• cümə, 19 Aprel, 00:45
  • Baku Bakı 18°C

Din-dövlət münasibətlərinə zərbə vurmaq istəyənlər var

30.07.18 17:55 1374
Din-dövlət münasibətlərinə zərbə vurmaq istəyənlər var
Azərbaycan demokratik respublikadır. Burada bütün hüquqlar, azadlıqlar, o cümlədən dini etiqad azadlığı da qanunla tənzimlənir. Ölkəmizin əsas qanunu sayılan Konstitusiyamızın "Din və dövlət” adlı 18-ci maddəsində Azərbaycanda dinin dövlətdən ayrı olduğu bildirilir. Qeyd olunur ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda vurğulanır ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sisteminin də dünyəvi xarakter daşıdığı xüsusi vurğulanır. Bundan başqa, ana yasamızın "Vicdan azadlığı” adlı 48-ci maddəsində hər kəsin vicdan azadlığının olduğu bildirilir. Qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Həmçinin göstərilir ki, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Ən nəhayət, sözügedən maddədə deyilir ki, dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

Bu hüquqlar, azadlıqlar Azərbaycan vətəndaşının hər birinə fərq qoyulmadan şamil edilir, hər bir dinə, o cümlədən İslam dininə etiqad göstərən insanlarımıza aid olunur. Azərbaycanda vətəndaşların dini etiqadları nəzərə alınaraq kilsələr, sinaqoqlar, məscidlər yenidən bərpa olunur, yaxud yeniləri tikilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cari ilin yanvar ayında açıqladığı statistikaya görə, 1 sentyabr 2009-cu il tarixdə Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 793 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan dini qurumların 765-i İslam, 28-i qeyri-islam, o cümlədən 17 xristian, 8 yəhudi, 1 krişna, 2 bəhai təmayüllüdür. 2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb. Cari ilin əvvəlinə olan statistikaya əsasən, Azərbaycan ərazisində 2250 məscid mövcuddur ki, onlardan 136-sı Bakı şəhərində yerləşir. Halbuki, sovetlər dövründə Azərbaycan ərazisində ümumilikdə 17 məscid olub. Bundan başqa, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində 748 pir və ziyarətgah fəaliyyətdədir. Onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Bütün bu sadalananlardan göründüyü kimi, ölkəmizdə yaşayan vətəndaşların dini etiqad, vicdan azadlığı ən yüksək səviyyədə təmin olunub. İnsanlarımız heç kimdən çəkinmədən istədiyi dinə etiqad göstərə, istədiyi cür ibadət edə bilər. İnanclı insanların ibadət etmələri üçün də hər cür şərait var. Buna baxmayaraq, Azərbaycanın uğurlarını həzm etməyən xarici qüvvələr bütün vasitələrdən, o cümlədən insanların həssas yanaşdığı dindən istifadə etməyə, dini müstəvidə ölkəmizdə təxribatlar törətməyə, sosial narazılıq yaratmağa çalışırlar. Həmin bədxah qüvvələr, eləcə də dünyadakı erməni lobbisi və onların təsiri altına düşən şəxslər sosial şəbəkələrdə dini pərdə altında anti-Azərbaycan təbliğat aparırlar. Müxtəlif status, rəy və video müraciətlərdə Azərbaycanda dini və milli azlıqların hüquqlarının, ümumiyyətlə insan haqlarının pozulduğunu, dindarların guya sıxışdırıldığını iddia edirlər. Bu "vətənpərvərlər” bir qədər də irəli gedib siyasətə qarışır, iddia edirlər ki, guya Azərbaycan iqtidarının Dağlıq Qarabağ problemini həll etmək, işğal olunmuş ərazilərimizi azad etmək niyyəti yoxdur. Bu və bunun kimi ən müxtəlif əsassız iddialarla Azərbaycana qarşı kampaniya aparılır, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, vətəndaşlarımız arasında nifaq salmağa cəhdlər edilir. Əlbəttə ki, bütün bunlar cəmiyyətimiz tərəfindən qəbul edilmir, Azərbaycana düşmənçilik münasibəti sərgiləyənlərin bu cəhdləri sərt tənqid edilir.

Milli Məclisin deputatı Elman Məmmədov da hesab edir ki, sosial şəbəkələrdə bir qrup şəxsin Azərbaycanda guya dindarların sıxışdırılması ilə bağlı yaydığı məlumatlar cəfəngiyatdır. Millət vəkili qeyd edib ki, həmin şəxslər Azərbaycanda dindarlara yaradılan şəraitdən xəbərsiz olan radikallardır: "1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından indiki dövrə qədər nəzər salsaq, nə görərik? Azərbaycanda yüzlərlə yeni məscidin tikilməsini, həmçinin başqa dinlərə sitayiş edən millətlərin nümayəndələrinə şərait yaradılmasını. Bundan başqa, Azərbaycanda dini təhsilin inkişafı üçün bütün şərait yaradılıb. Azərbaycanda din xadimlərinə dövlət tərəfindən ən yüksək diqqət göstərilir. Azərbaycanda heç bir dindar, heç bir din xadimi sıxışdırılmır. Heç bir vətəndaş dininə, inancına görə təqib olunmur”.

Deputat E.Məmmədov bildirib ki, Azərbaycanda din pərdəsi altında cinayət törədən şəxslər hamı kimi qanun qarşısında cavab verir: "Həmin şəxslər din adından sui-istifadə edib dövlətə qarşı, qanunların ziddinə hərəkət edirlər. Təbii ki, onlar nizam-intizama dəvət olunurlar. Həmin şəxslərə başa salınır ki, din pərdəsi altında başqa əməllər törətmək olmaz. Onlar məhz qanunu pozduqlarına görə cəzalandırılır. Təəssüflər olsun ki, bəzi qüvvələr Gəncə hadisələrində əli olanların saxlanılmasını da dindarların təqib edilməsi kimi qiymətləndirirlər. Halbuki Gəncədə baş verənlərin nə olduğunu hamı gördü. Dövlət məmuruna qarşı sui-qəsd təşkil olundu, sonra da asayiş keşikçiləri qətlə yetirildi. Bu, konkret cinayətdir. Dövlət də bu cinayəti qanuna uyğun şəkildə qiymətləndirdi və təqsirkarlarla bağlı qanuni tədbir gördü”.

Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli də bildirib ki, bir neçə gündür sosial şəbəkələrdə din pərdəsi altında Azərbaycan dövlətçiliyinə və ölkəmizin dünyəvi dövlət sisteminə qarşı açıq-aşkar təhdidlər səsləndirilir, çağırışlar edilir, uydurma "informasiyalar” məqsədli şəkildə dövriyyəyə buraxılır. Onun sözlərinə görə, bu hadisələrin, addımların dinlə hər hansı bir əlaqəsi yoxdur: "İnsanlar dindar sayılmamalıdır. Sadəcə olaraq insanların dinindən, inancından sui-istifadə edib dövləti və dini qarşı-qarşıya qoymaq istəyirlər. Eləcə də Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyirlər. Bu hərəkətlərin islamla, dinlə hər hansı bir əlaqəsi ola bilməz. Din insanları zorakılığa, düşmənçiliyə, sui-qəsdə dəvət edə bilməz. Bu, dinin ibtidai prinsipləri ilə daban-dabana ziddir. Azərbaycanda ictimai-siyasi sabitliyə, din-dövlət münasibətlərinə ciddi zərbə vurmaq istəyən müəyyən qruplar var. Onlar öz məqsədlərini həyata keçirmək üçün insanların inanc yeri olan dindən sui-istifadə etmək istəyirlər. Bu cəhdlərin uğursuzluqla nəticələnəcəyinə əminəm. Çünki Azərbaycanda radikallığın ciddi sosial bazası və insanlar tərəfindən hər hansı bir dəstəyi yoxdur”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, bu gün Azərbaycanda din-dövlət münasibətləri normal səviyyədədir: "Ölkə rəhbərliyi vətəndaşların bütün, o cümlədən bu hüququnun ən yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradır. Son illərdə istər paytaxtda, istərsə də bölgələrdə məscidlər əsaslı şəkildə təmir edilib, yeni məscidlər tikilib insanların istifadəsinə verilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, hüquqi, dünyəvi, demokratik dövlət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma yoxdur və dinin, din xadimlərinin hansısa formada sıxışdırılmasından söhbət belə gedə bilməz. Amma son günlər bəzi "maraqlı dairələr” sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatı aparmağa cəhd edir, müxtəlif çağırışlar, videomüraciətlər yayımlayırlar. Guya ölkəmizdə insan hüquqları pozulur, din xadimləri sıxışdırılır. "Təbii ki, bütün bunlar absurddur və heç bir fakta əsaslanmır, məntiqə sığmır. Bu cür dezinformasiyaları yaymaqda məqsəd ölkəmizdəki daxili sabitliyi pozmağa cəhd etmək, insanların dini inanclarını istismar etməklə öz çirkin niyyətlərini həyata keçirməkdir. Ancaq ölkə ictimaiyyəti, ziyalılar hər zaman olduğu kimi, yenə də bu cür antimilli qüvvələrə layiqli cavab verirlər”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər