• çərşənbə axşamı, 19 mart, 13:56
  • Baku Bakı 8°C

Din və hakimiyyətin qarşılıqlı münasibətləri

11.09.13 08:53 2677
Din və hakimiyyətin qarşılıqlı münasibətləri
Ölkədə qanun birdir, dinlər isə çox. Əsas qanun yalnız dinin əksəriyyət tərəfindən qəbul edilən universal dəyərlərini əks etdirə bilər
Tarixdən məlumdur ki, indiki müstəqil Azərbaycanın ərazisində çoxlu dinlər mövcud olub. Onlardan ən qədimi zərdüştlükdür (atəşpərəstlik). Atəşpərəstlərin müqəddəs hesab etdikləri məbədlərini ziyarət edənlərin bu gün də ardı-arası kəsilmir. Azərbaycan ərazisində Alban xristian kilsələrinin tarixi kökləri eramızın IV əsrinin əvvəlinə gedib çıxır. Rusiya pravoslav sinodu tərəfindən 1836-cı ildə (Azərbaycan Rusiya İmperiyasının tərkibində olduğu zaman) ləğv edilməsinə baxmayaraq, Alban Xristian Kilsəsi inşa edilmiş bəzi məbədləri qoruyub saxlaya bilib. Bu gün Azərbaycan ərazisində üç belə kilsə bərpa edilərək, milli sərvət kimi qorunmaqdadır. Bu yaxınlarda dövlətin təşəbbüsü və səyi nəticəsində alban-udin kilsəsi bərpa olunub və Azərbaycanın Alban-udin xristian icması qeydiyyata alınıb. Ölkəmizin başı çox bəlalar çəkib. Azərbaycan xeyli sayda müharibələrin şahidi olub. Lakin biz hər zaman qürur və fəzarət hissi ilə qeyd edirik ki, onların heç birinin əsasında din amili durmayıb.
Dinin mənəviyyatın əsasını təşkil etməsi hamıya yaxşı məlumdur. Cəmiyyətin normal fəaliyyəti üçün əlverişli şərait yalnız dövlətin bütün ali hakimiyyətə, ictimai-siyasi və dini təşkilatların isə açıq institutlara müsbət təsir göstərmək imkanına malik olduğu vaxt yarana bilər. Qanun cəmiyyətin sağlam inkişafını dövlətin icraedici strukturlarının, eləcə də cəmiyyətdə hökm sürən din mənşəli mənəvi-əxlaqi dəyətlərin və adət-ənənələrin köməyilə təmin edir. Dövlət cəmiyyətin həm sosial-iqtisadi, həm də mənəvi sahələrini tənzimləyir. Nə qədər təəccüblü səslənsə də, onlar daima bir-birilə qarşılıqlı sıx əlaqədədirlər. Buna görə də dövlət bütün dinlərin fəaliyyəti üçün bərabərhüquqlu şərait yaratmalıdır. Dinlər və konfessiyalar arasındakı tolerantlıq və dözümlülüyün əsasını məhz bu amil təşkil edir.
Hamımız yaxşı bilirik ki, qanunlar yalnız hüquqların qorunması və müdafiəsinə deyil, həm də insan təbiətinə xas olan bir sıra azadlıqların müəyyən dərəcədə məhdudlaşdırılmasına yönəlib. Burada təəccüblü heç nə yoxdur. Yəhudi, xristian, islam və eləcə də bir digər dinlərin müqəddəs kitabları icazələrdən daha çox qadağaları əks etdirir. Məhz buna görə özünü həqiqi dindar hesab edənlər dövlətin qəbul etdiyi ali qanunları qəbul etməli və onlara hörmətlə yanaşmalıdırlar.
Bizim vəzifəmiz isə mömin və mömin olmayan insanlara yalnız mənəviyyata əsaslanan güclü hakimiyyətin cəmiyyətdə etiqad və əqidə azadlığını qorumağa qadir olduğunu ən sadə şəkildə izah etməkdən ibarətdir. Buna görə də hakimiyyət və dini strukturların vəzifələri bir çox məqamlarda üst-üstə düşür.
Ölkədə əsas qanun birdir, dinlər isə çox. Bu səbəbdən qanun bütün dinlərin incəliklərini özündə əks etdirə bilməz. O, yalnız universal ümumbəşəri dəyərləri nəzərə alaraq, inam və əqidəni hər bir insanın şəxsi işi kimi onun öhdəsinə buraxa və möminlərlə münasibət qura bilər.
Son 15 ildə Azərbaycanda hakimiyyət dini təcrübə üçün mümkün qədər geniş şərait yaratmağa çalışır. 2003-cü il martın ortalarında Bakıda Qafqazın ən böyük sinaqoqunun və Azərbaycanın pravoslav xristianlarının Baş Kafedral Kilsəsinin təntənəli açılış mərasimi keçirilib. 2008-ci ilin martında isə ölkədə katoliklərin sayının azlığına baxmayaraq, Bakıda Katolik kilsə istifadəyə verilib. 1930-cu ildə katolik kilsəsinin bolşeviklər tərəfindən dağıdıldığını xatırlasaq, tarixi ədalətsizliyin bərpa olunduğunu deyə bilərik. Təqdirəlayiq haldır ki, hər üç məbədin tikintisində həm müsəlmanlar, həm də xristianların qolu olub. Onlar maliyyə yardımı göstərməklə yanaşı, inşaat prosesində bilavasitə iştirak ediblər. Rus pravoslav yeparxiyasının 1907-ci ildə azərbaycanlı milyonçu Zeynalabdin Tağıyev tərəfindən inşa edilmiş Kafedral kilsəsi təxminən bir əsrdən sonra başqa bir müsəlman iş adamı – L. Qurbanov tərəfindən tam bərpa edilib.
Azərbaycan Demokratik Respublikası (1918-1920-ci illər) Şərqin müsəlman dövlətləri arasında bütün din və əqidələri qanun qarşısında bərabər tutulduğu və dinin dövlətdən ayrıldığı ilk dünyəvi respublika olub. Əhalisi müsəlman olan ölkələrdə bu, ilk belə hadisə idi. Beləcə, müsəlman aləmində tarixi təcrübə, nümunəvi din-dövlət münasibətləri modeli yaradıldı.
Bu gün həmin ənənələr müstəqil Azərbaycan Respublikasında da davam etdirilir. Sözügedən hüquq bərabərliyi dövlətin əsas qanunu olan Konstitusiyada təsbit olunub. Bu isə öz növbəsində ölkəmizdə dini müxtəlifliyin mövcudluğunu nümayiş etdirir. Demokratik hakimiyyət ciddi şəkildə dinin dövlətdən ayrılması prinsipini əsas tutur. Təbii ki, bu, hakimiyyətin yalnız siyasi-ideoloji xarakterini müəyyənləşdirir. Əxlaq və mənəviyyat meyarları, o cümlədən milli-mənəvi dəyərlər isə din ilə daima sıx əlaqədar olmaqla yanaşı, həmçinin hakimiyyətin xarakterinə müəyyən təsir göstərir.
Müasir demokratik cəmiyyətdə din və dünyəvi dövlətin dinc şəkildə birgə yaşaması modelini formalaşdırmaq lazımdır. Dövlət bu ideyanı həyata keçirməyə və ondan həm dinin özü, həm də cəmiyyət üçün xeyir əldə etməyə çalışır. Məhz bu nöqteyi-nəzərdən ölkəmiz müntəzəm olaraq müxtəlif dini icmaları cəlb etməklə beynəlxalq tədbirlərə - konfrans, müşavirə, seminar və dəyirmi masalara ev sahibliyi edir. Bəzi istisnaları nəzərə almasaq, keçirilən bütün görüşlərin mühüm fayda verdiyini söyləyə bilərik.
Dinlə dövlətin qarşılıqlı əlaqəsinin müsbət tərəflərindən danışarkən gərək dinin başqa məkrli məqsədlər, ələxsus da terror və ekstremizm üçün istifadə olunduğunu unutmayaq. Buna görə də din və əqidə azadlığından söhbət açarkən biz həm Şərq, həm də Qərb tarixində dini şüarlar pərdəsi altında qanlı müharibələr aparan bir çox dini liderlərin mənfi rolunu da yada salmalıyıq. Elə bu günün özün¬də də dünyanın müxtəlif regionlarında qanlı müharibələr aparmaq və mövcud münaqişələri qızışdırmaq məqsədilə insanların dini əqidələrinin istismar olunmasına dair çoxlu sayda nümunələr mövcuddur. Odur ki, insanların əqidələrinə hörmət etməklə yanaşı, gərək hərdən onları əsaslı şəkildə şübhə altına da alaq. Dini əqidə heç də hər zaman təmizniyyətli olmur, bəzən xeyirdən çox şərə xidmət eдir. Əminəm ki, xəyali dini şüarlar altında günahsız insanların ölümünə bais olan terror aktları yalnız təhrif olunmuş dini əqidəyə malik insanlar tərəfindən törədilir. Cəmiyyət təmiz əqidəni yanlışdan fərqləndirməyi bacarmalıdır. Biz dinin təmiz niyyətə xidmət etməsinin, dövlətin öz vətəndaşlarına dinlər haqqında daha çox məlumat verərək, onlara dini maarifçilik və düzgün etiqad seçimində yardımçı olmasının tərəfdarıyıq. Bunu həm məktəblərdə, həm də ali təhsil ocaqlarında həyata keçirmək mümkündür. Göstərilən sahədə kütləvi informasiya vasitələri də mühüm rol oynaya bilər və oynamalıdır. Bu, bütövlükdə cəmiyyətin, eləcə də hər birimizin üzərinə düşən müqəddəs vəzifə, vətəndaşlıq borcudur.
banner

Oxşar Xəbərlər