• cümə, 19 Aprel, 03:48
  • Baku Bakı 18°C

“Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili” mövzusunda konfrans keçirilib

15.11.16 18:55 1041
“Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili” mövzusunda konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili” mövzusunda konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, orta məktəb direktorları və müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Ulu Öndər Heydər Əliyevin RİH-in inzibati binasındakı büstünün önünə gül dəstələri qoyublar.

Konfrans DQİDK-nın sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Filmin nümayişindən sonra Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri açaraq, radikalizmin bütün cəmiyyət üçün təhlükə olduğunu, hər bir vətəndaşın radikalizmə qarşı mübarizədə fəal iştirakının zəruriliyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdini radikalizmin yaranması səbəbləri və onun fəsadları barədə geniş məlumat verib. Bildirib ki, dini radikalizmə qarşı mübarizə həm də maarifçilik yolu ilə aparılmalıdır. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, ailə dəyərlərinə bağlıdır. Qeyd edib ki, ölkəmizdə dini xurafata və dini radikalizmə qarşı mübarizə aparılır. Bu mübarizə çərçivəsində Dövlət Komitəsi Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin Xidməti, Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və digər aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirir.

Mübariz Qurbanlı qeyd edib ki, dövlət müstəqilliyimizi bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması dövlətin əsas prinsiplərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin birbaşa müəllifliyi ilə hazırlanmış Konstitusiyamızda dini etiqad azadlığı, dövlət-din münasibətlərinin əsas prinsipləri aydın əks olunub.

Dövlət Komitəsinin sədri dövlətin dinə qayğısından bəhs edərək, bütün ənənəvi dinlərin fəaliyyəti, eyni zamanda vətəndaşların öz ibadətlərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şərait yaradıldığını vurğulayıb.

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxış edərək gənclərin vətənpərvər vətəndaş, ailə dəyərlərinə, adət-ənənələrə bağlı şəxsiyyət kimi formalaşmasında məktəb təhsilinin vacibliyini qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin Xətai rayonu üzrə səlahiyyətli nümayəndəsi Əhmədli qəsəbə məscidi dini icmasının sədri və axundu Hacı Murad Cəfərov Qurani-Kərimdə başqa dinlərə və mədəniyyətlərə dözümlü münasibətin öz əksini tapdığını bildirib. Axund qeyd edib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və dinlərin yaşadığı bir məkan olub. Hazırda ölkəmizdə üç səmavi dinin nümayəndələri qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşayırlar.

Tədbirin sonunda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.


banner

Oxşar Xəbərlər