• şənbə, 20 Aprel, 20:19
  • Baku Bakı 24°C

“Din ictimai-siyasi requlyator rolunda çıxış etməməlidir” - Əli Əhmədov

05.12.14 13:04 1087
“Din ictimai-siyasi requlyator rolunda çıxış etməməlidir” - Əli Əhmədov
“Din milli-mənəvi dəyərlərin nüvəsini təşkil edir. Müsəlman cəmiyyətləri üçün də İslam milli-mənəvi dəyərlərin nüvəsidir. Məsələn, 150-200 il əvvələ qayıtsaq, o vaxt azərbaycanlılar özlərini daha çox müsəlman kimi hiss edirdilər nəinki sırf azərbaycanlı kimi. İndinin özündə də elə İslam cəmiyyətləri var ki, insanlar özlərini daha çox müsəlman kimi təqdim edirlər. Amma elə cəmiyyətlər, xalqlar da var ki, onlar özlərini artıq dinlə identifikasiya etmirlər. Məsələn, yaponlar, almanlar buna misaldır”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Binəqədi rayon İcra Hakimiyyəti ilə birlikdə “Milli mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə keçirdiyi görüşündə deyib.
Ə. Əhmədov bildirib ki, dinin ictimai-siyasi prosesləri formalaşdırması dinin özündə də müəyyən ziddiyyətlərin yaranmasına gətirib çıxarır: “Çünki ictimai-siyasi prosesləri formalaşdıran digər amillər də var və olmalıdır. Məsələn, müxtəlif yönlü partiyalar mövcuddur, QHT-lər mövcuddur, digər qollar da mövcuddur ki, ictimai-siyasi proseslərin tənzimlənməsində rol oynayır. Bunlar bütün sivil dünya tərəfindən qəbul olunan ictimai-siyasi requlyatorlardır. Amma elə cəmiyyətlər də var ki, din təkcə milli-mənəvi dəyərlər yox, həm də siyasi requlyator rolunu radikalizm formasında oynamağa başlayıb. Regiondakı bir sıra müsəlman ölkələrində dini radikalizmin meydana gəlməsinin səbəbi orada dinin ictimai-siyasi requlyator rolunu oynamağa çalışmasıdır. Bu, Azərbaycana xas olmayan hal olsa da, biz yenə də ayıq-sayıq olmalıyıq. Ayıq olmalıyıq ki, din ictimai-siyasi requlyator rolunda çıxış etməsin. Şəxsən mənim düşüncəmə görə, din bizdə milli-mənəvi dəyərlərin nüvəsi rolunda çıxış etməlidir, müəyyən məsələlərə təkan verməlidir, lakin ictimai-siyasi requlyator rolunda çıxış etməməlidir. Belə olan halda cəmiyyətdə radikalizmin, qarşıdurmanın meydana gəlməsinin qarşısı alınar”.
Ə. Əhmədov bu gün cəmiyyətdə müsəlman olmanın dərəcələri ilə bağlı gedən mübahisələrdən də danışıb: “Mənim fikrimcə, əgər bir insan İslamın buyurduğu normal şərtlərlə özünü müsəlman hiss edirsə, deməli, müsəlmandır. Müasir cəmiyyət üçün daha əlavə hansısa şərtlərin gətirilməsinə ehtiyac yoxdur. Məsələn, mən hesab etmirəm ki, kimsə gündə 5 dəfə namaz qılırsa, daha yaxşı müsəlmandır, kimsə bu qədər qılmırsa, yaxşı müsəlman deyil. İndiki dövrün tələbləri baxımından yanaşsaq, müsəlmançılığı şərtləndirən kriteriyaları bunda axtarmaq düzgün deyil. İndiki dövrün həyat tələbləri baxımından dini ayinləri, ibadətləri olduğu kimi yerinə yetirmək qeyri-mümkündür. Hər gün mütəmadi ibadət yerlərinə getmək və sair qeyri-mümkündür. Çünki sən əgər mütəmadi olaraq hər gün bunları edərsənsə, bir vətəndaş kimi digər işlərini görməyə sadəcə olaraq, vaxtın qalmayacaq. Ona görə də hesab edirəm ki, bu kriteriyadan yanaşaraq hər birimizin özümüzü müsəlman hesab etməyə tam haqqımız var”.
banner

Oxşar Xəbərlər