• cümə, 19 Aprel, 08:46
  • Baku Bakı 13°C

Dilimizin saflığının qorunması hər bir vətəndaşın borcu olmalıdır

07.11.18 18:36 1292
Dilimizin saflığının qorunması hər bir vətəndaşın borcu olmalıdır
Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında ölkə başçısının fərmanı dilimizin qorunması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilir. Sənəd dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi hallarını önə çəkərək teleməkanda, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsinin dilimizi korlayan amillər olduğunu qabardır. Haqlı olaraq bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmamasının dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermədiyi qeyd olunur.
Dövlət Dil Komissiyasının nəzdində yaradılacaq Monitorinq Mərkəzinin fəaliyyəti isə dil normalarının pozanlara qarşı təkcə müdafiə məqsədi daşımayacaq, həm də dilin saflığını qorumağa sövq edəcək. Dilçi alimlər prezidentin dilimizin saflığının qorunması ilə bağlı növbəti fərmanının bu sahədə vacib sənəd olduğunu bildirməklə yanaşı, təkliflərini də səsləndirirlər.
Dərsliklər yazılmalı, nəzarət güclənməlidir
Dilçi-alim Nadir Abdullayev ölkə başçısının imzaladığı fərmandan irəli gələn məsələləri dilimizin saflığının qorunması istiqamətində mühüm addım kimi dəyərləndirir. Alim hesab edir ki, bu istiqamətdə çoxşaxəli işlər görülməlidir ki, bunlardan bir çoxu dilçilik elminin üzərinə düşür. Belə ki, Azərbaycan dilinin düzgün tələffüz lüğəti - orfoepiya lüğəti yoxdur və bu lüğətin çapına nail olmaq lazımdır: "Eləcə də nitq mədəniyyətinə aid sanballı kitablar, dərsliklər yazmaq lazımdır. Yaxşı olar ki, müəlliflər birlikdə «Azərbaycan dili və nitq mədəniyyəti» adlı dərslik nəşr etdirsinlər. Bu dərslik ali və orta məktəblərdə tədris olunmalıdır. Dillə bağlı ali və orta məktəblərdə tədrisin keyfiyyətinə də fikir verilməlidir. Dilin praktik vərdişlərinə də nəzarət artırılmalıdır. Məsələn, şagirdlərin cümlə qurmaq bacarıqlarının yaradılması, lüğət ehtiyatlarının artırılması, rabitəli nitqin inkişafı, ədəbi tələffüz vərdişlərinin inkişafı məsələləri də gündəmə gəlməlidir. Bu qaydalara əməl olunsa, dili yaxşı səviyyədə təhsil alanlara aşılamaq olar. Və bu qaydalarla bağlı vəsaitlər yaradılmalıdır”. Dilçi alim bu məsələdə həmçinin KİV-in üzərinə böyük məsuliyyət düşdüyünü deyir və daha çox telekanalların mənzərəsindən narazılığını bildirir: «Telekanallarda vəziyyət ədəbi dilin qorunması baxımından yaxşı deyil. Aparıcılar ləhcə ilə, dil qaydalarını kobudcasına pozaraq danışırlar. Onların danışığı ədəbi dil baxımından nümunəvi olmalıdır. Böyüyən nəsil nümunəni onların nitqindən götürməlidir. Həmçinin alınma sözlərdə çoxlu səhvlər var». N.Abdullayev şəhərin reklam örtüyündən də şikayətlənir: «Şəhərin küçələrində qurulan reklamların əksəriyyəti xarici dildə yazılır. Reklamlar öncə Azərbaycan dilində, sonra isə xarici dildə yazılmalıdır. Ancaq reklamlarda ümumiyyətlə Azərbaycan dilini yada salan yoxdur”. N.Abdullayev hesab edir ki, Dil Komissiyasının nəzdində yaradılacaq Monitorinq Mərkəzi şəhərin reklam örtüyünün vəziyyətinə nəzarət edə, telekanallarda, ümumiyyətlə, KİV-də, elektron mediada, dərsliklərdə və s. dil normalarının pozulması hallarını aradan qaldıra bilər.
Hər bir vətəndaşın borcu
Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu hesab edir ki, əslində dilin qorunması məsələsi cəmiyyətin işidir. Sadəcə, cəmiyyət buna hazır olmadığına görə prezident bununla bağlı sərəncam və fərmanlar verir: Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.
Bəziləri deyir ki, dilimizdə alınma sözlər azdır. Bəziləri dəb xətrinə, lazım gəldi-gəlmədi dildə əcnəbi sözlər işlədirlər. Bu cür saxta yollarla dili korlayanlar var. Bu baxımdan da prezident məcbur olub sərəncam və ya fərman imzalayır. Ölkə başçısının imzaladığı fərmandan irəli gələn vəzifələr hər birimizin vətəndaşlıq borcumuzdur. O cümlədən, bəzi məmurların Azərbaycan dilini öyrənə bilməməsi problemi var. Ümummilli lider Heydər Əliyev o zaman rusdilli məmurları da «Azərbaycan dili sizin dövlət dilinizdir, bu dildə danışmalısınız» - deyə məcbur etdi. Dili öyrənmək bir məsələdir, onu qorumaq da başqa bir məsələdir. Prezident də sanki bütün vətəndaşların işini öz öhdəsinə götürür. Bu, mənəvi dəyərlərin, milli-mənliyimizin qorunması baxımından vacib işdir”. Dilçi alim hesab edir ki, bu fərman həmçinin bizə ayıq-sayıq olmağı, öz dəyərlərimizi qorumağın vacibliyini aşılayır: "Bəzən «Azərbaycan dili kasıb dildir, fikrimizi ifadə edə bilmirik» kimi fikirlər də səslənir. Ancaq Azərbaycan dili kasıb dil deyil, bu fikirlər o sözləri səsləndirənlərin biliyinin kasıblığından irəli gəlir. O cür adamlar Azərbaycan dili ilə bağlı savadsızlığını ört-basdır etmək üçün dilin üzərinə böhtan atırlar. Mən italyan dilini bilmirəm. Deyim ki, italyan dili kasıb dildir? Və yaxud deyim ki, alman dili və ya ingilis dili kasıb dildir? Bizim dilimiz qrammatik cəhətdən mükəmməldir. Hələ vaxtilə Məhəmməd ağa Şahtaxtlı «Şərqi-rus» qəzetinin redaktoru olarkən məqaləsinin birində: "Avropa nisanşünasları vaxtilə yığılaraq ümumdünya ünsiyyət dili yaratmağa çalışıblar. O dilçilərdən biri «türk dili, yəni Azərbaycan dili həm lüğət tərkibinin zənginliyinə, həm fonetik üstünlüklərinə, həm də qrammatik quruluşuna görə çox zəngin dildir. Gəlin, bu dili ümumdünya ünsiyyət dili elan edək» - deyə təklif edib. Şahtaxtlı «Belə bir dili olan millətin alimi, vətəndaşı öz fikrini ifadə etmək üçün başqa dil axtarmaqdan utanmazmı?” deyə qeyd edib. Yəni bizim öz sərvətimizdən xəbərimiz yoxdur. Prezident də yada salır ki, sənin sərvətin zəngindir, gözünü aç bax. Bizə də gözümüzü açıb dilin zənginliyinə diqqətlə nəzər yetirmək və onu qorumaq qalır”.
Ədəbi dilin və bədii üslubun qorunmasına daha aktiv qoşulmaq
Tənqidçi Tehran Alışanoğlunun fikrincə, ədəbiyyat adamlarının üzərinə düşən vəzifə dilin bir qolu olan ədəbi dilin və bədii üslubun qorunmasına daha aktiv şəkildə qoşulmaqdır: "Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməliyik. Biz bu gün yaranan ədəbiyyatımızın, dilimizin zənginləşməsində rolunu, pozitiv iştirakını daha yaxından izləməli və bunu işıqlandırmalıyıq. Zəngin dilimizin indiyə qədər gətirdiyi ədəbi və bədii üslubun qorunub saxlanmasını da daha tənqidi şəkildə yanaşa bilməliyik. Daha çox müasir ədəbiyyatı izləməli, oxumalı və bu barədə yazmalıyıq. Ümumilikdə isə dilin saflığını qorumağa çalışmalıyıq. Mən ədəbi tənqidin vəzifəsini belə görürəm”. T.Alışanoğlunun sözlərinə görə AMEA-nın Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Ədəbi tənqid, Müstəqillik dövrü ədəbiyyatı şöbələri elə bu funksiyalarla məşğul olur: "Monitorinq Mərkəzinin yaradılması isə bu vəzifəni daha intensiv şəkildə yerinə yetirməyə kömək edəcək. Əgər o qurumda da bilavasitə ədəbi dilin qorunması ilə bağlı bir struktur yaransa, sözsüz ki, onlarla qarşılıqlı əlaqədə çalışması bu işin daha səmərəli təşkilini həyata keçirə biləcək”.
Dilimizə maraq
Bakı şəhəri 7 saylı tam orta məktəbin Ana dili və ədəbiyyat müəllimi Kifayət Qurbanovahesab edir ki şagirdlərə ana dilinin sevdirilməsi təkcə ailədən yox, həm də məktəbdən asılıdır: "Şagirdlərin dilimizə maraqları çox azdır. Onlar daha çox ingilis dilinin dalınca qaçırlar. Doğma dilimizə ögey münasibət günü-gündən artır. Bəlkə də gələcəkdə yaxşı iş tapmaq üçün ingilis dilinə müraciət edirlər. Artıq rus dilinə də o qədər maraq qalmayıb, daha çox ingilis dilinə üstünlük verirlər. Mən hərtərəfli olmağın əleyhinə deyiləm. Əli bəy Hüseynzadə nə qədər dil bilirdi... Ancaq doğma dilimizi bilmək daha çox vacibdir. Doğma dilini bilməyəndən necə vətəndaş ola bilər? Dilə münasibət bir az ögeyləşib. Burada müəllimlərin də, məktəbin də, valideynlərin də günahı var. Uşaqların çoxunda ana dilinə sevgi azalıb. Dilimizlə bağlı təbliğat çoxalmalıdır”. K.Qurbanova hesab edir ki, ana dilinin yüksək səviyyədə tədrisi üçün həm də vəsaitlər çoxalmalıdır: "Şagirdlər çox bərbad vəziyyətdə yazırlar. İmlanı müəllimin diqtəsi ilə yazırlar, ancaq xətt normal deyil. Onlar sərbəst fikir yürüdüb inşa yazanda, yazdıqlarını oxuyanda dəhşətə gəlirik. Uşaqların cümlə qurmaq qabiliyyəti tamamilə itib. Üslubu cəhətdən hədsiz səhvləri var, qrammatik səhvlərə yol verirlər. Sinifdə yaxşı yazan da, orta yazan da, tam yaza bilməyən də var. Bədii mövzulara daha çox üstünlük verilməlidir. Azərbaycan bölməsində isə biz iş tapmırıq. Şagird üçün işləməyə material yoxdur, bu da onların nəticələrinə təsir edir”.
Mütəxəssislər dilimizin saflığının qorunması istiqamətində hər şeydən əvvəl bu sahədə görülməsi vacib olan işləri önə çəkirlər. Təbii ki, görüləcək işlər zəncirvari olaraq bir-birinə bağlıdır - biri-digərini ardınca çəkib gətirir. Sadəcə, hər kəs çalışdığı sahədə, eləcə də gündəlik həyatında dilimizin saflığının qorunmasına riayət etsə, bu vacib sahədə problemlər tədricən aradan qalxar. Problemə vətəndaşlıq borcu və azərbaycanlı olaraq yanaşmalıdır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər