• cümə, 29 Mart, 16:36
  • Baku Bakı 14°C

Dilimiz ruhumuzun qidasıdır

28.01.19 14:30 1385
Dilimiz ruhumuzun qidasıdır
Ana dilimiz müstəqil Azərbaycan, Azərbaycan xalqının ən böyük milli sərvətidir!
Ulu öndər Heydər Əliyev


Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi mənəvi sərvətimiz, müqəddəs dövlət atributlarımızdan biri olan Azərbaycan dilinə, onun işlədilməsinə, saflığının qorunmasına dövlət qayğısı daha professional və daha əsaslandırılmış bir mahiyyət kəsb edir. Dilimizi qorumaqla zəngin tariximizi, milli mənliyimizi, kimliyimizi, mənəviyyatımızı qorumuş oluruq. Dilimizin saflığının bütün sahələrdə qorunması və dövlət dili kimi işlədilməsi zərurətindən danışmağı çox sevən Ulu öndər Heydər Əliyev deyirdi ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ulu öndərin milli dilimizin inkişaf etdirilməsi, ədəbi dilin saflığının qorunması və fəaliyyət dairələrinin genişləndirilməsi barədə dolğun fikirləri saysız-hesabsızdır və bunlar da hər bir vətəndaşımızı mövcud problemləri aşkarlamağı, dilimizin qayda-qanunlarından doğru-düzgün, yerli-yerində istifadə etməyə güclü çağırışdır. Təbiidir ki, dilimizin orfoepik, orfoqrafik, leksik, morfoloji, qrammatik quruluş və xüsusiyyətləri cilalanmış bir şəkildədir və bütün bunlar hər şeydən əvvəl yad təsirlərə, əcnəbi sözlərə qarşı olduqca müqavimətlidir. Bütün bunları nəzərə alan ölkə rəhbəri cənab İlham Əliyev bu ilin noyabr ayının 1-də "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamış və bu fərmanla bağlı fikirlərini şərh edərkən xüsusi olaraq vurğulamışdır ki, bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlərlə əvəzləşir və mən bunun qəti əleyhinəyəm.
Fərmandan irəli gələn bütün müddəalar yaşından, təhlil səviyyəsindən, ixtisasından asılı olmayaraq hər bir vətəndaşımızdan ana dilimizin orfoepiya, orfoqrafiya qaydalarına və nitq mədəniyyəti məsələlərinə məqsədəmüvafiq səviyyədə riayət olunmasını tələb edir. Məlumdur ki, körpə ailədə dil açır, ana, ata, vətən, Azərbaycan və sair yüzlərlə belə şirin kəlmələri ailədə öyrənir və bunlar heç şübhəsiz ki, alqışlanmalıdır, təqdirəlayiqdir. Gəlin görək, hər bir azərbaycanlı ailəsində buna riayət edilirmi? Əsla yox! Müşahidələrimiz göstərir ki, çoxsaylı ailələrdə övlad atasına "papa”, anasına "mama” deyə müraciət edir ki, bu da doğma dilini ürəkdən, candan sevənləri əsəbiləşdirməyə bilmir. Ailələrdə ədəbi dil normalarına əməl edilməməsi leksik səviyyədə daha çox özünü göstərir. Bu gün azərbaycanlı ailələrdə "soyuducu” əvəzinə "xolodennik”, dondurma əvəzinə morojenno, "soba” əvəzinə "peç”, "elektrik” əvəzinə "tok” və onlarla belə sözlər işlədilir ki, bunlar da milli ruhumuzu, milli dilimizə ziddir və ailədə ədəbi dilimizin normalarının əməlli-başlı pozulması deməkdir.
Bu gün dilimizdə qrafik əsasda düzəldilən qısaltma sözlər baş alıb getməkdədir. Belə sözlərin tələffüzündə onların yazılması, yəni hansı hərflərlə formalaşması, yazılmış sözlərin hansı hissələrinin əsasında qurulması və yazılmış vahidlərin heca təşkil edib-etməməsi mütləq nəzərə alınır. Buna görə də belə sözlərin tələffüzü yazı vahidləri ilə bağlı olur və tələffüz qaydaları – normaları qrafik şərait əsasında müəyyənləşir. Vaxtilə dilimizdə formalaşdırılmış bu gün də hər bir vətəndaşımız tərəfindən asanlıqla başa düşülən, anlaşılan BMT, ATƏT, ABŞ, APU, BDU, AMEA, MM, AYB, TEC, SES, ADR, AFR, RF, MƏR, AHİB və s. onlarla belə qısalmalar geniş dairədə işlədilir və belə sözlərin əksəriyyəti danışıq dilimizdə olduqca işlək səviyyədədir. Bu gün bizdə özəl idarə, təşkilat və şirkətlərin adları çox hallarda qısaltmalar şəklində yazılır və bunları da sahibkarlar və şirkət əməkdaşlarından başqa heç kim mənasını anlamır. Daha çox ingilis dilində AE (Amazing Elektronics), İS (İnternational Sevrice), CVC (Crystal Vater Company) və yüzlərlə belə əcnəbi dilli lövhələr əsəblərimizi tarıma çəkir, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi tipoloji təsir göstərir. Belə çıxır ki, qısaltma sözlər üçün də ayrıca bir izahlı lüğət tərtib edilməlidir.
Özəl televiziya, radio kanallarında, küçə lövhələrində "Koka-kola” – "Coca-cola” şəklində nümayiş etdirilən bu adı nəyə görə "Koka-kola (k hərfi ilə) yazmırlar? "Bank of Baku” yazılmış lövhənin yanında nəyə görə "Bakı Bankı” yazılmış lövhə olmamalıdır? Eləcə də "Çudo Peçka” kəlməsinin mənası nə deməkdir? Bütün bunlara bənzər reklam lövhələri tam anlaşılmaz bir hal yaradır və bunlara qarşı, sözün əsl mənasında, etiraz səsi ucaltmağın vaxtı çatmışdır.
Biz xitabət kürsülərindən dilimizin saflığının qoruması zərurətindən ağızdolusu danışmağı çox sevirik və təəssüflər olsun ki, dilimizə olan ilgi və məhəbbətimiz çox zaman deklarativ xarakter daşıyır. Gəlin görək, hansımız bir şirkət sahibinin yaxasından tutub tələb etmişik ki, cənab filankəs, Azərbaycanda yaşayırsan, onun çörəyini yeyir, suyunu içir, havasını udursan, zəhmət olmasa, reklam lövhəsində özünlə gətirdiyin əcnəbi sözün Azərbaycan dilində qarşılığını da verəsiniz. Bunu etmişikmi? Əsla yox.
Dilimizin hər qatı, hər səviyyəsi özünün variantlığı, çevikliyi, mükəmməlliyi ilə bütün fikirləri ifadə etmək gücünə malikdir. Müşahidələrimiz göstərir ki, çap olunan kitablarda, dərc olunan qəzetlərdə, internet resurslarında araşdırmaçı əvəzinə araşdırıcı, çatışmazlıq əvəzinə çatışmamazlıq, siz əvəzinə sizlər, biz əvəzinə bizlər, cənab əvəzinə cənabları və s. onlarla belə sözlərdə morfoloji normalara əməl edilmir. Deyək ki, bədii üslubda biz, siz əvəzliklərinə emosionallığı gücləndirmək məqsədilə -lar, -lər cəm şəkilçisi artırmaq mümkündürsə, buna ədəbi dilimizdə ehtiyac yoxdur və bu yolverilməzdir. Ə.Dəmirçizadə də haqlı olaraq göstərirdi ki, biz, siz əvəzlikləri özü-özlüyündə cəmlik bildirir. Buna görə də çoxluq ifadəsi üçün cəm şəkilçisinin bu sözlərə bitişdirməyə ehtiyac yoxdur. Deməli, bizlər, sizlər şəklində bu əvəzliklərin cəmlənməsi bilici məna çalarlığı üçündür və sırf üslubi haldır.
Bəli, dilimiz ruhumuzun qidasıdır. Dilimizin saflığını qorumaqla mənəvi baxımdan ruhumuzu da saf bir şəkildə qidalandırmalı oluruq. Buna görə də istər hər hansı bir şəxslə fərdi görüşlərimizdə, istərsə də ictimai yerlərdə dilimizin potensial imkanlarından maksimum səviyyədə yararlanmalı, onun fonetik, leksik, qrammatik, semantik laylarından bacarıqla istifadə etməli və bunu ətrafdakılarımızdan da ciddi şəkildə tələb etməliyik.
Mahirə Hüseynova
banner

Oxşar Xəbərlər