• şənbə, 20 Aprel, 17:56
  • Baku Bakı 23°C

Dillə təfəkkür arasında məsafə qısa olmalıdır

08.04.19 12:30 1475
Dillə təfəkkür arasında məsafə qısa olmalıdır
Yazıçı Elçin Hüseynbəylinin "Gözümə gün düşür” adlı yeni kitabı çıxıb. Nasirlə kitab haqqında müsahibəsini təqdim edirik:
– Obrazlarınız keçmiş və gələcək arasında tərəddüd keçirirlər, Qarabağı hansı zamanda xatırlayacaqlarına narahatdırlar, bu, sizin də Qarabağa olan münasibətinizdən irəli gəlir?
– Qarabağda doğulmuş, oranı görmüş, orada da yaşamış insanlar hara getmələrindən asılı olmayaraq Qarabağı özləri ilə xəyallarında, ürəklərində daşıyırlar. Heç şübhəsiz, onlar yurdla nəfəs alırlar, ilkinliklə nəfəs alırlar. Vətən o yerdir ki, sən oradan heç vaxt qaça bilməzsən, müvəqqəti harasa gedə bilərsən, amma qaça bilməzsən. Cismani başqa yerdə yaşayarsan, yenə qaça bilməzsən. Çünki o, sənin içindədir, sənin ilkinliyin, başlanğıcın oradır. Vətən bilirsən necə bir müqəddəs varlıqdır? Vətən yüz illərlə, min illərlə babalarının genetik kodunu daşıyan məkandır. İnsanlar niyə doğma məkanlarına can atırlar? Ona görə ki, oradan yeni bir enerji alsınlar, bu, çox vacibdir. Məsələn, mən kəndimizə gedə bilmirəm, oradan enerji almıram. Xəyallarımda, yuxularımda alıram o enerjini. Bu gecə kəndimizi yenə yuxuda gördüm, bizim yanımızdan Arazın bir qolu axırdı, orda qarqara deyilən bir şey var, Araz donurdu, yaz gələndə, buzlar əriyəndə şaqşaqla sırsıralar gəlirdi. Mən bu gecə onu gördüm, qorxduq ki, bu sırsıralar əriyər kəndi su basar. Demək istəyirəm ki, mən təpədən dırnağa qarabağlıyam, onsuz həyatımı təsəvvür edə bilmirəm.
– Yazıçının vətənə bağlı olmağı, patriotluğu, bir də bəşəri olmağı var. Sizcə, hansı vacibdir?
– Dünyanın istənilən yazıçısı milli olmağı bacarmalıdır. Çünki bəşərilik kosmopolitliyi sevmir, bəşərilik insandan yazanda üzə çıxır, insan talelərindən, duyğularından, hisslərindən, sevgilərindən yazmalısan. Biri də var məhəlli yazı. Onlar bəşəriyyətə heç bir kod vermir. Sən dünyanın anlayacağı dildə milli əsərlər yazmalısan. Anar mənim haqqımda – ayıb olsa da, deyim – deyirdi ki, Elçin Hüseynbəyli dünyanı bütöv qavrayan yazıçılarımızdandır. Dini, milli müxtəlifliklə görmür dünyanı. Bu, insanın özünə təlqin edəcəyi bir şey deyil, bütöv düşünən yazıçı bütöv görür, bəşəri yazır.
– "Kəndə gün çıxanda qayıdacağıq” hekayəsində digər hekayələrlə müqayisədə daha çox qüssə gördüm, daha çox darıxmaq hissi var idi. Bu hekayə sizin öz övladınızla olan dialoqdur?
– Belə bir dialoq düşüncəmdən keçib. Oğlum Orxan bir dəfə məndən soruşdu Şəmkir barədə, onda dedim ki, bura mənim kəndim deyil. Sual verdi ki, hardadır kəndiniz. Dedim uzaqlarda. Uşaq mənə sual vermədi ki, ora niyə getmirik, mən öz beynimdə bu suala cavab verdim. Onda Orxanın 4, ya 6 yaşı var idi. Demişdim ki, kəndimiz düşmənlərin əlindədir, dedi ki, böyüyəndə əlimə tapança alıb onları qovacağam ordan. Mən məğlubiyyətlə barışmıram. Bizim torpağımız işğal olunub, müharibə bizim ərazidə gedir. Dünyaya çatdırmaq istəyirəm bunu. Hansı millət oxuyur-oxusun mənim əsərlərimi, orada başqa bir millətə həqarət görmür. Mən insan taleyindən yazıram, torpağını itirmiş bir adamın kədərini yazıram, kiməsə güllə atmıram.
– Suriyalı da bu kitabı oxusa, Qarabağın yerində öz vətənini görəcək...
– Bəli, bu kitabdan təsirlənib öz vətənindən yaza bilər. Bax, bəşəri olmaq budur...
– Hekayələrdə müsbət və mənfi obrazlar yoxdur. Erməniyə də subyektiv yanaşılıb.
– Hər kəsin öz həqiqəti var. Qatilin də, düşmənin də öz həqiqəti var. Sadəcə sən tərəflərin həqiqətini elə arqumentləşdirməlisən ki, sənin həqiqətin daha ədalətli görünsün. Bizim həqiqətimiz ona görə ədalətlidir ki, təcavüzə məruz qalan , torpaqları işğal olunan, qaçqın düşən bizik. Və ona görə də, bizim dünyaya Qarabağ məsələsini çıxarmaq və bu savaşda bizim ədalətli görünmək haqqımız çoxdur.
– "Gözünə gün düşür” uzun hekayəsinin sonuncu cümləsi belədir ki, ölərkən hiss elədi ki, gözünə gün düşür. Burda Qarabağ münaqişəsinə olan ümid var idi sanki, yenidən ora qayıtmaq...
– Mən "Qaracanın qara başı” hekayəsini yazdım. Oxuyanlar dedi ki, baltanı kökündən vurubsan. Heç bir ümid yeri saxlamayıbsan. Orda qoca nənə qurban deyir, yeddi illik olur qurban. Yeddi il keçir, qurbanlıq qoç da ölür, qoca nənə də ölür, yəni Qarabağ qayıtmır. İndi çalışıram ki, bir işıq qoyum. Bu hekayələrin mahiyyəti ondan ibarətdir ki, insan doğulduğu yerdə ölməlidir. Və ölməzdən qabaq bir nişanə qoymalıdır. Heç olmasa, bir ağac əkməlidir. Bu hekayədə fikir veribsənsə, qəhrəman gün doğanda doğulur, fillər gün batanda ölür, burda bir assosiasiya var. Vətəni sevmək, vətəni gəzmək lazımdı. Səhərdən axşama qədər o torpaqlarda işləyirdik, bizdən böyüklər bir dəfə də olsun fikirləşmirdi ki, vətənimizi göstərsinlər. Şuşanı, "İsa bulağı”nı göstərmədilər bizə. Həmişə deyirəm, istirahət mədəniyyəti olmalıdır. Vətəni sevmək üçün vətəni gəzmək, görmək lazımdır. Biz vətənimizi yaxşı tanımadıq. Qarabağın getmə səbəblərindən biri də odur.
– Hekayələrinizin dili ənənəvi nəsrimizin dilindən fərqlidir. Anlaşıqlı, sadə, lakonik. Bu, sizin ədəbi kriteriyanızdır, yoxsa bu cür yazmağın tərəfdarısınız?
– Bir nəfər yazmışdı ki, Elçin Hüseynbəylinin hekayələrinin birinci cümləsini oxumaq kifayətdir ki, onu axıracan oxuyasan...
– Eynən...
– Oxucunu qarmağa salmaq lazımdır, bunu bacarmaq vacibdir. Dillə təfəkkür arasında məsafə qısa olmalıdır. Təhtəlşüur şeyləri cümləyə yükləmək olmaz, mətnə yükləmək olar. Yazıçı düşüncəm budur. Bu həm də cavan yazıçılara bir mesajımdı. Müasir dövrün dili yığcam olmalıdır, süjet olmalıdır. Yazıçı nə istədiyini bilməlidir. Düşüncə süjeti olmalıdır.
– Saday Budaqlı yadıma düşdü və mənə elə gəlir bu, daxili hisslərin, şüurun süjetləşməsidir. Modernizmdən gələn bir ənənənin davamıdır.
– Mən isə Sadayda Latın Amerikasını daha çox hiss etmişəm.
– Sizin hekayələrinizdə də magik çalarlar var.
– Onu deyə bilmərəm. Bizim torpaqlar qutsal torpaqlardır. Bizdə qaraçuxa ifadəsi var, bu tale sözünün sinonimidir. Mənim genetikamda var bu magizm.
– "Küləkli çöl” hekayənizdə hiss eləmişdim magizmi...
– Bu, mənim Qarabağla bağlı yazdığım ilk hekayədir.
– Yaşanmış hadisədir o deport məsələləri-filan?
– Yox, mənim düşüncəmdən gələn hadisələr idi.
– Hekayələrinizdə yumor var, acı bir yumor. Qarabağ mövzusunda bu yumoru oxucuya çatdırmaq bir az çətin olur, sizin üçün bu mövzuda yumor hansı sərhəddə qədərdir?
– O kitabda iki bölüm var: "Kədərin üzü qaradır!” və "Kədərin üzü həmişə qara olmur!”. İkinci bölümdə dörd hekayə var və yumorla yazılıb. Mən faciəyə yumorla yanaşmağın tərəfdarıyam. İnsan ağlamamaq üçün dünyaya gülməyə tələsməlidir. Mirzə Cəlil mənim stolüstü kitabımdır, onun yumoru mənə ləzzət edir. Mən "Azıx” romanında bunu etməyə çalışmışam. İnsan hardan gəlib hara gedəcəyini bilməlidir.
– Amma sualın digər hissəsi cavabsız qaldı. Hansı sərhəddə qədər siz yumorla yaza bilərsiniz? Məhrəm olan mövzularınız varmı?
– İnsanın vicdanı nəyi yazdırırsa, onu yazır. Mən həyatda nəyə sərhəd qoyuramsa, yazıda da onu edirəm. İnsan yalan danışmalı deyil, amma həqiqəti deməyə bilər. Mən daha çox bunu edirəm.
– "Boz eşşəyin məktubları”, o hekayənin davamı olan cavab hekayəsi Əziz Nesini xatırladırdı.
– Mən Əziz Nesini o vaxta qədər oxumamışdım. "Taxta köydən məktublar” hekayəsi var onun. Ola bilir ki, eyni fikri bir neçə yazıçı yazsın. Düşüncə oxşarlıqları olur. Mənim təsirləndiyim yazıçılar Prust olub, Platonov olub. Kamyu olub. Mən Cəlili imtahan xətrinə oxumuşdum. Son on ildə onu ciddi mütaliə etdim. Avropa ədəbiyyatını çox oxuyurdum, sonra gördüm, bizdə də əla əsərlər var.
– Bu hekayələri dünya ədəbiyyatında hansı sıraya qoymaq olar? Hansı zəncirin davamıdır?
– Mənə elə gəlir ki, bu hekayələr ancaq mənə aiddir. Hara bağlanmağı bilmirəm.
– Otuz il müddətində yazıbsınız hekayələri. İlk hekayə ilə son hekayə arasında düşüncə dəyişikliyi var idimi?
– Əgər ilk hekayəmdə qaçqın bir baba qisas hissi ilə yaşayırdısa, son hekayəmdə sanki onun nəticəsi Sənan məğlub oldu, döyüşdü, amma məğlub oldu. Bu, bir assosiasiyadır.
– Çağdaş ədəbiyyatımızda başqa hansı müəlliflərin adını çəkə bilərsiniz ki, onlar da Qarabağ mövzusunda uğurlu əsərlər yaradıblar?
– Elçinin hekayələri var, Şərif Ağayarın hekayələri var.
– Qarabağ hekayələrini şəhər estetikasında yazan yazıçımız yoxdur sanki...
– Ola bilsin onu gələcək nəsillər yazsın. Qaçqın həyatından şəhərə gəlib müqayisəni hiss etsinlər. Çox vaxt deyillər ki, şəhər və kənd estetikası yoxdur. Amma mən Vasili Belovu tərcümə edəndə şahidi oldum ki, var. Tərcümə prosesində də öz estetikasını saxlamalıdır. Mənim özümdə də şəhər estetikası var.
– Son romanınız – "Yenə iki od arasında” Qarabağdandır...
– Mən düşündüm ki, elə bir əsər yazmaq lazımdır ki, Qarabağa aid bütün həqiqətlər olsun. Oxucu on kitab axtarmasın, bir kitabda olsun və ideyası o idi ki, necə oldu ki, Qarabağı itirdik? Bu suala cavab axtarıram. Yusif Vəzir Çəmənzəminliyə həsr etmişəm.
– Qarabağ münaqişəsi ədəbi mühitə də təsir eləmişdi.
– Müharibə vaxtı mühit ölmüşdü. Sonra 98-ci ilin sonlarında "Eqo” yaradıcılıq ordenini elan etdik, sonra dirçəlmə başladı. Cəmiyyət çox siyasiləşmişdi, həmin ordenin təsiri böyük oldu.
– Bu münaqişənin həllini nədə görürsünüz?
– Ədalətlə həll olunmasını istəyirəm. Bizim torpaqlarımız azad olsun, biz gedək, hər kəs öz ev-eşiyində yaşasın.

Söhbətləşdi: Rəvan Cavid


banner

Oxşar Xəbərlər