• çərşənbə, 24 Aprel, 17:06
  • Baku Bakı 27°C

Dilənməklə hakimiyyətə gəlmək olmur…

04.10.18 18:31 604
Dilənməklə hakimiyyətə gəlmək olmur…
Azər HƏSRƏT, [email protected]
Oturuşmuş Qərb ölkələrində belə bir qayda var: müxalifətdə olub xalqın doğrudan da etimadına bel bağlayan qüvvələr geniş kampaniya aparmadan da seçicilərdən maliyyə yardımı ala bilirlər.Özü də bu yardımlar böyük məbləğdə vəsaitlər olur və istənilən seçki kampaniyası üçün, siyasi proses üçün əvəzolunmaz yeri var. Dediyim kimi, belə hal Qərbin oturuşmuş ölkələrində olur və maliyyə istəmək ayıb sayılmır. Həm də ona görə ayıb sayılmır ki, o maliyyəni istəyənlər hədlərini bilirlər, xitab etdikləri xalqın heysiyyatına sayğılı davranırlar…
Azərbaycan yeni demokratiyadır, burda bir çox təzahürlər yeni-yeni oturuşur. Amma elələri də var ki, artıq oturuşmuş sayıla bilər. Bunlardan ən öndə gələni vətəndaşların siyasi seçim, siyasi proseslərə münasibət və ümumiyyətlə kampaniyaçılığa yanaşmasıdır. Azərbaycan insanını heç kim məcbur edə bilməz ki, istəmədiyi siyasi kəsimin-liderin ardınca getsin. Hələ mən hansısa siyasi avantüristləri demirəm.
Bugünlərdə görürəm ki, ziddiyyətli siyasi mövqeyi və süni emosionallığıyla son zamanlar sosial mediada meydan sulamağa çalışan Qurban Məmmədov elə o qədər də əcaib bir çağırış edib. Adamın hansısa sosial mediada hansısa kanalı varmış. Açığı, maraqlı deyil, baxmıram, izləmirəm. Bu qeydlərimi yazdıran sadəcə belə adamların bəzən boyundan yuxarı tullanma cəhdidir ki, sadəlövh və sadə vətəndaşlarımızı onların yanlış təbliğatından qorumaq biz jurnalistlərin vəzifəsidir həm də.
Görün, bu Qurban Məmmədov nə deyir: "Ya mənə borc verəcəksiniz, ya səhmdar cəmiyyəti yaradıb pul yatıracaqsınız. Siz ailənizin, övladlarınınzın gələcəyini düşünürsünüzsə, millətin namusunun qorunması üçün dəstək olun”. Hələ onu da əlavə edir ki, "gəlin, alver eləyək”…
Çox böyük iddiadır, deyilmi? İndi sual olunur: niyə insanlar buna borc verməlidir? Yaxud da niyə hər kəs sanki borcluymuş kimi səhmdar cəmiyyəti qurub bu adamın avantüralarına dəstək olmalıdır?
İddia edir ki insanlar ailələrinin, övladlarının gələcəyini düşünürsə, millətin namusunun qorunmasını istəyirsə dəstək olsun! Beləsi üçün deyirlər ki, bunun ağzından çıxanı qulağı duymur!
Adama deyərlər ki, sən kimsən axı bu qədər böyük qələtə imza atırsan? Millətin namusuna nə olub ki? Üstəlik, kim səni vəkil etdi ki, bizim gələcəyimizin, namusumuzun keşikçisi olduğunu iddia edirsən?
Buna bənzər daha biri də pul dilənməklə məşğuldur. Guya ki, kimlərəsə yardım üçün. Özü də bu adam kim ola? Uğursuz, yarımçıq diplomat. O kəs ki, dövlətinin etibar etdiyi vəzifəyə xəyanət edib, dövlətinə arxa çevirib millətin beynini qarışdırmaqla məşğuldur.
Nahid Cəfərov adlı bu yarımçıq diplomat çağırış edir, iddia irəli sürür ki, Azərbaycanda insanlar qorxur. Kimdən, nədən və niyə?
Bu Nahidi əməlli-başlı qara basır! Biz Azərbaycanda oturmuşuq, yaşayırıq, işləyirik və kimsədən də durub-durduğumuz yerdə qorxmağımız yox. Yəni bunun üçün səbəb də yoxdur. Ümumiyyətlə, Azərbaycanda qanunlar çərçivəsində yaşayıb cəmiyyətə və dövlətə zərər verməyən heç kimin nə qorxmasına, nə də qaçmasına gərək yoxdur.
Fərqli düşünmək, fərqli davranmaq hər kəsin haqqıdır, üstəlik də dövlət təminatı altındadır. Amma dövlətinə xəyanət etmək, hansısa mərkəzlərdə oturub vətəndaşlarımızın beynini pozmaq təbii ki, təmkinlə qarşılana bilməz!
Bu ünsürlər bir-birilərinə qoşulub stəkanda fırtına yaradacaqlarını sanırlar. Lakin unudurlar ki, Azərbaycan xalqı heç vaxt nə bir uğursuz avantürist olan Qurban Məmmədovun, nə də dövlətinə xəyanət yolu tutmuş yarımçıq diplomat Nahid Cəfərovun arxasınca getməz! Getməz, çünki xalqımız belə uğursuzların, avantüristlərin, öz məsləkinə və dövlətinə xəyanət etmişlərin felinə uymağın nə demək olduğunu çox yaxşı bilir!
Bəzən sadə, çox zaman da sadəlövh, saf qəlbli insanlarımız belələrinin doğrudan da millət üçün yanıb-yaxıldığını düşünə bilər. Bu da anlaşılandır. Çünki bizim insanımız hamını özü kimi saf qəlbli zənn edir. Bu yazını ona görə yazdım ki, insanlarımız belələrinin əsl məqsədinin-simasının nə olduğunu anlasın. Bunlar özlərinə siyasi və maddi kapital toplamaq üçün bu dilənçilik yolunu tutublar. Özü də heç bir sosial sifariş olmadan meydana atılıblar, özlərini məzlum kimi qələmə verməyə çalışırlar və sonda da xalqa üz tuturlar ki, bəs, bizi maliyyələşdirin.
İndi sual etmək istərdik: siz kimsiniz? Ümumiyyətlə bu xalqın sizə nə ehtiyacı var? Yaxud da küçəyə çıxıb soruşaq, görək nə qədər adam sizi tanıyır? Həm də xalqdan soruşaq ki, namusunuzu bu tanımadığınız adamların qorumasını istərdinizmi? Mənim xalqım nəinki bu iddiada olan avantüristləri, onlara bu sualı verəni belə daşqalaq edər!
Ona görə də ağlınızı başınıza yığın, Azərbaycan insanının bu sabit və sakit yaşamına burun soxmayın! Bu xalq sizin kimiləri çox görüb, görə-görə gəlib və heç kimi aldada bilməyəcəksiniz.
Hə, bir də ağlınızda tutun: dilənməklə hakimiyyətə gəlmək olmur…
Sözardı:Qurban Məmmədov deyir ki, mənə dəstək olmasanız bu kanalın fəaliyyətini davam etdirə bilməyəcəm. Əslində, "alver edək” deyib üz tutduğu xalq onun kanalına əhəmiyyət verməməklə sözünü deyib. Daha əlavə pul dilənib təkrar tərs şapalaq almağa nə gərək qalıb, onu anlamıram…
banner

Oxşar Xəbərlər