AZE | RUS | ENG |

“Dilənən” vətənpərvərlik

“Dilənən” vətənpərvərlik
Elgün Mənsimov
mensimov.elgun@journalist.com


Vətənpərvərlik nədir? Hardan başlanır Vətən? Əsl vətəndaş kimdir? kimi suallar ətrafında çox müzakirələr aparılıb. Hətta, şablon səslənsə də, dəfələrlə səsləndirilib ki, vətən dünyaya göz açdığımız doğma ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır.
Vətənpərvərlik isə özü üçün deyil, eli üçün yaşamaqdır, bu gün üçün deyil, gələcək üçün yaratmaqdır, “mən üçün” deyil, “bizlər üçün”, “xalq üçün” düşünməkdir. Bu ənənəvi cavablar nə qədər həqiqəti əks etdirsə də, gurultulu səslənsə də, vətəndaşlarımıza gedib çatmır. Niyə, deyilənləri dərk etmirikmi? Əcəba, bizim şüurumuzmu yoxdur? Var, niyə yoxdur ki! Sadəcə, bunu deməklə bərabər, edənlərimiz kifayət qədər deyil. “Edənlər” deməyim sizi çaşdırmasın. İndi onların kimliyi və etməli olduğu işlərdən danışacağıq. Bəs, hansı vasitələrlə yuxarıda deyilən hissləri oyatmaq olar?
Hələlik, gəlin bir az əvvəllərə gedək, lap sovet dönəminə, sonra 1990-cı illərin birinci yarısına gələrik. Sovetlər birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Bu gün isə müstəqil dövlətimiz var. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, və s. kimi keyfiyyətləri qazanır. Lakin, baxaq görək, hazırda orta məktəblərimizdə hərbi dərslərin keyfiyyəti necədir? Bəlkə də kiminə görəsə yaxşıdır. Amma, öz təcrübəmdən və bu sahəni bilən ekspertlərlə söhbətimdən bu qənaətə gəlmişəm ki, bir çox məktəblərdə nəinki hərbi vətənpərvərlik öyrədilir, heç bunun üçün normal şərait də yoxdur.
Bu gün şəhərimizin küçələrində, ictimai nəqliyyatda əsgər görəndə heç də təəccüblə baxmırıq ona. Adi sıradan biri kimi görürük. Nə qədər arzuolunan olmasa da, bəzi vətəndaşlar onları aşağı səviyyədə görür. Bunların səbəbi heç də uzaqda deyil. 90-cı illərin əvvəllərində ölkənin iqtisadi durumu çox ağır idi. Cəbhə xəttində döyüşən əsgərlər qonşu kəndlərdən yeməyə çörək, geyməyə isə paltar “dilənirdilər”. O vaxt nə qədər uşaq olsam da, indi bunları xatırlayıram. Uşağın da beyninə həkk olan uzun müddət çıxmır. Elə buna görə də o vaxtdan əsgər və əsgər formasında olanlar cəmiyyətin gözündən düşdü. Söz yox ki, insanlar onları sevmirdilər, xeyr, hətta soyuqdan donmuş əsgərə evində sığınacaq verənlər də vardı. Burada bizi düşündürən psixoloji məqamlardır.
Yuxarıda “edənlər” dedim. Bu “edənlər” öz səylərini maksimum tətbiq etməlidirlər ki, indiki gənclər vətənpərvərliyi tam mənasıyla dərk edə bilsinlər. Götürək kino sahəsini və bunu qardaş Türkiyə ilə müqayisə edək. Bu gün Türkiyədə vətənpərvərliyi aşılayan çoxsaylı seriallar çəkilir və orada əsgərin dəyəri ən ali zirvəylə ölçülür. Buna baxan tamaşaçı əlbəttə ki, əsgər olmağa can atacaq.
Milli serialların çəkilməsi üçün ötən il dövlət büdcəsindən yerli telekanallarımıza 5 milyon manat vəsait ayrıldı. Teleşirkətlərin hər birinin hesabına 300 min manat vəsait köçürüldü. Hələ üstəlik, cari ilin sentyabrında əlavə maliyyə də verildi. Amma gəlin görək, bu vəsaitlə çəkilən və milli vətənpərvərliyi aşılayan neçə kinomuz var? Hansı kanalı açırsan əyləncə, gülüş, bayağılıq və s. Bunlar da olsun, amma bu gün bizim vətənpərvərliyə daha çox ehtiyacımız var.
Deyilənlərə rəğmən, Azərbaycan insanı vətənpərvərdir. Bunlar, tarixin sınaqlarında da özünü göstərib. Bu vətənpərvərlik isə mən deyərdim ki, millətimizə xas olan ilahi bir vergidir. Çünki, yuxarıda sadalanan bunca problemlərlə heç bir ölkədə bu hissləri aşılamaq mümkün deyil!

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000