AZE | RUS | ENG |

Dilimiz – milli-mənəvi sərvətimiz

Dilimiz – milli-mənəvi sərvətimiz
Bu sərvətimizi hər an göz bəbəyimiz kimi qorumalı, onun saflığı, təmizliyi uğrunda birgə mübarizə aparmalıyıq

Hər bir inkişaf etmiş xalq öz milli varlığı ilə tanınır, şöhrət tapır. Xalqımız da bəşəriyyət tarixində belə böyük şöhrət tapan yenilməz, qüdrətli xalqlardan biridir. Tarixən xalqımıza xas olan ən başlıca mühüm məsələlərdən biri milli-mənəvi sərvətimizə - doğma dilimizə sonsuz diqqət və qayğının göstərilməsidir. Məhz elə bunun bariz nəticəsidir ki, əcdadlarımız xalqımıza, dilimizə qənim kəsilən düşmənlərimizə qarşı həmişə amansız mübarizə apararaq onun saflığını qoruyub saxlamışdır. Dövlətimiz müstəqillik əldə etdikdən sonra dilimiz daha da inkişaf edib zənginləşmişdir. Bu heç şübhəsiz, ulu öndərimiz Heydər Əliyev və onun yolunu daim ardıcıl, məqsədyönlü şəkildə davam etdirən möhrətəm Prezidentimiz İlham Əliyevin adları ilə bağlıdır. 

Dünyada mövcud olan 3500-ə yaxın dildən biri olan Azərbaycan dili indi özünün çiçəklənmə, yüksəliş dövrünü yaşayır. Bu baxımdan biz bu milli-mənəvi sərvətimizi hər an göz bəbəyimiz kimi qorumalı, onun saflığı, təmizliyi uğrunda birgə mübarizə aparmalıyıq. Məhz elə buna görə də təhsil müəssisələrinin qarşısına daha mühüm, zəruri, şərəfli vəzifələrin qoyulması heç də təsadüfi deyil. Qarşıya qoyulmuş bu ümdə məsələlərin dərs prosesində, sinifdənxaric işlərdə, aidiyyəti dərnək məşğələlərində və s. yerlərdə həyata keçirilməsi olduqca vacibdir. Elə bu yaxınlarda Ağcabədi rayonunun sayılıb-seçilən, qabaqcıl təhsil müəssisələrindən biri olan şəhər 5 saylı tam orta məktəbində "Ana dilim-şirin dilim” mövzusunda böyük toplantı təşkil edilmişdir. Toplantıya pedaqoji kollektiv, şagirdlər, Təhsil Şöbəsinin əməkdaşları və valideynlər dəvət olunmuşlar. 

Toplantı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra söz məktəbin direktoru Fəridə Niftalıyevaya verildi. O, çox maraqlı və yüksək səviyyədə təşkil edilmiş bu tədbiri giriş sözü ilə açaraq dedi: "Vətən, ana kimi dilimiz də müqəddəsdir, şirindir. O, keşməkeşli bir dövr keçmiş, tarixin sınaqlarından uğurla çıxmış, cilalana-cilalana gələrək zənginləşmiş, təşəkkül tapmışdır. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətinin istər birinci və istərsə də 2-ci dövründə dilimizin hərtərəfli inkişafına böyük önəm vermişdir. Sovetlər İttifaqına daxil olan bir çox respublikaların rəsmi dövlət dili olmamışdır. İndi bu gün böyük sevinc və iftixar hissi ilə qeyd etmək istərdim ki, bizim o zamankı Konstitusiyamızda (1978-ci il) Azərbaycan dili rəsmi dövlət dili kimi öz əksini tapmışdır. Bu, tarixi bir nailiyyət olmaqla, həm də o zamankı ciddi ictimai-siyasi dövrdə ikiqat cəsarət, hünər tələb edirdi. Bu da yalnız dahi siyasi rəhbərimizə xas olan əsas xüsusiyyətlərdəndir. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişafı istiqamətində yeni parlaq üfüqlər açıldı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında dilimiz Dövlət dili kimi təsbit olundu. Onun əhatə dairəsini genişləndirmək üçün Ümummilli Liderimiz bir çox fərman və sərəncamlar imzaladı. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 saylı fərman, "Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli 766 saylı sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli 522 saylı sərəncam və 2 yanvar 2003-cü il  tarixli "Azərbaycan Respublikasının Dövlət dili haqqında” Azərbaycan Respublikası  qanunun tətbiq edilməsi barədə 835 saylı fərman buna əyani sübutdur”. 

Məktəbin direktoru bunu da xüsusi vurğuladı ki, tariximizdə həmişəyaşar bu mühüm dövlət sənədlərinin ərsəyə gəlməsində bilavasitə ulu öndərin yüksək səriştəlilik, zəngin dövlətçilik təcrübəsi əsas və başlıca rol oynamışdır. Bu onun öz doğma dilimizə sonsuz məhəbbət bəslədiyinin bir daha bariz nəticəsidir. Artıq onun azərbaycanlı olması və öz ana dilini çox sevməsi, bu dildə danışması ilə fəxr etməsi haqqında müdrik kəlamları aforistik ifadəyə çevrilib: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Biz də hər birimiz hər yerdə dilimizə bu meyarla yanaşmalıyıq. Çünki bu, qarşıya qoyulan vacib işlərdən biridir. Axı gələcəyin mütəxəssislərinin, əmək adamlarının savadlı yazması, oxuması, aydın, səlis, məntiqli danışmasının əsası məktəbdə qoyulur. Ona görə də məktəbin direktoru təhsil alanların çox erkən bu istiqamətdə inkişafını daim diqqət mərkəzində saxlamağı bütün təhsilverənlərin ixtisasından asılı olmayaraq qarşılarına zəruri bir məqsəd kimi qoydu. 

Tədbirin rəngarəng, maraqlı keçməsində məktəb şagirdlərinin əməyini xüsusi qeyd etmək istərdim. IIIb sinif şagirdləri Gülmalıyeva Günayın, Əhmədova Əzizənin, Məmmədli Nicatın, VIa sinif şagirdi Allahverdiyeva Nərgizin, IX sinif şagirdi Nağıyeva Aytacın, VIIIa sinif şagirdləri Süleymanov Samirin, Hüseynov Vüsalın, Quliyeva Aysunun, Allahverdiyeva Nərgizin, Vəliyeva Ləmanın, VIb sinif şagirdləri Əliyeva Ayselin, Şirinova Nərgizin və başqalarının Ana, Vətən, dil haqqında gözəl ahənglə  şeir söyləmələri, milli geyimdə rəqs etmələri, mahnı oxumaları dinləyicilərə xoş təsir bağışladı, hər kəsin qəlbində silinməz izlər buraxdı. 

Toplantıda bu sətirlərin müəllifi də çıxış edərək qeyd etdi ki, insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil xalqımızın böyük milli-mənəvi sərvəti , tükənməz ilham mənbəyidir. Ana dilimiz ötən illər ərzində çox mənalı və zəngin bir inkişaf yolu keçmişdir. Son illərdə respublikamızın sürətli yüksəlişi dilimizin inkişafına da öz müsbət təsirini göstərmişdir. Məhz bu mənada Azərbaycan dili hazırda özünün çiçəklənmə və zənginləşmə mərhələsini yaşayır. Lakin buna baxmayaraq, bu günün özündə də danışıq və yazı zamanı müəyyən səhvlərə, qüsurlara hələ də yol verilir. Buna ən çox müəyyən toplantılarda, təhsil müəssisələrində, televiziya, radio kanallarında, mətbuat səhifələrində, işgüzar sənədlərdə, sosial şəbəkələrdə və s. yerlərdə rast gəlirik. Bütün bunların qarşısını almaq üçün möhtərəm Prezidentimiz İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 01 noyabr 2018-ci il tarixdə fərman vermişdir. Həmin fərmanda yazılmışdır: "Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərində və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”. 

Bəli, bütün bunlar real bir həqiqətdir. Bu da bir məlum həqiqətdir ki, müəyyən elmi baxımdan bir dildən başqa dilə söz, söz birləşməsi və digər dil elementləri keçmişdir. Bu proses bu gün də davam edir, dili leksik və qrammatik cəhətdən zənginləşdirir. Doğma dilimizə də öz leksikasına dünya dilləri içərisində xüsusi yer tutan rus dilinin köməyi nəticəsində xeyli sözlər daxil edilmişdir. Dillərin belə qarşılıqlı şəkildə zənginləşməsi hər şeydən əvvəl tarixi zərurət və ehtiyacla bağlıdır. Lakin buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz fərmanda göstərildiyi kimi, bəzən ehtiyac olmadıqda da dildə alınma sözlərdən istifadə olunması halları müşahidə olunur. Təəssüflə qeyd etmək lazımdır ki, təhsil ocaqlarında, hətta Təhsil Şöbəsində belə müəllimlərin özləri də danışıqlarında heç bir ehtiyac olmadan "mel”, "doska”, "çernel”, ”zvonok”, "uje”, "naxadu”, "obşi”, "vobşe”, "koneçno”, "znaçit”, "krovat”, "spor” və onlarca belə sözləri tez-tez işlədirlər. Ancaq həmin sözlərin Azərbaycan dilində danışıq zamanı ifadə edilməsinə heç bir zərurət yoxdur. Ümumiyyətlə, dildə yersiz alınma sözlərdən istifadə olunması dilə xeyli ağırlıq gətirir. Həm də bəla burasındadır ki, müəllimlərin dərs dediyi şagirdlər də öz dilimizdə çox gözəl ifadə olunması mümkün olan sözləri rus dilində deyirlər. Burada valideynlərin də üzərinə çox iş düşür. Axı, ilk sözlərimizi uşaqlar evdə, ailədə öyrənirlər. Hətta bəzi valideyinlər öz uşaqlarını vulqar mahiyyətli sözlərə adət etdirirlər. Əslində uşaqların özünü də uşaq dilində deyil, böyük adamların danışdığı kimi danışdırmaq lazımdır. Bu danışıq uşaqların yaş, bilik və anlaq səviyyəsinə uyğun olmalıdır. 

Xalqımızın böyük milli-mənəvi sərvəti olan ana dilimizin hər zaman saflığını qorumaq hər kəsin müqəddəs və şərfli borcudur. Bu, Konstitusiyamızda da öz parlaq əksini tapmışdır. Eyni zamanda, bu dildə bir çox xalqlar danışır. Artıq beynəlxalq aləmdə, xüsusən Türkiyə, İran, İraq və başqa ölkələrdə çoxmilyonlu xalqlar ana dilimizdən ünsiyyət vasitəsi kimi istifadə edirlər. Hətta onun beynəlxalq aləmdə zəruri bir dil olması haqqında vaxtilə böyük rus şairi M.Y.Lermontov yazırdı: "Avropada fransız dili olduğu kimi, Asiyada da Azərbaycan dilini bilmək zəruridir”. Bütün bunlar bir daha onu sübut edir ki, ana dilimizi yalnız öz respublikamızda deyil, bir sıra yaxın-uzaq xarici ölkələrdə belə başa düşərək sevirlər. 

Toplantıda rayon Təhsil Şöbəsinin metodisti Almaz Məmmədovanın çıxışı da dinləyicilərə xoş təsir bağışladı. O, çıxışında qeyd etdi ki, hər bir ziyalı, məktəbli danışarkən, yaxud da yazı yazarkən dilimizin orfoqrafik və orfoepik normalarına əməl etməlidir. Bunun əsası, əsasən təhsil müəssisələrində qoyulur. Bunun üçün müəllimlərin, ziyalı valideynlərin üzərinə daha böyük məsuliyyət düşür. Məhz elə bu baxımdan ədəbi dil normalarına hər yerdə əməl edilməlidir. Lakin çox təəssüf ki, bəzən bu normalar kobud surətdə pozulur, yersiz olaraq ictimai və rəsmi yerlərdə məişət danışığından istifadə edilməsi hallarına təsadüf edilir. Əslində bunlara heç bir ehtiyac yoxdur. Çünki dilimiz olduqca zəngin lüğət tərkibinə malikdir. Belə olan halda, dilimizdə köhnəlmiş, dialekt, şivə və ləhcə sözlərindən istifadə edilməsi artıq söz yığınından başqa bir şey deyildir. İndi bütün məktəblilər ədəbi dilimizin qramatik normalarını gözləməklə aydın, səlis danışmağı bacarmalıdır. Bu, təhsilverənlərdən və təhsilalanlardan tələb olunun əsas və başlıca məsələlərdən biridir. 

Almaz müəllim çıxışında bunu da xüsusi olaraq vurğuladı ki, dilimiz çox ahəngdar, şirin bir dildir. Tarixi dəqiq bilinməyən çox qədim dövlərə gedib çıxan şifahi xalq ədəbiyyatı nümunələri olduqca mənalı, böyük təsir gücünə malikdir. Analarımız öz körpə uşaqlarını beşik başında əzizləyərkən, laylay deyərkən oxşamalardan, laylalardan, bayatılardan istifadə edən zaman uşaqların simasında bir gülüş, təbəssüm, nikbinlik yaranır. Hətta xəstəlikdən, digər səbəblərdən ağlayan balaca körpələr yuxarıda qeyd etdiyimiz nümunələri analarımız onların yanında nəğmə kimi oxuduqda, səslərini kəsir, ani olaraq mimikalarında bir sevinc hissi duyulur, şirin yuxuya gedirlər. Bütün bunlar dilimizin nə qədər əlvan, emosional olduğunu bir daha sübut edir. 

Sadə, səlis, məntiqli, rabitəli danışmaq hər kəs üçün vacibdir. Bu hər birimizin həyat meyarı olmalıdır. 

Tədbir məktəbin şagirdləri Əmirova Zeynəbin, İbrahimova Nərgizin, Salmanova Aygünün, Mirzəyev Rahimin, İsmayılova Tahirənin hazırladıqları səhnəciklə və "Anacan” mahnısı ilə yekunlaşdı. 

Beləliklə, təhsil müəssisələrində belə həmişə aktual tədbirlərin keçirilməsi təhsil alanlarda bir çox yüksək keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. 
 
Ədalət Hüsüynov, 
Ağcabədi rayon Təhsil Şöbəsinin metodisti, 
Qabaqcıl maarif xadimi, Qızıl qələm mükafatı laureatı 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892