• cümə, 29 Mart, 10:13
  • Baku Bakı 5°C

Dini kitablara nəzarət markası vurulur - Azərbaycanda

22.04.14 13:06 1405
Dini kitablara nəzarət markası vurulur - Azərbaycanda
Azərbaycanın Qazax rayon Polis Şöbəsi tərəfindən rayon sakini, hazırda Rusiya Federasiyasında yaşayan Qasımov Mahmud Hümbət oğluna məxsus evdə “nurçuluq” cərəyanına bağlı dini dərslərin tədris olunması, ədəbiyyatın aşkar edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ekspertiza keçirəcək.
Komitənin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aşkar edilmiş dini ədəbiyyatlar Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək, ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı (və ya idxalı), həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy veriləcək.
Dövlət Komitəsindən o da bildirilib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə əsasən vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.
Hazırda bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Yaxın vaxtlarda yeni qaydalar tətbiq edildikdən sonra bütün dini kitablara müvafiq nəzarət markası vurulacaq, yalnız həmin dini ədəbiyyatların yayılması qanunvericiliklə məqsədəuyğun hesab ediləcək.
banner

Oxşar Xəbərlər