• çərşənbə axşamı, 23 aprel, 14:32
  • Baku Bakı 24°C

Diplomatik fəallıq yaxın zamanlarda öz müsbət nəticəsini göstərəcək

26.05.16 11:40 2722
Diplomatik fəallıq yaxın zamanlarda öz müsbət nəticəsini göstərəcək
Aprel hadisələrindən sonra Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində danışıqlar daha da intensivləşdi. Beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu problemin "dondurulmuş münaqişə” olmadığının fərqinə vardılar. Danışıqlar prosesində Azərbaycanın haqlı mövqeyi bir qədər də möhkəmləndi və işğalçı Ermənistanın güzəştə məcbur edilməsi məsələsi gündəmə gəldi. Bununla paralel olaraq, rəsmi Bakı Ermənistanın təcavüzkarlığını, beynəlxalq hüquq və normalara sayğısızlığını ifşa etmək üçün sistemli fəaliyyətini xeyli artırdı. Ermənistanın danışıqlar prosesini pozmaq üçün müxtəlif təxribatlara əl atması, hətta yaşayış məntəqələrini artilleriya atəşinə tutması, mülki vətəndaşlara qarşı fosforlu mərmidən - kimyəvi silahdan istifadə etməsi, çirkli bomba – atom bombası ilə Azərbaycanı təhdid etməsi planlı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Eyni zamanda, istifadə müddəti başa çatan, region üçün böyük təhlükə mənbəyinə çevrilən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün "Stop Metsamor” petisiyası üzrə imza toplama kampaniyasına başlanıldı. Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda, eləcə də BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə bu günlərdə İstanbul şəhərində keçirilən Dünya Humanitar Sammitində ən yüksək tribunadan dünyanın diqqətini yenidən bu məsələlərə - Ermənistanın ifşasına yönəltdi. Azərbaycan dövlət başçısının bilavasitə nəzarəti və tapşırığı, qətiyyəti, siyasi iradəsi nəticəsində həyata keçirilən bütün bu tədbirlər barədə "Kaspi”nin suallarını Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.
- Fəzail müəllim, aprel hadisələrindən sonra Ermənistanın dünyada daha da ifşası istiqamətində həyata keçirilən təbliğatı, sistemli işi necə dəyərləndirirsiniz?
- "Dörd günlük müharibə” müddətində Azərbaycan Silahlı Qüvvələrinin ön cəbhədəki kiçik bir qrupunun Ermənistan silahlı birləşmələri üzərində böyük qələbəsindən sonra situasiya ciddi surətdə dəyişdi. Aprel döyüşlərinə qədər Azərbaycan işğal altında olan ərazilərini siyasi diplomatik formatdan istifadə edərək azad etməyə çalışırdısa, "dörd günlük müharibə”dən sonra yaranmış vəziyyətdən istifadə edən rəsmi Bakı hərbi-diplomatik format üzərinə keçid etdi. Belə demək mümkündür ki, bu formatdan uğurla bəhrələnməyə başladı. Ermənistan üzərinə bütün istiqamətlərdə ciddi xarakter daşıyan hücumlar edildi. Cəbhə xəttində əldə etdiyimiz qələbənin davamı olaraq, bu zəfərin möhkəmləndirilməsi istiqamətində diplomatik nailiyyətlər əldə edildi. Yəni, Azərbaycan hərbçilərinin Ermənistan silahlı birləşmələrinin təxribatına layiqli cavab verməsinə, hətta əks hücuma keçərək işğal altında saxlanılan bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa etməsinə dünya ictimaiyyəti neytral yanaşdı. Əksər dövlətlər bu münaqişədə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verdilər ki, bu da ölkəmizin atdığı addımların dəstəklənməsi demək idi. Ermənistan isə təklənmiş duruma düşdü. Bu ölkənin hərbi müttəfiqi olan Rusiya neytrallıq nümayiş etdirdi. Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlı hərbi qurumda təmsil olunan Belarus, Qazaxıstan isə Azərbaycanın mövqeyini dəstəklədi. Bütün bunlar Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir. Bundan sonrakı zaman kəsiyində rəsmi Bakının bu və buna bənzər addımları daha davamlı və sistemli xarakter aldı. Ermənistanın həyata keçirdiyi siyasət, vandalizm aktları nəticəsində meydana gələn acı nəticələr Azərbaycan tərəfindən dərhal ciddi reaksiya ilə qarşılandı. Bir tərəfdən Silahlı Qüvvələrimiz düşmənin yalnız atəş zərbələrini susduracaq addımlar atdı, digər yandan da Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində ölkəmizə akkreditə olunmuş hərbi attaşelərin, ATƏT-in cəbhədə fəaliyyət göstərən monitorinq qrupunun, həmçinin xarici ölkə səfirlərinin, xarici KİV nümayəndələrinin cəbhə xəttinə yaxın yaşayış məntəqələrinə səfərləri təşkil olundu. Mülki şəxslərə məxsus dağıdılmış evlər, təsərrüfat sahələri, yaralanmış və qətlə yetirilmiş dinc sakinlər barədə məlumatlar yerindəcə onlara çatdırıldı, nümayiş olundu. 11 ölkədən 20 hərbi mütəxəssisin iştirak etdiyi nümayəndə heyəti isə Ermənistan silahlı birləşmələri tərəfindən Tərtərin təmas xəttinə yaxın yerləşən Əskipara kəndi ərazisinə atılan fosfor mərmisinin düşdüyü əraziyə baxış keçirdilər, bu mərminin məhv edilməsi prosesinə şahidlik etdilər. Bu addımlara nümunə kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin həm Bakıda, həm də İstanbulda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərində çıxışını, Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığının nəticələrini ən yüksək tribunadan açıq mətnlə çatdırmasını da göstərmək olar. Ən nəhayət, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu günlərdə İran İslam Respublikasına səfər etməsi və Ermənistanın işğalçılıq siyasəti, işğal altındakı ərazilərimizdə olan məscidlərin dağıdılması ilə bağlı İran rəsmilərinə dəqiq məlumatlar çatdırması, qarşı tərəfin bunlara reaksiyası, həmçinin xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə səfəri də hərbi-diplomatik formatın görüntüləridir. İnanıram ki, bütün bu fəallıqlar yaxın zamanlarda öz müsbət nəticəsini göstərəcəkdir.
- Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, hətta Ermənistanın özü üçün də ciddi təhlükə mənbəyi sayılan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün də kampaniyaya başlanıldı. Artıq "Stop Metsamor” petisiyası üzrə yüz minlərlə imza toplanılıb. Bu təbliğat nə dərəcədə effektlidir?
- Bu məsələ də olduqca vacib və əhəmiyyətlidir. İstismar müddəti başa çatmış bu stansiya, sualınızda qeyd etdiyiniz kimi, bütün region dövlətləri üçün ciddi təhlükə mənbəyidir. Sovetlər birliyi dövründə Ukraynada – Kiyev şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş verən hadisəni hər birimiz yaxşı xatırlayırıq. 1986-cı ildə bu stansiyada baş verən nüvə partlayışı nəticəsində radioaktiv bulud yarandı və onun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etdi. "Ölüm buludu” adlandırılan həmin radioaktiv buludun yerdə qalan hissəsinin küləklər cənuba apardı. Baş vermiş hadisə nəticəsində bəşəriyyətə böyük ziyan dəydi, 7 minə yaxın insan həlak oldu, 25 min insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Hətta bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlilliyin yaranması barədə statistik faktlar var. Həmin hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadlarının hələ də Avropada dolanması barədə məlumatlar beynəlxalq mediada yer almaqdadır. İndi təsəvvür edin ki, belə bir təhlükə Azərbaycan, Türkiyə, Gürcüstan, İranla sərhədi olan Ermənistanda da hər an baş verə bilər. Çünki, Ukraynadan fərqli olaraq, buradakı AES-in istismar müddəti çoxdan keçib və bu obyektin işlədilməsi müasir standartlara qətiyyən cavab vermir. Bundan başqa, nəzərə almaq lazımdır ki, hətta ən müasir tələblərə cavab verən AES-də hər hansı gözlənilməz hadisə baş verə, çoxsaylı insan itkisi yaşana bilər. Misal üçün, 2011-ci ilin mart ayında Yaponiyada zəlzələ baş verdi, bundan yaranan sunami ölkəyə ciddi ziyan vurdu. Həmin hadisələr nəticəsində Yaponiyadakı "Fukusima-1” AES-də partlayış oldu, stansiyanın reaktorlarından birinin divarının dağılması nəticəsində ətrafa güclü radiasiya sızması baş verdi, bəşəriyyət, insanlıq ziyan gördü. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, əgər Metsamor AES-də də Çernobıl və Yaponiyadakı kimi partlayış baş verərsə, bundan bütün region, ümumilikdə bəşəriyyət böyük zərər görəcək. Bu fəsadlardan başqa, Ermənistan rəsmiləri tez-tez Azərbaycanı çirkli atom bombası ilə hədələyirlər. Ehtimal olunur ki, onlar bu bombanı da məhz Metsamor AES-in nüvə tullantılarından hazırlayıblar. Bu faktın özü də regionun təhlükəsizliyini təhdid edən məsələlərdəndir. Ona görə də qeyd olunanlar barədə Ermənistana qarşı kampaniyanın aparılması, hətta Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə və BMT-nin Təhlükəsizlik Şurasına müraciətlərin edilməsi düzgün addımdır. Belə təbliğatda region dövlətləri də fəal iştirak etməli, beynəlxalq qurumları hərəkətə gətirməlidirlər. Düşünürəm ki, bu addımlar Ermənistanı dünyada təcavüzkar, işğalçı, bəşəriyyətin təhlükəsizliyini təhdid edən dövlət kimi tanıtmağa yardımçı olacaq.
- Ermənistanın ifşası, bu ölkəni bütün beynəlxalq layihələrdən təcrid etmək siyasəti sonda öz müsbət nəticəsini verəcəkmi?
- Mənim buna qətiyyən şübhəm yoxdur. Hadisələrin gedişi belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistan yürütdüyü aqressiv, işğalçılıq siyasəti ilə bir dövlət kimi özünü məhvə doğru aparır. Bu dövlətin Türkiyə, Gürcüstan və Azərbaycana qarşı ərazi iddiaları var. Heç kim zəmanət verə bilməz ki, sabah özünə gələn Ermənistan Rusiya və İrana qarşı da ərazi iddiaları irəli sürməyəcək. XXI əsrdə işğalçı təfəkkürlə dövləti möhkəmləndirmək, gücləndirmək mümkün deyil. Belə siyasət nəticəsində Ermənistan regionda reallaşan bütün iqtisadi, ticari, siyasi layihələrdən kənarda qalıb. Təcavüzkar siyasətinə görə qonşuları tərəfindən blokada şəraitinə salınıb və bunun sayəsində acınacaqlı vəziyyətdə yaşayır. Ölkəni yaşatmaq və inkişaf etdirmək üçün Ermənistandakı daxili imkanlar kifayət etmir. Yalnız donor təşkilatlar, ianələr hesabına dövləti ayaqda tutmaq, yaşatmaq qeyri-mümkündür. Rusiyanın forfostu ola-ola müstəqil dövlət kimi siyasət yürütmək imkanından məhrum olan Ermənistan dünyada özünə müsbət imic qazanmaq imkanından da məhrumdur. Bundan başqa, bu gün Rusiyanın özünün də problemləri kifayət qədərdir və Kreml rəhbərliyi Ermənistanın hayında deyil. Ona görə də Ermənistanın vəziyyəti getdikcə daha da ağırlaşacaq, gec-tez bir dövlət kimi çökəcəkdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər