• cümə, 29 Mart, 10:39
  • Baku Bakı 5°C

Dilqəm və Şahbazla bağlı qərar erməniləri çətin duruma salıb

04.08.17 09:00 1310
Dilqəm və Şahbazla bağlı qərar erməniləri çətin duruma salıb
2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Bu hadisədən sonra girovları qaytarmaq əvəzinə Ermənistanın qondarma "Dağlıq Qarabağ” rejimi tərəfindən hər iki həmyerlimizlə bağlı qanunsuz məhkəmə prosesi keçirilib və "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan dövləti hər iki şəxsin müdafiəsini təşkil edərək məsələ ilə bağlı bütün beynəlxalq qurumlara, dünya dövlətlərinə müraciətlər ünvanlasa da, ermənilər öz çirkin addımlarından geri çəkilmədi. Bundan sonra isə Azərbaycan tərəfinin təşəbbüsü ilə D.Əsgərov və Ş.Quliyevin girovluqdan azad olunması və qondarma məhkəmə qərarının ləğv edilməsi məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edildi.

Bir neçə gün öncə D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə edən vəkil Anar Bağırov məhkəmə prosesi barədə məlumat verərək bildirdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və hazırda ermənilərin işğalı altında olan Azərbaycanın Şuşa şəhərində saxlanılan həmyerlilərimizin işi ilə bağlı AİHM tərəfindən kommunikasiyaya başlanılıb. Onun sözlərinə görə, bu işdə cavabdeh tərəf kimi Ermənistan göstərilib: "Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqovların Ermənistana qarşı şikayəti üzrə çıxardığı qərarında göstərilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində effektiv nəzarəti həyata keçirən məhz Ermənistandır. Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işində də Ermənistanı cavabdeh qismində tanıyıb və bu ölkəyə bir sıra suallar ünvanlayıb. Artıq sualların mahiyyətindən də görünür ki, Avropa Məhkəməsi bu işdə göstərilən faktları real qəbul edib. Məhkəmə Ermənistana sual ünvanlayıb ki, "Siz Dilqəm Əsgərov və Şahbaz Quliyevi ittiham edirsiniz ki, qanunsuz sərhəd keçiblər. Hansı sərhəddən söhbət gedir?! Azərbaycan ərazisində başqa hansı sərhəd ola bilər?! Axı bu sərhəddi heç kim tanımır, bu sərhəd beynəlxalq qanunvericiliyə, normalara ziddir". Bütün bunlar onu göstərir ki, Avropa Məhkəməsi məsələyə ciddi yanaşır".

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə bildirdi ki, D.Əsgərov və Şahbaz Quliyevlə bağlı hüquqi prosedur düzgün şəkildə aparılır və cavabdeh tərəf kimi Ermənistan göstərilir: "Avropa İnsan Haqları Məhkəməsi tərəfindən bu işin kommunikasiyaya götürülməsi ilkin uğurlardan biridir. Çünki Avropa Məhkəməsində işlərin icraata qəbul olunması və kommunikasiyaya buraxılması ən mühüm məsələlərdən biridir. Adətən, iş onlara aid olmadıqda ilkin mərhələni keçmək olmur. İndi bu mərhələnin geridə qalması və Ermənistanın cavabdeh kimi qəbul edilməsi, o cümlədən işğalçı olmasını təsdiq edən amildir. Hüquqi prosedurda da təbii ki, onlardan sorğu olunub ki, Dilqəmlə Şahbaz hansı sərhədi keçiblər? Çünki bütün dünya və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı de-yure olaraq Azərbaycanın ərazisi kimi tanıyıblar. O ərazilərə getmək heç də sərhədin keçilməsi və buna görə də məsuliyyətin yaranması sayıla bilməz. Elə hesab edirəm ki, bu, uğurlu prosesin başlanğıcı və mühüm mərhələsidir. Lazım gəlsə, həm hüquqi məsləhətlərimizlə, həm də Avropa Şurasına, Avropa Məhkəməsinə müəyyən sənədlərin toplanılıb göndərilməsinə dəstək ola bilərik. İnanıram ki, bizim hüquqşünaslarımız artıq bu məsələ ilə bağlı lazımi işləri həyata keçiriblər. Avropa Məhkəməsi tərəfindən atılan bu addımlar çox uğurludur və qarşıya qoyulan məqsəd, yəni Dilqəm və Şahbazın azad olunması, Ermənistanın cavabdeh kimi tanınması artıq qələbədən xəbər verir. Uzun çəkən proses olsa da, sonluğun uğurlu olacağına şübhə etmirəm”.

Ç.Qənizadə əlavə etdi ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar Avropa Şurasına üzv olan ölkələr tərəfindən tanınır: "Ermənistan Avropa Şurasının üzvü olduğu üçün məhkəmənin qərarını tanıması məcburidir. Lakin Ermənistanın bu qərarı şikayət etmək hüququ var. Təbii ki, ermənilər bu prosesi uzatmağa çalışacaqlar, amma konkret müddətlər var. Bu müddətlər başa çatdıqdan sonra Ermənistan tərəfi bu qərarı, yəni Dilqəmlə Şahbazı azad etmə tələbini təmin etmədikdə, Avropa Şurası tərəfindən təzyiqlərə məruz qalacaq. Ümid edirəm ki, bütövlükdə proses müsbət həllini tapacaq”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, bu məsələdə Azərbaycanı qane edən iki məqam var: "Birincisi, Avropa Məhkəməsi Ermənistanı cavabdeh tərəf kimi görürsə, bu artıq beynəlxalq hüquq normalarının təsdiqidir. Çünki Azərbaycanın ərazilərini Ermənistan işğal edib və bütün oyunların arxasında məhz o dayanır. Bu müsbət amildir və Avropa Məhkəməsi bunu düzgün vurğulayır.

Digər bir məsələ isə, Dilqəmlə Şahbazı qondarma rejim mühakimə edib. "Dağlıq Qarabağ” separatçı bir rejimdir, amma guya bunların məhkəməsi var. Lakin bu, boş bir şeydir, Dağlıq Qarabağ adında dövlət yoxdur və heç kim tərəfindən tanınmır. Düşünürəm ki, bu məhkəmə prosesi nəticəsində çox maraqlı faktlar aşkar oluna bilər. Əlbəttə ki, Azərbaycan məsələnin obyektiv həlli üçün əlavə faktlar, sənədlər təqdim etməlidir. Dilqəm və Şahbazla bağlı məsələnin Avropa Məhkəməsində kommunikasiyaya qəbulu çox müsbət bir haldır. Hesab edirəm ki, bu uğur Azərbaycanın bundan əvvəl apardığı işlərin nəticəsidir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər