• cümə, 29 Mart, 04:11
  • Baku Bakı 7°C

DİN Ramin Hacılının polisə çağırılmasının səbəbini açıqlayıb

16.06.20 17:13 986
DİN Ramin Hacılının polisə çağırılmasının səbəbini açıqlayıb
Daxili İşlər Nazirliyi (DİN) Ramin Hacılının polisə çağırılmasının səbəbini açıqlayıb.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, vətəndaş Ramin Hacılı sosial şəbəkələrin birində canlı yayıma çıxaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız yerə çağırıldığını və təhdid edildiyini iddia edib: "O, polisə çağırılmasının səbəbini hansısa icra hakimiyyəti başçısının oğlu haqqında dediyi sözlə əlaqələndirib. Lakin, Ramin Hacılı özü çox yaxşı bilir ki, o, qeyd edilən idarəyə hansı səbəbdən dəvət olunub. Əgər unudubsa, polisə çağırılmasının səbəbini bir daha ona xatırladaq. Belə ki, o, 2018-ci ildə 35 nəfər vətəndaşın etibarından sui-istifadə edərək müxtəlif xarici ölkələrə viza alacağı və digər sənədləşmə işləri həyata keçirəcəyi adı ilə onların ümumilikdə 153 min 875 manat pul vəsaitlərini ələ keçirmişdir. Həmin şəxslərin çoxsaylı şikayətləri əsasında toplanmış material üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və ona ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdi”.
Məlumatda həmçinin qeyd olunur ki, təqsirləndirilən şəxs R.Hacılının vətəndaşlara vurulmuş ziyanın qısa zamanda ödəniləcəyi ilə bağlı verdiyi vədlər və səhhətində olan problemlər nəzərə alınaraq 2019-cu ilin mart ayında məhkəmənin qərarı ilə o, həbsdən azad edilib və barəsində başqa yerə getməmə haqqında iltizam tədbiri seçilib: "Azadlığa çıxdıqdan bu günə qədər, yəni bir il üç ay ərzində o, yalnız 14 nəfərin pulunu tam, 7 nəfərin pulunu isə qismən (təxminən 30 min manat) qaytarıb , 14 nəfərin pulunu (təxminən 123 min manat) bu günə qədər ümumiyyətlə qaytarmayıb.Odur ki, pullarını ala bilməyən 21 nəfər zərərçəkmiş şəxs yenidən istintaqa müraciət edərək Ramin Hacılının dələduzluq yolu ilə onlardan aldığı pul vəsaitlərinin tam qaytarılmasına köməklik göstərilməsini tələb edirlər. Hətta şikayətçilər polisi Ramin Hacılını müdafiə etməkdə də suçlayırlar. Buna görə də o, 3 gün əvvəl - iyunun 13-də istintaqa çağırılıb və vətəndaşlara vurduğu külli miqdarda ziyanın qısa müddətdə ödənilməsi ilə bağlı bir daha ciddi xəbərdar olunub.Ramin Hacılı bütün bunları bilə-bilə müxtəlif saytlarda və sosial şəbəkələrdə polisə çağırılmasının əsassız olduğunu, guya bu çağırışların onun fəaliyyəti ilə bağlı olduğunu iddia etməklə məsuliyyətdən yayınacağını fikirləşirsə, böyük səhvə yol vermiş olur. O, vaxtını belə işlərə sərf etməkdənsə, çoxsaylı vətəndaşlara vurduğu ziyanın ödənilməsini təmin etməlidir".
banner

Oxşar Xəbərlər