• cümə axşamı, 28 mart, 18:37
  • Baku Bakı 13°C

Dilimizi necə qoruyaq?

04.05.16 12:01 2416
Dilimizi necə qoruyaq?
2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli konseptual çıxış etdi. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyyətini incəliyi ilə alimlərin diqqətinə çatdıran cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak etməyə çağıraraq, onların qarşısına konkret vəzifələr qoydu.
Jurnalist Ekspert Mərkəzi ölkə başçısının alimlər qarşısında qaldırdığı məsələləri 16 istiqamət üzrə təsnifatlandıraraq layihə şəklinə salıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il birinci müsabiqəsində qalib gəlib. QHT Şurası Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi” adlı layihəsinə maliyyə dəstəyi verir. Layihə çərçivəsində alimlərin iştirakı ilə dəyirmi masalar keçiriləcək, mövzular üzrə səsləndirilən təkliflər "Kaspi” qəzetində dərc olunacaq. Yekun nəticədə təkliflər paketi müvafiq dövlət qurumlarına ünvanlanacaq.
Mövzular aşağıdakılardır:
- Ən müasir texnologiyaların Azərbaycana gətirilməsi, tətbiq edilməsi, fəaliyyətin bu texnologiyalar əsasında səmərəli qurulması;
- Ölkədaxili resurslara arxalanaraq, təhlükəsizliyin daha böyük dərəcədə təmin edilməsi, neft və qaz ehtiyatlarından asılılığın minimuma endirilməsi, yeni dövrün tələblərinə uyğun modellərin yaradılması;
- Azərbaycandakı sabitliyin qorunması və daimi olması mexanizmlərinin işlənib hazırlanması;
- Heç bir dövlətdən asılı olmadan müstəqil siyasətin davam etdirilməsi;
- Əhalinin demoqrafik vəziyyətinin müsbət istiqamətdə dəyişdiyini - ölkə əhalisinin sayının 10 milyon səviyyəsinə çatacağını nəzərə alaraq, görüləcək işlərin, infrastruktur layihələrin bu artıma uyğunlaşdırılması;
- Ölkəyə iqtisadiyyatına xarici sərmayənin cəlb olunması;
- Azərbaycanda reallaşan və planlaşdırılan böyük sənaye layihələrinin gələcəkdə qeyri-neft potensialını gücləndirəcəyini nəzərə alıb, yeni texnoparkların yaradılması;
- Kənd təsərrüfatının inkişafına həm iqtisadi, həm də sosial məsələ kimi baxılması;
- Kənd təsərrüfatı üçün yararlı olan torpaqların suvarılmasına və hansı məhsulların əkilməsinin səmərəli olduğuna elmi cəhətdən yanaşılması;
- Sənaye və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına böyük həcmdə çıxarılmasının elmi-təcrübi yollarının müəyyənləşdirilməsi;
- Kosmik sənayenin yaradılması, inkişaf etdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın dərinləşməsi, kadr potensialının formalaşması və gücləndirilməsi;
- Ordunun əsas təminatının daxili istehsal hesabına həyata keçirilməsi,
- Neft-qaz yataqlarının işlənməsində yeni üsulların, müasir texnologiyaların tətbiqinə nail olunması;
- Azərbaycan multikulturalizminin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi araşdırmalar, faktlara söykənən məntiqli əsaslandırmalar aparılması, dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha böyük elmi əsərlər yaradılması, dünyada cərəyan edən ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik kimi ziyanlı düşüncənin qarşısına Azərbaycan multikulturalzminin nümunə kimi çıxarılması;
- Dilimizə edilən xarici müdaxilələrin, kənar ifadələrin işlənməsinin qarşısının alınması, Azərbaycan dilinin zəngin lüğətinin qorunaraq, gələcək nəsillərə əmanət kimi təhvil verilməsinin təmin edilməsi;
- Azərbaycanın zəngin tarixinin dünya miqyasına daha dolğun çıxarılması, ermənilərin torpaqlarımıza köçürüldüyünün, Dağlıq Qarabağla yanaşı İrəvanın da tarixi Azərbaycan torpaqları olduğunun danılmaz faktlar əsasında sanballı elmi-tarixi əsərlərlə dünya oxucusuna çatdırılması.
Dəyirmi masanın birinci mövzusu:
- Dilimizə edilən xarici müdaxilələrin, kənar ifadələrin işlənməsinin qarşısının alınması, Azərbaycan dilinin zəngin lüğətinin qorunaraq, gələcək nəsillərə əmanət kimi təhvil verilməsinin təmin edilməsi;
Dəyirmi masanın iştirakçıları: Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov; Fondun Aparat rəhbəri, professor İsaxan Vəliyev; AMEA-nın Diliçilik İnstitutunun Türk dili şöbəsinin müdiri Məhəbbət Mirzəliyeva; Dilçilik İnstitutunun böyük elmi işçisi Gülrux Həsənova; Dilçilik İnstitutunun əməkdaşı Şəkər Orucova; Filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu.
Dəyirmi masanın aparıcısı, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu.
Oktay Səmədov: "Dilimizin saflığı, tariximizin obyektiv yazılması və təbliği məhz Siz alimlərin prosesdə bir başa iştirakından keçir. Bilirsiniz ki, Bilik Fondu bütün layihələrində alimlərlə birgə fəaliyyət göstərir. Sizin dəyərli təklifləriniz, həyata keçirdiyiniz işlər cəmiyyətin inkişafında danılmaz rola malikdir. Biz əminik ki, birgə fəaliyyətimiz nəticəsində cənab Prezidentin qarşımıza qoyduğu hədəflərə tez bir zamanda çatacağıq. Jurnalist Ekspert Mərkəzinin bu ideyasını, alimlərin təkliflərini toplayaraq, müvafiq qurumlara ünvanlaması layihəsini alqışlayır, Fond olaraq dəstəyimizi əsirgəmirik”.
İsaxan Vəliyev: "Prezident İlham Əliyevin alimlər qarşısında qaldırdığı məsələlərin hüquqi aspektlərinə olduqca ciddi yanaşmaq lazımdır. Ölkə başçısının tapşırıqlarının layiqincə yerinə yetiriləcəyi təqdirdə, Azərbaycanın iqtisadiyyatını ən ağır böhrandan belə, itkisiz çıxacağına, cəmiyyətin daha böyük nailiyyətlər əldə edəcəyinə əminik. Azərbaycan alimlərinin çox güclü potensialları var. Onların təkliflərini həyata keçirə bilsək, cəmiyyətin inkişafı istiqamətində tətbiq etsək, dövlətimizin qüdrəti birə-beş artacaq”.
Məhəbbət Mirzəliyeva: "Bizim bir çox layihəmiz var ki, hələ də həyata keçiriləcəyi günü gözləyir. "Azərbaycan dili bağçadan məktəbə”, "Xaricilərə Azərbaycan dilinin öyrədilməsi kursu və Beynəlxalq Azərbaycan dili İmtahan Sistemi (BADİS)” layihələrini hazırlamışıq. İstərdik ki, bu layihələr dəstəklənsin. Alimlər fəaliyyətləri ilə Azərbaycan dilinə hörmət qazandırmalıdırlar. Bizdə dili ancaq ədəbiyyat yaradır. Elə buna görə də texnika ilə bağlı terminologiya dilimizdə inkişaf etmədi. Dili məcburən yönləndirmək olmaz. Dil özü-özünü yaratmalıdır".
Gülrux Həsənova: "Əsasən də biznes strukturlarında ədəbi dil normalarına əməl olunmur. Reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik normalarının pozulmasının qarşısını almaq üçün tək dilçilər yox, yerli icra nümayəndələri də aktiv iştirak etməlidirlər. Təkcə Bakı şəhərində əcnəbi adlar daşıyan bir çox dükan və restoran adlarına rast gəlmək olar ki, bu da qarşısı alınmadıqca, təəssüf ki, genişmiqyaslı xarakter alır. Mənim fikrimcə, bu problemi ancaq bir yolla – inzibati cəza yolu ilə həll etmək mümkündür. Əgər sahibkar hər hansı bir şəkildə cəzalanarsa, daha bu yanlışlığa yol verməz və digərlərinə örnək olar".
Şəkər Orucova: "Mış, miş, muş, müş şəkilçisi nəqli keçmiş zamanın normativ şəkilçisidir. Dilimizdə nəqli keçmiş zamanın ifadəsi üçün bu şəkilçi ilə yanaşı ıb, ib, ub, üb şəkilçisi də işlənir. Əvvəlki qrammatika kitablarında və məktəb dərsliklərində bu şəkilçi nisbi keçmiş zaman şəkilçisi adı altında tədris olunurdu. Bu şəkilçi canlı danışıq dili üçün daha çox səciyyəvidir, sadə danışıq dilində daha çox işlənir. Lakin son zamanlar mətbuat səhifələrində, xəbərlərdə nədənsə nəqli keçmiş zamanın mış, miş, muş, müş forması işlənmir, onun yerinə daha çox bu zamanın ıb, ib, ub, üb formasından istifadə olunur ki, bu da Azərbaycan ədəbi dilinin normalarının pozulması deməkdir".
Cahid İsmayıloğlu: "Azərbaycan dilinin və dilçilik elminin inkişafına dəstək olmaq məqsədi ilə "Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işi” adlı layihə hazırlamışam. Dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakını təmin etmək qarşıya qoyulan əsas məqsəddir.
Layihə əsasında hazırlanacaq portal "Azərbaycan dilinin və dilçilik elminin elektron qaynağı” funksiyasını daşıyacaq. Buna bir növ "Elektron dilçilik kitabxanası” da demək olar. Axtarış və innovativ imkanlar (elektron lüğət, canlı proqram təminatları, ətraflı axtarış) portala elektron kitabxanadan daha üstün imkanlar verəcək. Layihənin bir üstünlüyü də portalın dünyanın istənilən nöqtəsindən Azərbaycan dili və dilçilik elmi ilə maraqlananlar üçün əlçatan olmasının təmin edilməsidir".
Ceyhun Musaoğlu: "Bir sıra Azərbaycan sözləri leksikonumuzdan sürətlə yoxa çıxır. Belə acınacaqlı duruma əsas nitq hissəsi olan fellər düşür. Hansısa qara əl feillərə "türkün məsəli" damğası vuraraq, onları təfəkkürümüzdə etikadan kənar ifadəyə çevirib və dilimizdən çıxarıb. Bu, çox böyük zərbədir. Dilçi alimlərdən dilimizin kasadlaşmasının qarşısını almağa yönəlik təkliflər gözləyirik. Məhz cənab Prezident də bunu istəyir - dilimizə yad kəlmələrin daxil olmasının qarşısını alaq".
Sonda İlham Əliyevin alimlər qarşısında səsləndirdiyi dəyərli fikirlərindən birini təkrarlayaq: "Bizim iqtisadi uğurlarımız və iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq, müstəqil siyasət yürüdə bilməzdik. Bizim gücümüz məhz bundadır".
*Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Ceyhun Musaoğlu
banner

Oxşar Xəbərlər