• cümə axşamı, 28 mart, 14:16
  • Baku Bakı 16°C

“Dilimiz milli-mənəvi sərvətimizdir”

23.02.19 18:00 639
“Dilimiz milli-mənəvi sərvətimizdir”
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
İnstitutdanAZƏRTAC-a bildirilib ki, konfransı giriş nitqi ilə açan rektor Ceyhun Məmmədov dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu vurğulayıb. Xatırladıb ki, 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirir. Ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verilir.
Ceyhun Məmmədov Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.
Aİİ-nin maarifləndirici tədbirlərə önəm verdiyini deyən rektor seminarların, konfransların, dəyirmi masaların tələbələrdə elmə, təhsilə marağın artması və intellektual səviyyələrinin yüksəldilməsi məqsədini daşıdığını bildirib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında ana dilinə sevgini körpə yaşlarından aşılamağın önəminə toxunub. O, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını bildirib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli qeyd edib ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada, dilin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir.
Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva Azərbaycan dilinin ölkəmizdə yaşayan digər xalqları birləşdirdiyini söyləyib.
Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor Adil Babayev dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, ana dilinin saflığını qorumağın, ədəbi dil normalarına riayət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov qeyd edib ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alim dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıb.
Konfrans panellərlə davam etdirilib.
banner

Oxşar Xəbərlər