• şənbə, 20 Aprel, 05:30
  • Baku Bakı 15°C

“Dinamika olan yer həmişə mənim üçün maraqlıdır” – Uğur hekayəsi

10.06.16 10:47 3575
“Dinamika olan yer həmişə mənim üçün maraqlıdır” – Uğur hekayəsi
Təhsilə çox əhəmiyyət verir. Hətta nəzəriyyənin boş şey, təcrübənin hər şey olduğunu deyən adamın savadına şübhə ilə yanaşır. Onun fikrincə, nəzəriyyə təcrübənin çata biləcəyi ideal nöqtədir. Həmişə qarşısına məqsəd qoymağı və araşdırmağı sevir. Müsahibimiz PAŞA Həyat Sığortada İdarə Heyətinin üzvü Rüstəm Məmmədovla tanış olaq...

- Deyəsən, 13 yaşınızdan ailənizdən uzaqda yaşayırsınız...
- Mən 4-cü sinifdə oxuyanda Qarabağ müharibəsi başladı və biz kənddən çıxdıq. 5-ci sinfi demək olar ki, yarımçıq oxudum. 6-cı sinifdə Qubadakı Türk liseyinə qəbul oldum. Daha sonra səhhətimlə bağlı təhsilimi Mingəçevir Türk Liseyində davam etdirdim. Liseyin yataqxanasında qalırdım və 2-3 həftədən bir həftə sonu evə gedirdim. Liseyi qurtarandan sonra yenə də evdən ayrı, kirayədə, ya yataqxanada yaşamışam.

- Kiçik yaşlarından ailədən uzaqda yaşamaq sizə nə verdi?
- Sərbəst qərar vermək və ünsiyyət qurmaq bacarığı. Kiminlə münasibətimin nə formada olacağına, konfliktləri necə həll edəcəyinə, ən xırda və böyük problemləri necə həll edəcəyinə özün qərar verməlisən. Bir də yataqxanada qalmaq təbii ki, ünsiyyət qabiliyyətini artırır. Yataqxanada hər xarakterdə adam olur. Hamı ilə dalaşıb bütün gününü dava-dalaşla keçirə bilməzsən. Hər kəslə necə davranacağını bilməlisən. Bu baxımdan, hər xarakterdə adamla nə formada ünsiyyət quracağını, kiminlə nə formada iş görəcəyini, dostu, düşməni necə qazanacağını öyrənmiş olursan.
- O zaman yəqin ixtisas seçiminizi özünüz etmisiniz...
- Demək olar. Amma valideynlərimin də məsləhətləri ciddi rol oynayıb. Jurnalist olmaq istəyirdim. 11-ci sinfə qədər jurnalistikaya hazırlaşırdım. Son anda iqtisadiyyat üzrə oxumağa qərar verdim. Düşündüm ki, sonra iqtisadiyyatdan yazan jurnalist olaram. Qərarım müəllimlərim üçün çox böyük şok oldu. Çünki artıq 11-ci sinifdə oxuyurdum. Neçə ildir əziyyətlə oxuduğum tarix bir kənarda qaldı, riyaziyyat oxumağa başladım. İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil oldum.

- Bəs necə oldu ki, iqtisadiyyatdan yazan jurnalist olmaq arzunuzu reallaşdırmaqdan vaz keçdiniz?
- Oxuduğum müddətdə məndə iqtisadiyyata maraq yarandı. Yaxşı da oxuyurdum. Amma hiss edirdim ki, nəsə çatmır. 4-cü kursda oxuyanda marketinqdən dərs keçdik və elə bil ki, tam mənada xarakterimə uyğun işi tapdım. O vaxtlar marketinq çox yeni idi, çoxları heç bilmirdi ki, belə bir peşə var. Ondan sonra sırf marketinqi öyrənmək üçün Türkiyədə, İstanbul Universitetində Marketinq idarəçiliyi ixtisası üzrə magistr təhsili aldım.

- Ənənəvi sualımız: uğur sirriniz nədir?
- Əgər məni uğurlu hesab etmək olarsa, onda məqsədli olmaq və araşdırmağı uğur sirrim saymaq olar. Bugünkü dövrdə isə araşdırmaq və öyrənmək üçün az qala limitsiz imkanlar mövcuddur.

Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər