• cümə, 26 Aprel, 18:14
  • Baku Bakı 22°C

Diplomatik olmayan diplomat

23.06.15 10:41 2556
Diplomatik olmayan diplomat
Amerika Birləşmiş Ştatlarında nəşr olunan nüfuzlu “Foreign Policy” jurnalında Viktoriya Nuland haqqında yazar Con Hadsonun “Diplomatik olmayan diplomat” başlıqlı məqaləsi dərc olunub. “Kaspi” qəzeti həmin məqalənin tərcümə variantını təqdim edir.
İsti iyun axşamında Con Makkeyn Ukrayna böhranı ilə bağlı Obama administrasiyasını tənqid edirdi. “Bu, elə böyük utancverici hadisədir ki, mən özümü saxlaya bilmirəm” - Arizonadan olan respublikaçı senator belə deyib. Bundan sonra o, Ağ Evin səhvlərini sıralamağa başlayıb.
O, Barak Obama ilə Nevil Çemberleni (Böyük Britaniyanın eks baş naziri - müəl.) müqayisə edəndən sonra bir jurnalist ona belə bir sual ünvanladı: “Senator bu münaqişə ilə məşğul olan ABŞ-ın əsas diplomatı haqqında nə düşünür?”
Bu sualdan sonra Makkeyn bir az fasilə verdi və onun davranışı tamamilə dəyişdi: “Mən ona heyranam. O, çox ağıllıdır”. Senator bu fikirləri ABŞ-ın Avropa üzrə əsas diplomatı Viktoriya Nuland haqqında bildirib.
Makkeynin Nuland haqqındakı fikirlərini Kapitolidə bir çox siyasətçilər, həmçinin çoxsaylı demokratlar bölüşürlər. Lakin Nulandın birmənalı qarşılanmadığı bir yer də mövcuddur: həmin yer Nulandın güclü və etibarlı əlaqələr qurmalı olduğu Avropadır.
“Foreign Policy” qəzetinə müsahibə verərkən avropalı diplomatlar Nulandı “kobud”, “qaba”, “sözü üzə deyən”, və bəzən “diplomatik olmayan” şəxs kimi xarakterizə edirlər. Onlar ilə amerikalı diplomat arasında siyasi narazılıqlar mövcuddur. Çünki Nuland Rusiyanın dəstəklədiyi separatçılara qarşı mübarizə aparmaq üçün Ukrayna dövlətinə silah verilməsinin tərəfdarıdır. Lakin Avropa kimi Ağ Ev də onun bu istəyini dəstəkləmir.
“O, diplomat kimi hərəkət eləmir. O, daha çox siyasi ideoloqa bənzəyir” - bu sözləri bir avropalı diplomat Nuland haqqında deyib.
Viktoriya Nuland məsələsində əsas paradoks ondan ibarətdir ki, onu superulduz edən siyasətçilər transatlantik əlaqələrinin gərgin olduğu bir vaxtda onu həmçinin Avropada qalmaqallı fiqura çeviriblər.
Xarici xidmətin əməkdaşı olan Nuland Dövlət Departamenti tərəfindən ABŞ-ın Avrasiya və Avropada yerləşən səfirliklərinin rəhbəri təyin olunub. Ukraynada hərbi əməliyyatların davam etdiyi, bu münaqişə nəticəsində 6400 insanın öldüyü, “soyuq müharibə”nin bitməsindən sonra ABŞ ilə Rusiya arasında əlaqələrin ən aşağı səviyyədə olduğu bir vaxtda Nuland Moskvanın hərbi təhdidinə qarşı Qərb dövlətlərinin vahid mövqeyini formalaşdırmağa və qorumağa çalışır.
Vaşinqtonda Nulandın populyarlığının artması onun rusları sərt tənqid etməsi, həmçinin avropalıları daha kəskin mövqe tutmağa səsləməsi ilə əlaqələndirilir.
Bu ilin mart ayında o, Moskvanı Krımda və Ukraynanın şərqində “çar terroru” yaratmaqda ittiham edib. O, mütəmadi olaraq “təsəvvür edilə bilməyəcək zorakılığa və talanlara” görə “Rusiyanı və onun separatçı marionetkaları”nı tənqid edir və regionda vəziyyətin gərginləşməsinə görə Vladimir Putinin cavab verəcəyinə söz verir. Nuland Konqresdə çıxışı zamanı avropalı həmkarları ilə apardığı danışıqları “pişikləri sürü halında yığmaq” cəhdi kimi qiymətləndirib. Keçən il onun ABŞ-ın Ukraynadakı səfiri ilə telefon danışığı zamanı Avropa İttifaqını təhqir etdiyi səs yazısı ortaya çıxmışdı.
Nuland dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi olarkən belə, ABŞ xarici siyasətində əsas fiqurlardan hesab olunurdu. O, həm mühafizəkar olmayan respublikaçılarla, həm də liberal demokratlarla çalışırdı. Corc Buşun hakimiyyəti dövründə Nuland vitse- prezident Dik Çeyninin milli təhlükəsizlik üzrə baş məsləhətçisi idi. Hazırkı vəzifəsindən qabaq isə o, Hilari Klintonun rəhbərlik etdiyi Dövlət Departamentinin əsas sözçüsü idi.
2013-cü ildə ABŞ dövlət katibi Con Kerri bildirib ki, Nuland həm demokratların, həm də respublikaçıların etimadını qazanıb. Onun Hilari Klinton və respublikaçılar ilə əlaqəsinə görə bir çoxları hesab edir ki, 2016-cı il seçkilərində hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq, Nulandın vəzifəsi yüksələn xətlə davam edəcək. Bütün bunlara görə, Nuland vacib diplomat hesab olunur.
Lakin hər şeydən əvvəl o, hazırkı vəzifəsi ilə bağlı olan bir çox problemləri həll etməlidir. Avropalı diplomatların Nuland haqqında olan şikayətləri haqlı və səmimidir. Çox vaxt o, elə fikirlər söyləyir ki, avropalı siyasətçilər bunları eşitmək belə istəmir. Onlar düşünürlər ki, Nuland avropalıların narahatlığına heç tüpürmək belə istəmir. “Bir çox avropalılar, əlbəttə ki, Moskva, Nulanda nifrət edir. Kapitoli təpəsində olan siyasətçilərin Nulandı sevmələrinin əsas səbəblərindən biri də budur” - Konqresin bir nümayəndəsi bu sözləri deyib. Lakin o da məlumdur ki, Nulandın Avropada nifrətlə yad edilməsinə səbəb təkcə fikir ayrılıqları deyil, həm də onun iş üslubudur.
Avropada bir çoxları Nulandı Kiyevə silah satmağın əsas tərəfdarı hesab edir. Lakin almanlar, italyanlar, macarlar, yunanlar isə Moskva ilə əlaqələrin daha da gərginləşməməsi üçün bu addıma qarşıdırlar.
Həmçinin Ağ Ev də Kiyevə silahların verilməsinin əleyhinədir. Çünki rəsmi Vaşinqton bütün yardımlara baxmayaraq, Moskvanın real üstünlüyünə və Rusiya hərbi qüvvələrinin Ukrayna ordusunu bir anda darmadağın etmək potensialına malik olduğunu başa düşür.
ABŞ-ın qanunverici orqanı Ağ Ev ilə fərqli mövqedə olsa belə, hər iki partiya Nulandın düzgün danışdığını hesab edir.
Demokratlar Partiyasını Nümayəndələr Palatasında təmsil edən və Xarici əlaqələr şöbəsinin üzvü Eliot Enqel bildirib ki, ABŞ Ukraynaya müdafiə xarakterli silahlar verməlidir: “Mən Rusiyanın Ukrayna ordusunu hər an məhv edəcəyinə inanmıram. Mən hazırda qorxaq mövqe tutduğumuzu hesab edirəm”. E.Enqelin bu fikirləri ilə Nümayəndələr Palatasının və Senatın bir çox üzvləri bölüşür.
Düzdür, avropalı diplomatlar ilə Nuland arasında olan mənfi münasibət rəsmi Vaşinqtonun siyasəti ilə də əlaqələndirilir. Lakin bu münasibətlərə Nulandın sərt mövqeyi də öz təsirini göstərir. Nulandın tərəfdarları bildirir ki, onun sərt mövqeyi keçən il Krımı işğal edən Rusiyaya qarşı Vaşinqtonun cavabıdır.
Ağ Ev hazırda Avropa ilə birgə Rusiyaya qarşı hərbi olmayan tədbirlər görməyə çalışır. Bunlara daxildir: Rusiyanın enerji, hərbi və maliyyə sisteminə qarşı olan iqtisadi sanksiyalar; Rusiyanın “Böyük səkkizlik”dən çıxarılması. Həmçinin müttəfiq dövlətlər liderləri Vladimir Putini öz ölkələrinə dəvət etməməyə və Rusiyaya səfərə getməməyə çağırıblar.
Lakin Avropanın vahid saxlanması asan məsələ deyil. Rusiyaya qarşı hərbi vasitələrlə mübarizə aparılmasında avropalılar həmfikir deyillər. Baltikyanı ölkələr Moskvaya aqressiv cavab verilməsinin tərəfdarıdırlar. Amma İtaliya ilə Yunanıstan məsələnin diplomatik yolla həll edilməsini istəyir. Bu arada, Avropa İttifaqının əsas dövlətləri olan Almaniya ilə Fransa isə başqa həll yolları axtarmağa çalışır.
İqtisadi sanksiyalara gəldikdə isə, ABŞ-dan fərqli olaraq, Avropa dövlətləri bu məsələdə çox da maraqlı deyillər. Çünki Aİ-yə daxil olan ölkələrin Rusiya ilə sanksiyalara qədər sıx əlaqələri mövcud idi. Sanksiyalara görə, Fransanın kənd təsərrüfatına və İtaliya turizminə kifayət qədər ziyan dəyib.
Avropa dövlətləri ümumi maraqlara qarşı çıxdıqda, onlar Nuland qarşısında cavab verməli olurlar. Onlar arasında danışıqlar isə çox vaxt yaxşı qurtarmır. Belə ki, bu ilin mart ayının ortalarında İtaliyanın baş naziri Matteo Rençi Moskvaya səfəri zamanı Vladimir Putinlə görüşdükdən dərhal sonra Nuland Romaya səfər etdi. Rusiyanın Krımı ilhaqından sonra Avropa lideri ilk dəfə olaraq Moskvaya səfər etmişdi.
İtalyan baş nazir nümayişkarənə olaraq Qərb dövlətlərinin Putini təcrid etmə siyasətindən imtina edirdi. Nuland İtaliya səfəri zamanı Romaya təzyiq göstərməli idi. Diplomatik mənbələrin verdiyi məlumata görə, Nulandın kəskin fikirləri italiyalı diplomatların xətrinə dəyib. ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib ki, belə bir siqnalın verilməsi vacib idi: “ABŞ-ın yüksək rütbəli məmurları İtaliya baş nazirinə onun planlarından narahat olduqlarını çatdırıblar”.
Nulandın bu cür sərt mövqeyi ABŞ rəsmilərinin çox xoşuna gəlir. E.Enqel qeyd edib ki, Nuland hər şeyi olduğu kimi deyir.
Məşhur professor Şelvin Nulandın qızı, həmçinin nüfuzlu neomühafizəkar jurnalist Robert Kaqanın həyat yoldaşı Viktoriya Nuland əvvəldən nüfuzlu şəxslərin arasında yaşayır. Keçən il Nuland ilə Kaqan “Politico” qəzetinin müxbirinə bildiriblər ki, onlar bir-birlərini demokratiya və ABŞ-ın dünyadakı rolu haqqında danışarkən seviblər. Kaqan ilə evliliyinə görə bir çox avropalı diplomatlar Nulandı respublikaçı hesab edir.
Nulandın telefon danışığı zamanı işlətdiyi ifadəni Almaniya kansleri Anqela Merkel “tamamilə qəbuledilməz” olaraq qiymətləndirib. ABŞ-ın Dövlət Departamenti daha sonra Nulandın işlətdiyi ifadə ilə bağlı üzr istədiyini bildirib. Çoxları belə hesab edir ki, məlumat sızıntısını Rusiya xüsusi xidmət orqanları təşkil edib. Onların əsas məqsədi ABŞ ilə Avropa dövlətləri arasında münasibətlərə zərbə vurmaq idi.
Lakin hələ ki, buna nail olmaq mümkün deyil. Çünki ABŞ ilə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarda vahid mövqedədirlər. Artıq Aİ Rusiyaya qarşı sanksiyaların müddətini daha altı ay artırmağı qərara alıb. Lakin bu məlumat sızıntısı avropalı diplomatlar ilə Nuland arasında onsuz da yaxşı olmayan əlaqələrin daha da pisləşməsinə gətirib çıxarıb.
Tərcümə etdi: Sənan Əhliman
banner

Oxşar Xəbərlər