı addımları atmalıdır? Səlahiyyət həddini aşan və ya səlahiyyətlərindən bixəbər diplomatlara qarşı necə davranılmalıdır? Bu suallara cavab tapmaq üçün politoloqların fikirlərini öyrəndik.
Politoloq Fikrət Sadıqov bizimlə söhbətində xatırlatdı ki, diplomatların səlahiyyətləri “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarında dəqiq şəkildə göstərilib. Təəssüf ki, bu müddəalara qarşı görməzdən gəlinir və qaydalar kobud şəkildə pozulur: “Diplomatlar öz hədlərini bilməli və qaydalara uyğun davranmalıdırlar. Konvensiyada açıq şəkildə bildirilir ki, səfirliklərin əsas fəaliyyəti iki ölkənin münasibətlərinin yaxşılaşdırılmasına yönəldilməlidir. Orada həmçinin bildirilir ki, heç bir dövlət, heç bir diplomatik nümayəndəlik başqa ölkənin daxili işlərinə müdaxilə etməməlidir. Ölkəmizdə olan səfirlər bu cür davranışların beynəlxalq normalara zidd hal olduğunu bilsələr də, qanundan kənar hərəkətlərə yol verirlər”.
F.Sadıqov qeyd etdi ki, diplomatik fəaliyyətlər münasibətlərin korlaması istiqamətinə yön almamalıdır: “Ölkələr arasında münasibətləri yalnız yaxşıya doğru dəyişmək lazımdır. Bilirsiniz ki, diplomatiyada müəyyən toxunulmazlıq prinsipləri var. Bu toxunulmazlıqlar ona görədir ki, diplomatlar komfort şəraitdə işləsinlər və ölkədaxili məsələlərə qarışmasınlar. Amma biz bunun əksini görürük. Təəssüf ki, bəzi dövlətlər və onların nümayəndələri daxili məsələlərə müdaxilə edirlər. Onlar hətta ölkənin siyasi proseslərində iştirak etmək istəyirlər və müxtəlif qarşıdurmaların yaranmasında “fəaliyyət” göstərirlər. Belə hallar olmamalıdır. Çünki belə hərəkətlər ikitərəfli münasibətlərə zərər gətirən amillərdir. Bu cür davranış heç bir dövlətə başucalığı gətirmir”.
Politoloq onu da qeyd etdi ki, ölkəmiz belə neqativ hallara qarşı müəyyən tədbirlər görməlidir: “Bizə qarşı hansısa xoşagəlməz addımlar atılırsa, maraqlarımıza zidd hərəkətlər edilirsə, təbii ki, ölkəmiz buna qarşılıq olaraq nota verə, müəyyən bəyanatlarla çıxış edə bilər. Belə vəziyyətlərdə Xarici İşlər Nazirliyi səviyyəsində də təpki göstərmək olar. Əlbəttə ki, etirazlarımız konkret faktlarla əsaslandırılmalıdır və müəyyən məsələlər qabardılmalıdır. Qeyd edim ki, son zamanlar diplomatiyada ümumi bəyanatlar ciddi qəbul olunmur. Ona görə də mövqeyimiz faktlarla bildirilməli, reaksiya verilməlidir”.
Politoloq Qabil Hüseynli də diplomatik nümayəndəlik təmsilçilərinin hədlərini aşan hərəkətlərinin yolverilməz olduğunu söylədi. Bildirdi ki, belə hallar beynəlxalq hüquqda da mənfi hal kimi qiymətləndirilir: “Təəssüf ki son zamanlar yenə də ölkəmizin daxili işlərinə qarışma faktları müşahidə olunur. Bəzi səfirliklər elə hesab edirlər ki, bu, onların işinin bir parçasıdır və onların buna tam ixtiyarı çatır. Halbuki, diplomatlar öz səlahiyyətlərindən kənar davranırlar və biz belə halları pisləyirik. Ölkədə nə baş verməsindən asılı olmayaraq səfirliklər bu cür hərəkətlərə yol verməməli, ölkələrin daxili işlərə qarışmamalıdırlar. Təəssüf ki, son proseslərdə də bunun əksini gördük. Fransa səfirliyi Leyla Yunusa və onun həyat yoldaşına ölkəni təcili tərk etmək üçün 2 saat ərzində 5 illik viza təşkil edib. Diplomatlar dindirilmək üçün polis orqanlarına cəlb olunan şəxsləri hava limanına qədər öz maşınları ilə müşayiət etməkdən belə çəkinməyiblər. Səfirlik niyə öz səlahiyyətlərindən kənara çıxaraq ölkədaxili problemlərə bu dərəcədə qarışmalıdır?. Belə davranış bütün beynəlxalq protokollar, konvensiyalar və hüquq normalarına ziddir”.
Q.Hüseynlinin fikrincə, səfirliklər bu cür davranışları ilə təmsil etdikləri ölkə ilə Azərbaycan arasında gərginlik yaradırlar: “Hesab edirəm ki, ölkəmiz bu durumla əlaqədar Fransa hökumətinə etirazını bildirə bilər. Ümid etmək istərdim ki, səfirlik təmsilçiləri bundan sonra daha ölçülü-biçili hərəkətlər edəcəklər. Çünki səfirlik həddini aşdığı zaman Azərbaycanın diplomatları non-qrant elan etmək hüququ var. Yəni, dövlətimiz həmin diplomatların fəaliyyətinə xitam verilməsi üçün onların təmsil etdikləri ölkədən xahişdə buluna bilər. Bu nöqteyi-nəzərdən, Fransa və Amerika səfirliyi əməkdaşlarına hərəkətlərinin beynəlxalq hüquq normalarına zidd olduğunu xatırlatmaq lazımdır”.
Müsahibimiz vurğuladı ki, dövlətimiz həmin ölkələrin Xarici İşlər Nazirliyinə öz etirazını bildirə bilər: “Bu hadisələr təkrar olunarsa, həmin ölkələrin səfirlərinin dəyişdirilməsi ilə bağlı həmin ölkələrin hökumətlərinə müraciət oluna bilər. Hətta səfirliklərin Azərbaycanda təmsilçiliyi də durdurula bilər. Bu isə ən son həddir və ölkələr arasında gərginliyə səbəb ola bilər. Ona görə də Azərbaycanın bu varianta əl atacağını güman etmirəm. Amma hər halda, səfirliklər yadda saxlamalıdırlar ki, onların səlahiyyətləri harada bitir və ondan kənara çıxmaq nə ilə nəticələnə bilər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər